Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-27 11:32:00
Valideynləri qeyri-adi üsulla məktəbə cəlb edən RTŞ müdiri – O, direktorları niyə bağışlamadı?-MÜSAHİBƏ

 

 “Son 4 ilin buraxılış imtahan nəticələri təhlil olundu. Ən aşağı faiz göstəricilərinə malik məktəblərin direktorları öz ərizələri ilə vəzifələrindən kənarlaşdırıldılar.  Təhsil islahatları ilə barışmaq, yeni qaydalarla işləmək istəməyən və məktəbə məsuliyyətsiz yanaşan əməkdaşlarla bağlı intizam tədbirləri görüldü”.

AzEdu.az Rayon Təhsil Şöbələrinin müdirləri ilə silsilə yazıları davam etdirir.

Budəfəki həmsöhbətimiz isə Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırovdur. O, bu vəzifəyə ötən il təyinat alıb. Təyinata qədər isə Biləsuvar Gənclər və İdman İdarəsinin rəisi kimi fəaliyyət göstərib. Dediyinə görə, rayon təhsilinin vəziyyəti ürəkaçan olmadığına görə, keçmiş müdir vəzifəsindən azad olunduğu üçün Aqşin müəllim tədris keyfiyyətinin artırılması məqsədilə bir sıra işlər görməli olub:

“Buraxılış imtahanı fənlərini tədris edən rayon müəllimlərinin görüşlərini təşkil edirik. Qabaqcıl, təcrübəli kadrların iş metodları açıq dərs vasitəsilə həmkarlarının diqqətinə çatdırılır. Müəllimlərdən ibarət təşəbbüskarlar qrupu yaratmışıq. Bu qrup vasitəsilə problemləri aşkara çıxarır, onların həlli istiqamətində addımlar atırıq.

Bundan əlavə, şagirdlərin dərsə marağının artırılması üçün “49” kitab layihəsi həyata keçirilir. Azərbaycan dili və Ədəbiyyat müəllimləri vasitəsilə siniflər üzrə bədii ədəbiyyat siyahısı müəyyənləşdirilir. Bu, onların yaş xüsusiyyətlərini əhatə edir. Hər ayda 1 gün layihədə iştirak edən müəllim və şagirdlərlə görüş keçirilir, oxunan əsərlər barədə fikir mübadiləsi aparılır. Bu, əsər barədə daha dərin təəssürat yaratmağa xidmət edir.

Bütün məktəblərdə irad və təkliflər qutusu quraşdırılıb. Şagirdlərin narazılıq və narahatlıqlarını bunun vasitəsilə aşkarlayırıq. Bu, tam məxfi həyata keçirilir. Həmin vərəqlər yalnız idarədə açılaraq oxunur. Bu yolla məktəbdəki ümumi auranı öyrənə bilirik.

Məktəblərdə ən yaxşı sinif müsabiqəsi həyata keçirilir. Bu, şagirdləri həvəsləndirmə xarakteri daşıyır. “Ən yaxşı şagird”, “Ən yaxşı müəllim”, “Ən yaxşı sinif rəhbəri” nominasiyaları üzrə müsabiqələr elan etmişik”.

““Şərəf lövhəsi”nin formatını dəyişərək “valideyn lövhəsi” yaratmışıq”

Aqşin müəllim valideynləri məktəbə cəlb etmək məqsədilə qeyri–adi bir addım atıb. O, şagirdlərin məktəbdəki fotolarını valideynlərin şəkilləri ilə əvəzləyib:

“Valideynləri məktəbə cəlb etmək məqsədilə keçmiş “şərəf lövhəsi”nin formatını dəyişərək “valideyn lövhəsi” yaratmışıq. Bu yolla məktəblə əməkdaşlıq edən nümunəvi valideynləri tanıdırıq. Bunu etməkdə məqsədimiz  sinif yoldaşının valideynini lövhədə görən şagirdin evdə qınaq yaratması, valideynini məktəblə əməkdaşlığa çağırmasıdır. Beləcə valideynləri məktəbə cəlb etməyə çalışırıq”.

