Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-22 16:52:00
Alimlər: Suda-quruda yaşayanlar arasında epidemiya tropik ərazilərdə ilanların azalmasına səbəb olub

Amerika alimləri aşkar ediblər ki, "Batrachochytrium dendrobatidis" (Bd) göbələk epidemiyası ilə əlaqədar qurbağa və digər amfibiyaların kütləvi şəkildə məhv olması tropik ərazilərdə ilanların sayının və növ müxtəlifliyinin azalmasına gətirib çıxarıb. Bu barədə məqalə "Science" jurnalında dərc edilib.

AzEdu.az xəbər verir  ki, məqalənin müəlliflərindən biri, Merilend Universitetinin (ABŞ) professoru Karen Lipsin sözlərinə görə, qurbağalar yoxa çıxandan sonra ilanlar dəstəsində kəskin dəyişiklik baş verib. Onların növ müxtəlifliyi və sayı azalıb. İlanların görkəmindən onların çox ac qaldıqları görünürdü.

"Batrachochytrium dendrobatidis" Afrika göbələyinin yaratdığı xitridiomikoz xəstəliyi bu gün Yer üzündə bütün amfibiyaların mövcudluğu üçün böyük təhlükədir. İlk dəfə alimlər bu epidemiyanın yayılması barədə 1998-ci ildə məlumat veriblər. Həmin vaxtdan bəri Bd xəstəliyinin qeydə alındığı 87 ölkədə epidemiya 90 növ suda-quruda yaşayanı, milyonlarla qurbağanı və qurbağakimiləri məhv edib. Epidemiya yayıldığı yeni regionda ona yoluxan suda-quruda yaşayanların təxminən yarısını qısa müddətdə məhv edir. Yoluxma mexanizmi məlum deyil. Alimlərin fikrincə, bu göbələk xərçənglər və digər onurğasızlar vasitəsilə yayılır.

Tədqiqatçılar Panamanın El-Kope milli parkında (bu əraziyə epidemiya 2004-cü ildə çatıb) ilanların növ müxtəlifliyini və sayını tədqiq edərək Bd epidemiyasının yayılmasında yeni nəticələr aşkarlayıblar. Onlar, həmçinin 1998-2010-cu illər arasında ilanların sayı ilə bağlı müqayisələr aparanda məlum olub ki, Panamada ən geniş yayılmış növlər əhəmiyyətli dərəcədə azalıb. Eləcə də Bd epidemiyasından sonra ilanların nadir növləri meşələrdə gözə dəyməyib. Lakin alimlər nadir ilanların məhv olduğunu və ya gözə dəymədiyini dəqiq söyləyə bilmirlər.

 

Alimlər digər tropik ərazilərdə və ekvatora yaxın en dairələrində də bənzər dəyişikliklərin baş verdiyini, yəni son illər ilanların və digər bionövlərin sayının azaldığını qeyd edirlər. Onların fikrincə, müvafiq istiqamətdə tədqiqatların davam etdirilməsi epidemiyanın qarşısını alıb-almamağın mümkünlüyünü başa düşməyə və ona qarşı mübarizə aparmağa kömək edəcək.