Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-19 13:21:00
Daşkəsən məktəbliləri narkotiklərin fəsadları barədə maarifləndiriliblər

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli tədbirlər görməklə yanaşı, həm də gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirirlər.

AzEdu.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan  bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Nəsimi adına 2 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon polis şöbəsinin əməkdaşları ilə yanaşı, məktəbin pedaqoji heyəti və şagirdləri iştirak ediblər.

Şöbə rəisi, polis polkovnik-leytenantı Azay Ağayev bildirib ki, ölkəmizin işıqlı və gözəl gələcəyi məhz sağlam, savadlı gənclikdən asılıdır. Hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməlidir. Bu cür görüşlərin keçirilməsində əsas məqsəd məhz yeniyetmə və gəncləri narkomaniyanın və digər zərərli vərdişlərin mənfi nəticələri, doğurduğu fəsadlar barədə məlumatlandırmaq, onları belə mənfi əməllərdən çəkindirməkdən ibarətdir. Çünki narkotik vasitələrdən istifadə edərək özünü fiziki və psixoloji cəhətdən məhvə aparan insan nə yaxınları, nə də cəmiyyət üçün layiqli vətəndaş ola bilməz.

Görüşün sonunda narkotiklərin zərərli təsirinə dair videoçarx izlənilib.