Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-18 11:21:00
  Gələcəyin yaradıcı insanını hazırlamaq üçün səmərəli təlim üsulu – STEM –Bölgə müəllimi yazır

Bu yaxınlarada saytların birində Oxford Universitetində aparılmış araşdırmaya rast gəldim. Araşdırmaların nəticələrinə görə, növbəti 25 il ərzində hazırki peşə və ixtisasların 47%-i mövcud olmayacaq. Sürətlə dəyişən dünyada insanlar daha üstün bacarıqlara malik olmalıdırlar. Bu səbəbdən yeni yaranacaq peşə və ixtisaslar üçün xüsusi bacarıqlara üstünlük veriləcək. Buna aşağıdakı bacarıqları misal göstərmək olar:

-Riyazi və analitik düşüncə qabiliyyəti

-Kritik (tənqidi) düşüncə

-Yaradıcı düşüncə

-Emosional zəka

-Kommunikasiya qabiliyyəti

-İdarəetmə bacarığı

  Bütün bunlara hazır olmaq üçün şagirdlərin XXI əsr bacarıqlarını üzə çıxarmalı, onlarda bu bacarıqları inkişaf etdirmək lazımdır. Bu xüsusda STEM-i misal göstərmək olar. STEM (Science-elm, Technology-texnologiya, Engineering-mühəndislik, Mathematics-riyaziyyat sözlərinin baş hərflərinin birləşməsindən alınan abreviaturadır) gələcəyin yaradıcı insanını hazırlamaq üçün səmərəli təlim üsuludur. Bu təlim üsulu əsasən təbiət  və riyaziyyat fənlərində daha səmərəli tətbiq oluna bilir. Son zamanlar bu terminin adına A hərfi (Art - İncəsənət) də əlavə olunaraq STEM+A və ya STEAM kimi də istifadə olunur. Bu cür dərslərdə şagirdlər tək fənn biliklərini deyil, həm də yaradıcı, mühəndislik qabiliyyətlərini sərgilədiklərinə görə yorulmadan daha səylə çalışır, yeni fikirlər, ideyalar ortaya çıxara bilirlər. Bu dərslərin bir özəlliyi də ondadır ki, şagirdlərin heç biri dərs prosesindən kənarda qalmır. Qrup, komanda halında yerinə yetirdikləri tapşırıqlarda şagirdlərin indiyə qədər görünməyən tərəfləri üzə çıxır. Qurma, düzəltmə bacarıqları üzərində çalışılan dərslərdə komandadakı şagirdlərin biri riyazi bacarığından, digəri komputerdə işləmə bacarığından istifadə edirsə, digər bir şagird isə mühəndislik qabiliyyətini sərgiləyir. Beləliklə, məsələn, sonuncu şagird əvvəllər həmin fənnə marağı olmadığı səbəbindən kənarda qaldığı üçün həvəssiz idisə, indi fənnə marağı yaranır. Nəticə olaraq şagirdlər toxunaraq öyrənirlər və bu öyrəndikləri mövzunun daha yaxşı mənimsənilməsinə gətirib çıxarır.

   Öz növbəsində STEM üsulunu tətbiq edən müəllim bir neçə bacarığa malik olmalıdı. Həmin bacarıqlardan bunları sadalamaq olar: həmişə öyrənməyə meyilli olmalı, daim yenilənən dünyada informasiya bolluğundan səmərəli istifadə etməli, beynəlxalq və yerli seminarlarda, təlimlərdə, konfranslarda iştirak etməli, texnologiyadan istifadəni bacarmalı, sosial şəbəkələrin müasir trendləri ilə ayaqlaşmalıdır. Dil biliklərinin olması, məsələn, ən azı ingilis dilini müəyyən səviyyədə bilməsi müəllimin üstünlüyüdür.

Artıq bir neçə ildir ki, ölkəmizin bəzi məktəblərində, siniflərində STEM üsulu tətbiq olunur. Eyni zamanda ölkəmizdə bu mövzuda yerli və beynəlxalq təlimlər, seminarlar, konfranslar keçirilir, Təhsil Nazirliyinin xətti ilə müəllimlər təlimlərdə iştirak etmək üçün xarici ölkələrə göndərlir. Bununla yanaşı Təhsil Nazirliyinin “STEM Azərbaycanda” layihəsi çərçivəsində bir çox tədbirlər həyata keçirilir ki, ölkə məktəblərinin müəllim və şagirdləri bu tədbirlərdə iştirak edirlər.

 STEM şagirdləri hansı peşəni seçmələrindən asılı olmayaraq onları həyata hazırlayır. STEM üsullu dərslərdə şagirdlər bir çox bacarığa yiyələnirlər. Ən əsası şagirdlər tədqiqat aparır və yaradıcılıqla məşğul olurlar. Deməli bu təlim üsulu şagirdlərdə tatdiqatçı və yaradıcı bacarıqlar formalaşdırır. Bu da gələcək həyatda yenilikçi, yaradıcı insanın ərsəyə gəlməsi deməkdir. Biz gələcəyimizi həmin yaradıcı insanlara həvalə etmək üçün onları indidən formalaşdırmalıyıq. STEM üsulu ilə bu işi daha müəkəmməl həyata keçirmək olar.

 Elçin Abbasov

Cəlilabad rayon, Alar kənd orta məktəbinin fizika müəllimi