Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-21 09:57:00
Yolda yaranan PROBLEMLƏRƏ SON – Tələbələr unikal layihə üzərində işləyir

Qərb Universitetinin tələbələri sürücülərə xitab edən sistem üzərində işləyirlər. Gənc startapçılar Rauf Rəhimli və İsmayıl Əlizadə sürücüləri yolda yaranan problemlərdən azad etmək niyyətindədilər.

 “Layihəmizin adı “Yol”dur. “Yol” layihəsi tətbiqdir. Tətbiq Android və iOS təminatlı telefonlarda, həm də kompüterlərdə mövcud olacaq. Yollarla bağlı bir sıra problemləri həll etmək üçün belə bir layihə düşünüb ortaya çıxarmışıq”, – bunu  açıqlamasında Rauf Rəhimli deyib.

 İsmayıl Əlizadə bildirib ki, layihənin əsas hədəfi sürücülərin yollarda yaratdığı problemləri aradan qaldırmaqdır: “Bu layihə vasitəsilə əsas problemlərdən biri olan səhv parkinq məsələsini həll edəcəyik. Məsələn, maşınınızı yol qırağında saxlamısınız, sizdən sonra gələn sürücü avtomobilini çıxmağınıza maneə olacaq şəkildə saxlayıb və siz çıxa bilmirsiniz. Bu hal baş verdikdə nə etməlisiniz? Vaxtınızın böyük hissəsini itirərək həmin avtomobilin sahibini tapmalısınız. Layihəmiz isə məhz bu problemi aradan qaldırmaq üçündür. Düşündüyümüz tətbiqin iş prinsipi maşının nömrəsi vasitəsilə sürücü ilə birbaşa əlaqə qurma imkanı yaratmaqdan ibarətdir. İstifadəçi tətbiqə daxil olaraq əlaqə saxlamaq istədiyi sürücünün maşının nömrəsini skan edə, həmçinin sürücüyə zəng edə və ya sms göndərə biləcək”.

İsmayıl Əlizadə layihənin informasiya təhlükəsizliyi sistemi barədə məlumat verib: “Belə bir layihənin həyata keçirilməsi şəxsi məlumatların sızmasına səbəb ola bilərmi? İnformasiya təhlükəsizliyini təmin etmək üçün Asan Xidmətə müraciət etmək istəyirik. Sadaladığımız proseslər Asan Xidmətlə olan əmakdaşlığımız sayəsində olacaq. Sürücülər Asan Xidmətin vasitəçiliyi ilə bir-birləri ilə heç bir məxfilik pozuntusu olmadan əlaqə saxlaya biləcəklər”.

“Eyni zamanda bu layihə yollarda olan qanun pozuntularının da qarşısını almaq üçün istifadə oluna bilər. Hansısa sürücü yolda başqa bir sürücünün qanun pozuntusunu müşahidə etmiş olsa, bunu birbaşa həmin insanın idarə etdiyi avtomobilin nömrəsini tətbiqdə qeyd edərək post patrula bildirə biləcək. Layihənin bu məqamını Bakı Nəqliyyat Agentliyi ilə olan əməkdaşlığımız sayəsində təmin edəcəyik. İdeyamızın yol hərəkəti qaydaları pozuntularının unikal həll yolu olacağına inanırıq. Bunlardan əlavə, sürücülər tətbiqimizdə olan naviqator sayəsində tıxac olan yolları və ən əsası da bağlanmış yol və prospektlər barədə xəbər ala biləcəklər. Tətbiqdə həm də bir sıra yol xidmətləri yer alacaq. Bu tətbiqin sırf sürücülər üçün olan sosial platforma, kommunikasiya vasitəsi olmasını istəyirik”, – deyə Rauf Rəhimli qeyd edib. (Ted.az)