Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-23 14:15:00
10 yaşlı filosof Atakan və ona dəli deyən “ağıllılar”

“İnanmaqla bilmək eyni şey deyil. İnanmaq sübutsuz olana bağlanmaqdır.”

“Həyatın boyu sorğu-sual etməlisən. Bunu sənin üçün ən doğru olanı tapana qədər davam etməlisən.”

Bu və bunun kimi bir çox analiz və fikirlərin müəllifi Atakandı. O, Türkiyənin İstanbul şəhərində yaşayır. Cəmi 10 yaşı var. 5 aya 250 kitab oxuduğunu deyir. Sokratdan Corc Oruellə qədər...

İki-üç gündür bizim camaatın da bu uşaq haqqında fikirlərinə baxıram. Müsbət fikirlər öz yerində. Amma nə qədər nifrət dolu fikirlər, yanaşmalar var. Adam dəhşətə gəlir. Hətta bəziləri, gülməli də olsa, onu “Dəccal” da elan edib. Bu fikirlərin bir mənbəyi Türkiyədəki cahil yanaşmalar olsa da, bir hissəsi elə özümüzün də hansı vəziyyətdə olmasının göstəricisidir.

Dünən Atakanla bağlı müzakirələrdə belə bir fikir gördüm: “Kütləvi formada bizim cəmiyyətdə uşağa, gəncə qarşı nifrət var.” Əslində, bu cümlədəki sadə bir fikir deyil. Bunu düşünməliyik. Niyə uşaqların, gənclərin yaşca böyüklərdən çox bilməsinə dözümsüz yanaşırıq?

Yəni bu insanlar heç bir halda öz qürurlarına sığışdırmırlar ki, 10 yaşlı bir uşaq onlardan daha çox bilə bilər. Nəinki çox bilir, hətta kifayət qədər özünü gözəl ifadə də edir. Yeri gələndə o böyüklərin bir çoxuna mikrofon uzadanda iki cümləni birləşdirib aydın fikir deyə bilmir.

“Əlimə planşet tutuşdurub onunlamı oynadacaqsınız?”

Atakan onun haqqında “uşaqdır, oyun oynamalıdır” kimi fikir bildirənlərə belə cavab verir.

Və ardınca əlavə edir ki, onların mənim şəxsi həyatıma qarışması yaxşı bir şey deyil.

Təbii ki, mən özüm də bir müəllim kimi əyləncəli tədrisin tərəfdarıyam. Uşaqların əylənmə istəyi təbiidir. Amma dahi insanlar heç də hamı kimi eyni olmur. Əgər bu uşaq üçün əyləncə və xoşbəxt olmaq kitab oxumaq, araşdırma ilə olursa, onu anlamaq çətin olmamalıdır.

Müasir təhsildə hər bir şagird üçün bərabər imkanların yaradılması anlayışı var; yəni hər kəsin bacarıqlarına, istəyinə uyğun tədrisin təşkili; xüsusi isteadlı uşaqları anlamaq və onlar üçün xüsusi şərait yaratmaq lazımdır və bu, bir tələbdir.

Əslində, kitab az oxuyan türk cəmiyyəti, elə bizim cəmiyyət üçün də belə insanlar əla rol model olmalıdır və təbliğ olunmalıdır.

Müasir təhsil demişkən, Atakanın maraqlı bir fikri də var: “Öyrənməyi öyrənin”. Bu anlayış, bu ifadə tam olaraq müasir təhsil sisteminin hədəflərindən biridir. Bunu hələ də anlamayan, tətbiq edə bilməyən minlərlə müəllim var ikən 10 yaşlı uşaq bunun fərqinə varır.

Atakanın çox maraqlı bir iddiası da var. Deyir ki, motivasiya olmamalıdır.

Nümunə olaraq göstərir ki, bir yanğınsöndürəni motivasiya edib böyük bir yanğınını içinə atsanız qorxub qaçacaq. Motivasiya əvəzinə isə ona öyrətmək lazımdır. Motivasiya insanları boş yerə cəsarətləndirir və insanlar o qarmaqarışıqlığı görüncə qaçırlar. Bu olduqca maraqlı və böyük müzakirəyə ehtiyacı olan mövzudur. Mən özüm motivasiyanın vacibliyini həmişə deyirəm. Birmənalı şəkildə bu fikri qəbul etməsəm də, motivasiyanın həddən artıq olanda insanları boş yerə cəsarətləndirdiyi fikri ilə də razıyam. Motivasiya reallıqla taraz şəkildə olmalıdır.

Bütün bunlar onun analizlərindən sadəcə bir neçəsidir. Və kifayət qədər belə analizləri olan bir uşağa bəziləri qayıdıb deyir ki, o əzbərçidir və əzbərləyib danışır.

Biz adətən öyrəşmişik ki, uşaq böyüklərdən az bilsin və biz böyüklər onların yanında özümüzü ağıllı göstərə bilək. Beləcə böyüklərdən daha ağıllı bir uşağı qəbul etmək hər kəsin üçün rahat iş olmur...

Ona nifrət püskürdən yanaşmaları bir qırağa qoyub, onun oxuduğu kitablar, dediyi fikirlər və analizlərinə baxaq və özümüzə bu sualı verək: Bu gün neçə uşağımız özünü belə rahat ifadə edə bilir?

 

 Mediapost. az

Həbib Əlizadə