Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-22 15:17:00
Azərbaycan kinosunun 10 ən yaxşı müəllimi- FOTOLAR
 
AzEdu.az Azərbaycan kinosunun 10 ən yaxşı müəllimini təqdim edir. Qeyd edək ki, seçim və sıralama şərtidir. Təbii ki, onlardan başqa da kinomuzda dəyərli müəllim obrazları var:
 
10- Uçitel Həsənov (“Qəm pəncərəsi”)- Xalq yazıçısı Anarın 1986-cı ildə çəkdiyi “Qəm pəncərəsi” filmi Mirzə Cəlil Məmmədquluzadə haqqında ən yaxşı mənbələrdən biri hesab olunur. Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” və “Danabaş kəndinin məktəbi” əsərləri əsnasında çəkilən filmdə müəllim  bir o qədər də müsbət obraz deyil. O, insanların maariflənməsinə can yandırsa da, onları savadsızlığına görə çox tənqid edir.  Bəzi hallarda, onlara yuxarıdan aşağı baxır. Lakin bir səhnə var ki, orada “uçitel”in portreti tam açılır. O, onu ələ salan kəndilərə əsəbləşərək, yuxarıya şikayət ərizəsi yazır. Daha sonra ən böyük günahları savadsızlığı olan bu kəndlilərə bir növ, rəhmi gəlir və ərizəni cırır. Bu epizod müəllim obrazını əlavə dəyərə mindirir:
 
 
9- Səyyad müəllim ( "Tənha narın nağılı")- 1984-cü ildə çəkilən bu filmdə əvəzedilməz sənətkar Həsən Əblucun yaratdığı Səyyad müəllim obrazı müharibənin sanki bütün ağrılarını öz çiyinlərində daşıyır. O, II Dünya Müharibəsində yaralanaraq, arxa cəbhəyə göndərilib. Burada isə məktəbdə çalışır. Atası müharibədə olan uşaqlara xüsusi simpatiyası var.  Başda əsas qəhrəman Sadıq olmaqla onları müdafiə də edir... Şəxsi həyatı olmayan bu müəllim öz sevgisini deməkdə  də aciz qalır:
 
 
8-"Dolu" filmindəki müəllim- 2012-ci ildə çəkilən "Dolu" filmində xalq artisti Şamil Süleymanlının yaratdığı müəllim obrazı öz xarakterinə görə seçilir. O, hər an səngərdə, könüllülərin olduğu hərbi hissədədir. Bir zamanlar dərs dediyi, sonradan isə könüllü əsgər kimi səngərdə döyüşən şagirdlərini orada da tək buraxmır. Filmin sonunda qumbaraatanla düşmən texnikasını partladır. Tərif eşidəndən sonra, səngərdəki əsgərə "Kimin sinfindənsən ə?" deməsi onun döyüşçülərə indi də sevimli şagirdləri kimi baxdığını göstərir:
 
 
7-Doktor Kipiani ( "Dəli Kür") - Azərbaycan maarifçilik tarixinin ilkin illərindən bəhs edən filmdə Müxlis Canızadənin yaratdığı Doktor Kipiani obrazı müəllim peşəsinin nə dərəcədə şərəfli olmasına bir sübutdur. O, maarifçi çıxışlarına görə bir dəfə Sibirə sürgün olunub. Lakin Qoridə yenidən keçmişinə görə Kipianini təqib edirlər. Son epizodlarda Qori Seminariyasının şagirdləri Kipianini qorumaq üçün çar zabitlərinə də qarşı gəlməkdən çəkinmirlər:
 
 
6-Rus Əhməd- ("Dəli Kür")- Kipianinin köhnə dostu və ideya, məslək sirdaşıdır. O, müsəlmanların arasındakı tək-tük mütərəqqi ziyalılardan biridir.  Amma dövrün diktəsi ilə ona qarşı fikirlər birmənalı olmur. Rus Əhməd hər zaman qınaq və təqib obyektidir. Amma bu, onu qorxutmur. Onu yalnız müsəlman gənclərinin maariflənməsi maraqlandırır:
 
 
5- Mirzə Şəfi Vazeh - ("Sübhün səfiri")- 2012-ci ildə rejissor Ramiz Həsənoğlunun çəkdiyi film böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə haqqındadır. Bildiyimiz kimi, Mirzə Şəfi Vazeh Axundovun əsas müəllimi olub və onu ruhanilikdən elm yoluna istiqamətləndirib. Həmin filmdə də Şəfinin gənc Fətəliyə məsləhətləri ön plana çıxarılır. Əgər o, olmasaydı, bəlkə də, Axundov dühası yetişməyəcəkdi. Filmdə Mirzə Şəfi Vazehi Ayşad Məmmədov canlandırır;
 
 
4-Fəzlullah Nəimi ("Nəsimi")- Böyük filosof-şair Nəsimidən bəhs edən eyniadlı filmdə onun müəllimi olan Nəimini İsmayıl Osmanlı canlandırır. Nəimi filmdə bəlkə də, Nəsimi qədər əsas obrazdır. Çünki Nəsimini Nəsimi zirvəsinə yüksəldən məhz onun hürufilik barəsində fikirləridir. İnsanın ən böyük düşməni kimi nadanlığı görən Nəimi Azərbaycan kinosunda ən böyük müəllimlərdən biridir:
 
 
3-Kərim müəllim ("Otel otağı")- Anarın eyniadlı povestinin ssenarisi əsasında çəkilən filmdə Fəxrəddin Manafov peşəkar, vicdanlı, əxlaq və abır mücəssəməsi olan Kərim müəllim obrazını yaradır. Amma dövran əvvəlki dövran deyil. Kərim müəllimi məhz sahib olduğu müsbət keyfiyyətlər axırına çıxır. Özü də otel otağında...
 
 
2-Mustafa müəllim- ("Həm ziyarət, həm ticarət")-  1995-ci ildə rejissor Rasim Ocaqovun çəkdiyi film Hacı İsmayılovu bütün Azərbaycana daha da tanıtdı. Saf, əqidəli, peşəsini sevən bir müəllim olan Mustafa kələkbazlar dünyasından xəbərsizdir. Onu qürbətdə öz həmyerlisi aldadır. Həm ziyarət, həm ticarət üçün başqa ölkəyə yollanan Mustafa müəllim əslində, bu aldanışlarla hansı zirvədə olduğunu bir daha tamaşaçılara sübut edir:
 
 
1-Cəbiş müəllim- ("Bizim Cəbiş müəllim")- Nə bu film haqqında, nə də Cəbiş müəllim haqqında çox danışmağa dəyməz. Təsadüfi deyil ki, sıralamada Cəbiş müəllimi birinci seçmişik. Məncə, bu, belə də olmalıdır. Süleyman Ələsgərovun ustalıqla yaratdığı  Cəbiş müəllim bütün vicdanlı müəllimlərin simasına çevrilib. Dar gündə sabunları satmayaraq, əsgərlərə paylaması müəllim kinomuzda peşəsinin ən böyük qələbəsidir.