Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-19 11:50:00
Tibb Universitetində tibb bacısı işi ixtisası üzrə məzunların ixtisaslaşması aparılacaq

Bu il bakalavriat və magistratura pilləsinə qəbul imtahanlarını uğurla verən abituriyent və bakalavrlar ixtisas seçimi zamanı Azərbaycan Tibb Universitetində (ATU) yeni təsis edilmiş ixtisasları da seçə biləcəklər. Fizioterapiya və tibbi reabilitasiya və tibb bacısı işi ixtisaslarının hər biri üzrə 30 yer, səhiyyə menecmenti və kliniki psixologiya ixtisasları üzrə 15 yer planlaşdırılıb.

AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ATU-nun tədris şöbəsinin müdiri Samir Cavadov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə bakalavriat, eləcə də ali tibb təhsili səviyyəsi üzrə ixtisasların təsnifatında dəyişiklik edilərək, yeni ixtisaslar əlavə edilib. Dəyişikliyə əsasən, bakalavriat pilləsi üzrə fizioterapiya və tibbi reabilitasiya və tibb bacısı işi, magistratura üzrə isə səhiyyə menecmenti və kliniki psixologiya ixtisasları əlavə edilib: “Son zamanlarda səhiyyə sahəsində də geniş islahatlar aparılır. Dünyada bu ixtisaslar mövcud olsa da, bizdə hələ ki, onların əvəzləyicisi yox idi. Nümunə üçün deyə bilərəm ki, fizioterapiya və tibbi reabilitasiya mütəxəssisləri Azərbaycan Tibb Universitetindən, yaxud digər tibb müəssisələrindən məzun olan həkimlər idi. Lakin həkimlər həmin ixtisas üzrə mütəxəssisləri tam olaraq əvəz edə bilmirlər. Çünki həkimlər o sahə üzrə daha çox müalicə-planlama işi ilə məşğuldurlar və müalicəni tətbiq etmək tibb bacılarının, yaxud o sahə üzrə mütəxəssisləşmiş digər orta tibb işçilərinin üzərinə düşürdü. Eyni zamanda, ölkə başçısının “2019-2023-cü illərdə ali təhsil müəssisələrində rəqabətliliyin artırılması” ilə bağlı Sərəncamına əsasən, dünyada mövcud olan ixtisaslara uyğunluğu təmin etmək üçün həmin ixtisaslara zərurət yaranırdı. Buna görə ATU rəhbərliyi aparılan islahatlar çərçivəsində bu ixtisasların yaradılması qərarını verdi. Səhiyyə və Təhsil nazirliklərinə müraciət edərək bu ixtisasların yaradılması üçün icazə istədi. Artıq bu ixtisasların təsis olunması təsdiqlənib”.

O, tibb bacısı işi ixtisasının Azərbaycanda bakalavriat səviyyəsində yeni ixtisas olduğunu diqqətə çatdırıb. O bildirib ki, dörd illik təhsildə daha çox onların baza təhsili ilə yanaşı, peşə bacarıqlarının artırılması yönündə bir çox fənlər tədris ediləcək. Eyni zamanda, bu ixtisas üzrə məzunların ixtisaslaşması aparılacaq, hər bir sahə üzrə neyrocərrahiyyədə tibb bacısı, cərrahiyyədə tibb bacısı, pediatriyada tibb bacısı kimi ixtisaslaşmalar həyata keçiriləcək. Tibb bacısı bakalavriat təhsili olduğuna görə, bu ixtisası bitirənlər sonradan magistratura təhsili də ala, doktorantura-dissertantura üzrə təhsillərini davam etdirərək elmi-tədqiqat işləri ilə də məşğul ola bilərlər. Bu da Azərbaycan tibbində yeni bir çağın başlanğıcı olacaq.

S.Cavadov qeyd edib ki, bir çox insanları orta ixtisas təhsili müəssisələrində tədris edilən iki illik tibb bacısı işi ixtisasının taleyi də narahat edir. Onun sözlərinə görə, indiyə qədər məzun olanlar öz işlərini tibb bacısı ixtisası üzrə davam etdirə biləcəklər. Orta tibb təhsili müəssisələrinin məzunları arzuladıqları təqdirdə tibb bacısı ixtisası üzrə bakalavr təhsili də ala biləcəklər. Belə ki, texnikumlardan məzun olan tələbələr “Subbakalavr təhsili olanların ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olunması qaydaları” daxilində təhsillərini davam etdirə bilərlər. O zaman tələbələr iki il aldığı təhsildən əlavə yenidən dörd il təhsil alacaq. Lakin onların əvvəl öyrəndiyi bir çox fənlərlə uyğunluq varsa, həmin fənləri ali təhsil müəssisəsində öyrənməyə bilər. Ölkə başçısının “2019-2023-cü illərdə ali təhsil müəssisələrində rəqabətliliyin artırılması” ilə bağlı Sərəncamına uyğun olaraq hazırkı proqramlar dünyada mövcud olan ali təhsil müəssisələrinin proqramlarına uyğunlaşdırılacaq.