Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-21 16:13:00
Gənc alimlərin əməkhaqqına əlavələr veriləcək

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına uyğun olaraq AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yaşı 35-dən çox olmayan alim və tədqiqatçıların əməkhaqqına büdcədənkənar vəsaitlər hesabına əlavələr müəyyən edilməsi üçün müsabiqə keçirilib.

Müsabiqədə 82 əməkdaş iştirak edib. İştirakçıların hər biri 5 dəqiqəlik çıxış edib. Müsabiqə elmi şurada gizli səsvermə yolu ilə keçirilib. Çıxışlar 10 ballıq sistemlə qiymətləndirilib.

İştirakçılardan 12-si 9-9,8 bal, 25-i 8-8,8 bal, 45-i isə 5-7,9 bal qazanıb.

Elmi şuranın qərarı ilə 9-9,8 bal qazananların hər birinə ayda 100 manat, 8-8,8 arasında bal toplayanlara 50, 5-7,9 bal qazananların hər birinə isə 30 manat büdcədənkənar vəsait hesabına əlavə əməkhaqqı verilməsi haqqında qərar qəbul edilib. Qərara əsasən əməkhaqqına əlavələrin verilməsi martın 1-dən hesablanacaq.

Qeyd edək ki, müvafiq sərəncam AMEA-da istedadlı gənc alimləri daha yüksəksəviyyəli elmi tədqiqatlar aparmağa həvəsləndirmək, onların elmi fəaliyyətini daha da stimullaşdırmaq məqsədi daşıyır.