Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-20 13:09:00
Bir fotoyla məşhurlaşıb, nazirliyə dəvət olunan müəllim: “Bu problem aradan qaldırıldı”

Ötən gün Yardımlı rayonunun Dəlləkli kənd məktəbinin ibtidai sinif  müəllimi Nəcəf Məhərrəmov Təhsil Nazirliyində olub.

O, Təhsil nazirinin müşaviri Elnur Məmmədov və  nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla görüşüb.

Xatırladaq ki, Dəlləkli kəndin ümumi orta məktəbində çalışan ibtidai sinif müəllimi Nəcəf Məhərrəmovun  qar yağdığına görə şagirdlərini özü məktəbə apararkən fotosu yayılmışdı. Foto qısa zamanda sosial şəbəkələrin trendinə çevrilməyi bacarmışdı.

Nəcəf müəllim şagirdlərindən öndə gedərək onlara yol açıb və uşaqları məktəbə aparıb. Hətta şagirdlərinin çantasını da daşıyaraq onlara yardımçı olub. Qısa müddət ərzində şəkil sosial şəbəkə izləyicilərinin rəğbətini qazanıb.   

 Nəcəf müəllim görüşün  təəssüratlarını AzEdu.az-la bölüşüşüb və Təhsil Nazirliyinin nümayəndələrinə dərin təşəkkürünü bildirib:

“Söhbətimizə ümumi təhsil haqqında formalaşan fikirlərlə başladıq. Dəlləkli kənd məktəbi və onun tikilmə tarixindən söz açdıq.  Uşaqların qarlı və şaxtalı havada dərsə gəlməsi ilə bağlı fikir mübadiləsi apardıq. Diskusiyamız çox səmimi və yaxşı  keçdi”.

İbtidai sinif müəllimi söhbət əsnasında qızların təhsilə olan davamlılığından da söz açıb:

“Cənub bölgəsində qızların təhsil alması ilə bağlı problemlər yaşanırdı. Onların bu addımı atmasının əsas səbəbi erkən nikah amili olub. Lakin bu tip problemlərin qarşısı artıq alınmaqdadır. Ötən il Yardımlı rayon Dəlləkli kənd tam orta məktəbindən 3 qız şagird kolleclərə qəbul olunub. Həmçinin, 2018-ci ildə də iki qız şagird bu uğura imza atıb. Son zamanlar rayonumuzda qızların oxumasını müsbət hal kimi qiymətləndirirlər. Erkən nikahların sayında isə azalma müşahidə olunur. Əvvəllər bu tip hallar tez-tez baş verərdi. Lakin  6 ildə bu  hadisələrə nadir hallarda rast gəlmək olar. İndi rayonumuzda qızların oxuma səviyyəsi oğlanlardan daha yüksəkdir. Bu mövzu ətrafında çoxlu fikir mübadiləsi apardıq”.

Nəcəf Məhərrəmov nazirliyin məktəblərində olan problemlərlə də mütəmadi maraqlandıqlarını qeyd edib:

“Məktəbimizdə istilik sistemi yerindədir. Şagirdlərin dərsə davamiyyəti isə yüksək səviyyədədir. Məktəbimiz 2006-cı ildə Heydər Əliyev Fondu tərəfindən tikilib. Təhsil ocağı hər bir şəraitlə təmin olunub. Onun 40 metr uzunluğu var və 2 mərtəbədən ibarətdir. Məktəbimizdə yaradılan bu vəziyyətdən olduqca razıyam. Müəllim və şagird kollektivi üçün hər çür şərait yaradılıb”.

Təhsil nazirinin müşaviri Elnur Məmmədov da müəllimə tövsiyələr verib.

“Elnur müəllim bizə müəyyən tövsiyyələr verdi; qızların təhsilinə xüsusilə diqqət yetirməli olduğumuzu bildirdi.  Bu və başqa məsələlərlə bağlı məsləhətlər verdi ki, onları  müsbət şəkildə qəbul etdim. Elnur müəllimin dediklərini direktorumuz və Təhsil Şöbəsinin rəhbərinə çatdıracağam və bu istiqamətdə  tədbirlərə başlayacayıq”.

Müəllim həmçinin,  qeyd edib ki, məktəblərində olan təhsil işçilərinin çoxu diaqnostik qiymətləndirmədən keçib və  onlar şagirdlərə yüksək təhsil verəcək səviyyədədir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları