Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-20 14:57:00
Aşqarlar Kimyası İnstitutu iqtisadiyyata töhfə verən tətbiqi işləri genişləndirəcək

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) “Aşqar” Elmi İstehsalat Birliyi AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidentliyinə qəbul edilib.

İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev AzEdu.az-a bildirib ki, bu qərar YT Parkın Ekspertlər şurasının iclasında verilib.

Akademik məlumat verib ki, “Aşqar” Elmi İstehsalat Birliyi institutun elmi tədqiqat işlərinin sənayeyə tətbiqi üçün proseslərin texnologiyasının işlənib başa çatdırılması və yeni yaradılan aşqarların, sürtkülərin, sürtkü yağlarının və s. məhsulların təcrübi-sənaye miqyasında istehsalının həyata keçirilməsi işlərini yerinə yetirir. YT Parkın bu qərarından sonra institut tətbiqi işlərinin miqyasını daha da genişləndirəcək.

Akademik Vaqif Fərzəliyev diqqətə çatdırıb ki, AKİ-nin alimləri tərəfindən yaradılan yüksək texnologiyalı məhsul olan yüksək parafinli neftlərin donma temperaturunu aşağı salmaqla onların boru kəmərləri ilə uzaq məsafələrə nəql edilməsini təmin edən yeni növ aşqar – “Depressator AKİ” “Aşqar” Elmi İstehsalat Birliyində hazırlanıb və bu aşqar hazırda Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərində müvəffəqiyyətlə istifadə edilir. Akademik qeyd edib ki, “Depressator AKİ” aşqarı institut tərəfindən vaxtaşırı müəllif nəzarətindən keçirilir.