Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-19 15:55:00
“Onlar heç vaxt böyüməyəcəklər” kitabının Türkiyədə təqdimatı olub

Türkiyənin “29 Mayıs” Universitetində Xocalıda qətlə yetirilmiş 63 uşaqdan bəhs edən, 4 dildə nəşr olunan “Onlar heç vaxt böyüməyəcəklər” kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycan İlahiyyat İnstitutundan (Aİİ)  bildirilib ki, kitab Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Aİİ və “Azərbaycan” Nəşriyyatının dəstəyilə çap olunub.

Azərbaycan İlahiyyat İnstitutu, “29 Mayıs” Universiteti, Türk Ocaqları İstanbul Şöbəsi və Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən “29 Mayıs” Universitetinin rektoru Mustafa Sinanoğlu əvvəlcə Qarakənddə vertolyotun vurulmasından danışıb. Sonra Xocalı soyqırımından bəhs edən M.Sinanoğlu soyqırımında yüzlərlə günahsız insanın ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiyini xatırladıb. Qeyd edib ki, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməli, beynəlxalq təşkilatlar, dünya dövlətləri Ermənistan tərəfindən Azərbaycan torpaqlarında törədilmiş hərbi cinayətə – Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

Türk Ocaqları İstanbul Şöbəsinin müdiri Cezmi Bayram Xocalı soyqırımını ermənilərin tarixboyu törətdikləri ən böyük vəhşilik kimi dəyərləndirib. Bildirib ki, həmin gecə Xocalıda yaşayan yerli əhali vəhşicəsinə qətlə yetirilib. Cezmi Bayram bu qanlı hadisənin dünya miqyasında tanıdılması istiqamətində tələbələrin və sosial medianın rolunun vacibliyini vurğulayıb.