Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-24 09:57:00
“Qarabağ məktəbi”nin müəllimi: “Son 3-4 ildə Polşaya gələn azərbaycanlıların sayında inanılmaz artım var”

Dünyanın bir çox ölkəsində yaşayan soydaşlarımız təhsil almaqla yanaşı, həmin ölkələrdə həm də təhsil verən ən yaxşı mütəxəssis olaraq çalışırlar.

Həmin azərbaycanlılardan biri də 14 ildir ki, Polşada yaşayan Səbinə Səlimzadədir.

 Polşanın paytaxtı Varşava şəhərində yaşayan Səbinə Səlimzadə Varşava Dövlət Universitetinin Tərcüməçilik fakultəsində təhsil alıb. 

“Polşanın Dövlət Sərhəd Xidməti tərəfindən tərcüməçi vəzifəsinə işə qəbul olmuşam. Artıq iki ildir ki, bu qurumda tərcüməçi işləyirəm. Dil biliklərim səbəbindən işə dəvət edildim. Müsahibədən keçdikdən sonra isə Polşa DSX-ində işə başladım.

Əsasən Polşadan deport alan və ya sənədlərində hər hansı problemi olan, həmçinin cinayət törətmiş azərbaycanlılar, türklər və digər rusdilli millətlər üçün tərcüməçilik edirəm”.

 Müsahibimizin sözlərinə görə, azərbaycanlıların üz tutduğu  xarici ölkələr arasında Polşa da var:

 “Deyərdim ki, xüsusilə son illərdə soydaşlarımızın Polşaya gəlmələrində aktivlik hiss edilir. Ümumiyyətlə, son 3-4 il ərzində Polşaya gələn azərbaycanlıların sayında inanılmaz artım var.

İnsanlarımızın Polşaya müraciət etmə səbəbi fərqlidir. Bəzi insanlar işləmək, bəzi insanlar isə təhsil almaq üçün kütləvi şəkildə Polşanı seçir. Bunun nəticəsi olaraq da Polşada çoxsaylı azərbaycanlılar toplaşdı və burada müxtəlif təşkilatlar yarandı”.

 Polşada yaranan təşkilatların artdığını deyən xanım müsahibimiz  bu sahədə Azərbaycanın dövlət dəstəyini xüsusilə də qeyd edib:

 “2019-cu ilin 13 oktyabrında Diasporla iş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradov və nümayəndə heyəti Varşavaya rəsmi səfər etmişdi.

Səfər zamanı Azərbaycanın Polşadakı səfiri cənab Həsən Həsənovun və səfirlik əməkdaşlarının da iştirakı ilə baş tutmuş tədbirdə "Polşa Azərbaycanlıları Koordinasiya Şurası" yaradıldı.

Müşahidələr onu deməyə əsas verir  ki, məhz bundan sonra soydaşlarımızın aktivliyi birə beş artdı. Koordinasiya Şurasının koordinatoru Rəsul Məmmədov Varşavada fəaliyyətə başlayacaq "Qarabağ məktəbi"nin direktoru seçildi.

Mən də həm dil biliklərim, həm də Azərbaycan və Polşa cəmiyyətinin  mentalitetlərindən məlumatlı olduğum üçün adıçəkilən məktəbdə müəllimlərdən biri seçildim. Əsas işimiz Polşada yaşayan azyaşlı həmvətənlərimizin Dilimizi, Vətənimizi unutmaması, tariximizi, dilimizi, mədəniyyətimizi bilməsi və burada təbliğ etməsi üçün çalışırıq.

Bütün planlarımız və hərəkətlərimiz bu istiqamətdədir. Eyni zamanda, qeyd etmək  istəyirəm ki, burada hazırda digər koordinator Xəlil Həsənovun təşəbbüsü və Diasporla iş üzrə Dövlət Komitəsinin, dövlətimizin dəstəyi ilə Polşada həmvətənlərimiz üçün tam ödənişsiz hüquqi yardım təklif edilir. Polşada yaşayan azərbaycanlılar bu xidmətdən kifayət qədər yararlanır”.

Səbinə Səlimzadə Qarabağ məsələsinin Polşada təbliğatı məsələsinə də toxunub:

 “Qarabağ məsələsini həm böyük tədbirlər, həm də kiçik işlərlə bütün gücümüzlə  maksimum dərəcədə polyak ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edirik.

Bu yöndə məktəbimizin adının “Qarabağ məktəbi” olması bir təbliğat vasitəsidir.

Qeyd edim ki, Avropada 4 ölkədə Qarabağ məktəbi fəaliyyət göstərir və sevindirici haldır ki, bunun biri də Varşava şəhərindədir. Bununla yanaşı 26 fevral Xocalı soyqırımı həmçinin digər önəmli tarixi hadisələrimizi həm səfirlik, həm Koordinasiya Şurası, həm də öz şəxsi təşəbbüsümüzlə polyak xalqına izah edir, onları məlumatlandırırıq”.(Modern.az)