Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-22 15:02:00
Tələbələrin təcrübə müddəti başlayıbmı?-Universitetlərlə sorğu

Fevral ayının 17-dən etibarən universitetlər yeni tədris ilinə start veriblər. Bir çox ali təhsil müəssisələrinin 4-cü kurs bakalavr və 2-ci kurs magistraturasında təhsil alan tələbələr  son aylarını təcrübə prosesində keçirəcəklər. Lakin bəzi universitetlərdə hələ də praktika müddəti başlamayıb.

AzEdu.az universitetlərin mətbuat xidmətlərindən təcrübə müddətinin başlaması ilə bağlı məlumat əldə edib.

Bakı Dövlət Universitetindən verilən məlumata görə təhsil müəssisəsində  praktika müddəti fevral ayının 17-dən başlayıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri  Nəcibə Mirzəyeva qeyd edib ki, istehsalat təcrübəsi 17 fevraldan başlayır, mayın 25-nə qədər isə davam edəcək.

“Bu tədris ilində 1800-ə yaxın tələbəmiz təcrübəyə gedəcək. Onlardan 1430-u bakalavr, 233-ü magistr, 65-i qiyabi təhsil alan tələbələrdir. 37 nəfər də SABAH qruplarında oxuyanlardır”.

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova  vurğulayıb ki, praktika müddəti  fevralın 17-dən başlayıb və 14 həftə davam edəcək.

Bakı Mühəndislik Universitetinin  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verir ki,   təcrübə proqramı 17 fevral 2020-ci il tarixində başlayıb, 24 mayda isə yekunlaşacaq.

“303 nəfər tələbə pedaqoji, 516 tələbə istehsalat təcrübəsinə göndərilib”.

Azərbaycan Universitetinin mətbuat katibi Lalə Dilanova qeyd edib ki, IV kurs tələbələri  istehsalat təcrübəsinə başlayıblar.

“Biznes və iqtisadiyyat, Humanitar fənlər və İnformasiya-kommunikasiya texnologiyaları fakültələrində 11  ixtisas üzrə təhsil alan 171 tələbə müxtəlif qurumlarda təcrübə keçəcəklər.

6 ixtisas üzrə 35 magistratura tələbəsi 9 təcrübə rəhbərinin nəzarəti altında 4 həftə elmi-tədqiqat təcrübəsində olacaqlar”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları