Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-23 16:00:00
Avstraliya təhsil sisteminə ümumi baxış

Avstraliya təhsil səviyyəsinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. PISA qiymətləndirməsinə görə yaşıl qitə təmsilçisi 56 ölkə içərisində 9-cu yerdə qərarlaşıb.

AzEdu.az Avstraliyanın mükəmməl təhsil quruluşu haqqında faktları təqdim edir:

Təhsil səviyyəsinə görə dünyanın ən qabaqcıl ölkələrindən olan Avstraliyada təhsil sistemi əyalət və bölgələrə görə dəyişir.

Burada icbari təhsil 6 yaşından başlayır, 16 yaşına kimi davam edir. Ancaq Tazmaniya əyalətində isə uşaqlar 5 yaşından etibarən məktəbə gedirlər.

Məktəblər dövlət və özəl olmaqla 2 qrupa ayrılır. Avstraliyalı şagirdlərin 60%-i dövlət, qalan 40%-i isə özəl məktəblərdə  təhsil alır. Şagirdlərin evdə oxumaq imkanı da var.

Avstraliyada məktəb öncəsi hazırlıq dərslərinə getmək məcburi deyil.

Yaşıl qitədə uşaqlara 3-cü sinfə kimi oxumaq, yazmaq vərdişləri və ilkin riyazi bacarıqlar öyrədilir.

Əsasən, ibtidai məktəblərdə ingilis dili və riyazi biliklərə yiyələnən avstraliyalı şagirdlərə sağlamlıq və məişətlə bağlı biliklər də tədris olunur. Burada əsas məqsəd uşaqların sosial bacarıqlarını inkişaf etdirməkdir.

3-cü sinifdən 6-cı sinfə kimi məktəblilərə, demək olar ki, eyni fənlər keçirilir.

Şagirdlər yuxarı – 9-10-11-ci siniflərdə isə öz istədikləri ixtisasa uyğun dərs seçmək imkanına malikdirlər. Belə ki, avstraliyalı şagirdlər artıq məktəb vaxtlarında ixtisas bacarıqlarına yiyələnir, təcrübə əldə edirlər.

Avstraliyada təhsil ödənişsizdir, məktəb dərslikləri şagirdlərə pulsuz olaraq paylanılır.

Burada məktəb forması geyinmək məcburidir. Özəl məktəblərdə isə vəziyyət fərqlidir, uşaqlar geyim mövzusunda sərbəstdirlər.

Avstraliyada məktəblər yanvar ayında başlayır. Bu ölkədə yeni ilin başlanğıcı, həm də tədris ilinin başlanğıcı hesab olunur.

Dünya standartlarına uyğun təhsil sistemi olan Avstraliyada tədris dili ingiliscədir

Bir çox ölkələrdə olduğu kimi, burada da şagirdlər “dərsi dərsdə” öyrənirlər. Müəllimlər uşaqların məktəbdən kənar vaxtlarını daha əyləncəli keçirmələrinə şərait yaradırlar.