Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-20 11:18:00
"Qiymətləndirmə təcili dəyişdirilməlidir, kurikulum alayarımçıqdır" - Təhsil işçisindən sərt etiraz

“Kurikulumun ləğvi etməyi tələb edənlər ona alternativ nə təklif edirlər?  Diqqət edin, təhsil proqramı (kurikulum)- təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun stabdartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir. Yəni qanundanda göründüyü kimi kurikulum təhsil proqramıdır. Proqramı necə ləğv etmək olar?  Onda necə işləyəcəyik? Yəni, türklər demiş mənasız “tartışmadır”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Quba Rayon Təhsil şöbəsinin nümayəndəsi Qələmşah Dostuyev deyib. O, qeyd edib ki, sadəcə, proqramı təkmilləşdirmək daha doğru olar:

“Proqramı təkmilləşdirmək lazımdır.  Məsələn, qiymətləndirmədən başlamaq olar. Hazırkı qiymətləndirmə kifayət qədər problemlidir. Qiymətləndirməni təcili dəyişmək lazımdır. Bu qiymətləndirmə deyil.  Təklif edirəm ki, hər 4-8 dərsdən sonra bir dərs yalnız qiymətləndirməyə sərf olunsun.  Amma yazılı deyil,  şifahi formada aparılsın, yəni sual-cavab şəklində...  Yarım ilin sonunda isə 5 tapşırıqdan ibarət  açıq tipli suallar formasında yazılı imtahan keçirilsin. Nəticələr isə bu cür hesablansın: Gündəlik dərsdə və fəallığına görə -20 bal; aylıq qiymətləndirməyə görə-30 bal; yarımil imtahan nəticələrinə görə -50 bal -  cəmi: 100 bal

Həmçinin,  həftəlik dərs saatlarının miqdarında dəyişiklik etmək olar. Xüsusilə, Azərbaycan dili və ədəbiyyat üçün həddindən artıq dərs saatı ayrılıb”.

Onun sözlərinə görə mövcud proqram (kurikulum) bizim müəllimlər üçün çox ağırdır və onların hazırlıq səviyyəsinə uyğun deyil:

“Müəllimlər proqramın tələblərinə cavab verə bilmirlər və hədəfə çatmırlar. Bəlkə,  3-5 faiz müəllim var ki, proqrama, standartlara uyğun təlimi təşkil edə bilir.  Mövcud kurikulumun belə bir alayarımçıq səviyyəyə gəlməsinin əsas səbəblərindən biri də Dövlət İmtahan Mərkəzidir.  DİM uzun müddət əzbərçi xarakterli testlər təklif etməklə proqrama   böyük zərbə vurdu və proqram öz mahiyyətindən kənara çıxdı.  Çünki təhsil alanların əsas hədəfi səriştəyə əsaslanan bilgi yox, ali məktəblərə qəbul olmaq üçün  DİM-in tələbləri ilə özlərini uzlaşdırmağa məcbur qaldılar. Proqrama uyğun yekun qiymətləndirmə aparılmalıdır.  Yəni problem elə də sadə və asan deyil.

“Ləğv elə getsin, vəssalam, çıxdıq düzə” –belə bir şey yoxdur. Problemi tam olaraq kurikulumda axtarmaq lazım deyil.  Sadəcə proqram tam hazır olmadığımız bir şəraitdə tətbiq olundu və  istər pedaqoji, maddi-texniki baza, istərsə də vətəndaş cəmiyyəti buna tam hazır deyildi. Heç Təhsil Nazirliyi də buna hazır deyildi.  Odur ki, bəzi fəsadları oldu”.

 “Fikrimizi yekunlaşdırsaq kurikulumu ləğv etmək olmaz. Təkmilləşdirmək lazımdır. Proqram daha sadə və anlaşılır bir formaya gətirilməlidir. Hansı ki, müəllimlərin hələ çoxu kurikulumun nə olduğunu bilmir.  Ona nələr daxildir, nələri əhatə edir- bu barədə məlumatları yoxdur”,-deyə, Q.Dostuyev sözlərinə əlavə edib.