Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-20 14:46:00
“Ali Attestasiya Komissiyasında 2500-ə yaxın elmi işə baxılıb”

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib.

 Görüşdə Akademiya rəhbərliyi, AMEA-nın elmi müəssisə və təşkilatlarının elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya şuralarının sədrləri və elmi katibləri iştirak edib.

 AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Ali Attestasiya Komissiyasının yeni rəhbərliyinin fəaliyyətinə toxunub, komissiyanın işinin möhkəmləndirilməsi və nüfuzunun artırılması istiqamətində Prezident sərəncamı ilə görülən işlərdən, bu sahədə tətbiq olunan yeniliklərdən danışıb.

 Famil Mustafayev rəhbərlik etdiyi müddət ərzində komissiyada 2500-ə yaxın elmi işə baxıldığı, bunun əsasında aparılan müşahidələrlə prosedur qaydalar, normativ sənədlər və mexanizmlərin yeniləndiyini diqqətə çatdırıb. Elmi dərəcə və elmi adların verilməsi prosesindən söz açan sədr yenilənən normativ sənədlər, əlavə və dəyişiklik edilən qaydalar, dövri elmi nəşrlər barədə də məlumat verib. F.Mustafayev elmi dərəcələrin verilməsində Rusiya, Belarusiya, Qazaxıstan, Ukrayna, o cümlədən Avropa ölkələrinin təcrübəsindən  yararlandıqlarını  bildirib.

 Görüşdə məqalələrin, konfrans, konqres və simpoziumla bağlı tələblərin sayının azalmasını  vurğulayan F.Mustafayev dissertasiya işlərinin tərtibi, həcmi, təqdim olunma müddəti, Dissertasiya şuralarının səsvermə qaydaları, səlahiyyət müddəti, xaricə göndərilən avtoreferatların yazılma dili, seminarlar, plagiat baş verən hallarda tətbiq olunan qaydalarla əlaqədar tətbiq edilən yeniliklər və dəyişiklikləri diqqətə çatdırıb.

 Sonda AMEA əməkdaşları və Dissertasiya şuralarının sədrləri, elmi katibləri tərəfindən səsləndirilən suallar cavablandırılıb.