Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-23 22:31:00
ADA Universiteti beynəlxalq sərgidə təmsil olunub

Qazaxıstanın paytaxtı Nur-Sultanda “Begin edu fair” beynəlxalq təhsil sərgisi keçirilib. Aparıcı ali təhsil müəssisələrinin, o cümlədən orta ixtisas təhsil müəssisələrinin və ixtisasartırma mərkəzlərinin nümayəndələrini bir araya gətirən sərgi hər kəsə xarici ölkədə həm ixtisas, həm də təhsil müəssisəsi seçmək üçün geniş imkan yaradan platformadır.

AzEdu.az  AZƏRTAC-a istinadən  xəbər verir ki, sərgidə Azərbaycan, Böyük Britaniya, Almaniya, Kanada, Latviya, Rusiya, ABŞ, Türkiyə, Çexiya, İsveçrə, Tailand və digər ölkələrin təhsil ocaqlarının nümayəndələri təmsil olunduqları müəssisələri təbliğ edirdi. Bu il sərgiyə 25 ölkədən 60 –dan çox ali təhsil ocağı və özəl məktəblər qatılmışdı.

Sərgidə Azərbaycanı təmsil edən ADA Universitetinin nümayəndəsi Aytəkin Hüseynova ziyarətçilərə ölkəmiz və universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, ADA Universiteti müasir təhsil standartlarını əsas tutaraq qabaqcıl dünya təcrübəsini tətbiq edir, innovativ və qlobal dünyagörüşünə malik kadrlar hazırlayır. Universitet, həmçinin dünyanın müxtəlif nüfuzlu ali məktəbləri ilə mübadilə proqramları həyata keçirir.

Ziyarətçilərə universiteti daha yaxından tanımaq üçün jurnal və broşürlər paylanıb.
Qeyd edək ki, ADA Universiteti Nur-Sultanda keçirilən “Begin edu fair” beynəlxalq sərgisində artıq ikinci dəfədir iştirak edir.

Sərgidə ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim edilib. Seçilmiş ölkə və təhsil müəssisələri üzrə fərdi konsultasiya almaq və TOEFL, GMAT, IELTS imtahanlarına hazırlıq üzrə məsləhətləşmələr aparılıb.