Bütün RTŞ müdirləri kimi Aqşin müəllim də direktorlarla iş, bu istiqamətdə rastlaşdığı çətinliklərdən söz açıb:

“Təbii ki, direktorla bağlı problemlərimiz mövcuddur. Bunları aradan qaldırmaq üçün rayondaxili pedaqoji əməkdaşlıqla bağlı  layihələr həyata keçiririk. Nəticələri təhlil edərək güclü və zəif məktəbləri əməkdaşlığa cəlb edirik. Bu zaman pedaqoji kollektivlər mütəmadi əməkdaşlıq edirlər. Bunun nəticəsində müsbət irəliləyişlər hiss edirik. Daha yüksək nəticə üçün isə müəyyən zaman lazımdır.

Yeri gəlmişkən, Quba və Astara Rayon Təhsil Şöbələri ilə birgə pedaqoji əməkdaşlığa əsaslanan memorandum imzalamışıq. Sumqayıt məktəbləri ilə də əməkdaşlığa başlayacağıq. Onlarla əməkdaşlıq edən məktəblərimiz sonradan təcrübələrini rayon məktəbləri ilə bölüşürlər.

Ayda bir dəfə direktorlarla görüşürük. Nümunəvi fəaliyyəti ilə seçilən direktorun iş təcrübəsini bölüşməsi üçün seminarlar təşkil edirik. Həmçinin direktor müavinləri, psixoloq və uşaq birliyi rəhbərləri üçün də seminar və təlimlər təşkil olunur”.

“Bu məktəblərin direktorları öz ərizələri ilə vəzifələrindən kənarlaşdırıldılar”

Aqşin müəllim fəaliyyətlərində nöqsanlara yol verən məktəb rəhbərləri barədə gördüyü tədbirlərdən də söz açıb. Bunları bir neçə nümunəyə əsaslanaraq izah edib:

“Məsələn, təyinat alanda gördüm ki, bir direktor 7 ildir həvalə ilə işləyir. Bu adam heç vaxt da imtahanda iştirak etməmişdi. Məktəbdə tədrisin keyfiyyəti çox aşağı, davamiyyət isə zəif idi. Direktor ümumi tapşırıqların icrasında çox səhlənkarlıq edirdi. Həvaləni onun əlindən aldıq.

Son 4 ilin buraxılış imtahanlarının nəticələri təhlil olundu. Ən aşağı faiz göstəricilərinə malik məktəblərin direktorları öz ərizələri ilə vəzifələrindən kənarlaşdırıldılar.  Təhsil islahatları ilə barışmaq, yeni qaydalarla işləmək istəməyən və məktəbə məsuliyyətsiz yanaşan əməkdaşlarla bağlı intizam tədbirləri görüldü. Amma indi  də daim onlarla görüşməyə, müasir yanaşmanı, günün tələblərini onlara aşılamağa çalışırıq.

Ümumiyyətlə, idarəetmə baxımından direktorlarla müəyyən çətinliklər yaşanır. Onların təlimlərə cəlb edilməsinə zəruri ehtiyac var. Bu barədə Təhsil Nazirliyinə də təklif göndərilib. Artıq bu kimi təlimlərin keçirilməsi planlaşdırılır”.

“İldə bir dəfə 2 müəllim Türkiyəyə istirahətə  göndərilir”

Müəllimləri stimullaşdırmaq üçün görülən işlərə gəlincə isə RTŞ müdiri belə cavab verib:

“Hər fənn üzrə rayon müəllimləri birliyi təsis etmişik. Həmin pedaqoji əməkdaşlığın müsbət nəticələrini görəcəyimizə inanıram. Məsələn, olimpiadalara maraq baxımından ötən illə bu ili müqayisə edirəm. Keçən il 23 nəfər rayon mərhələsindən zona turuna vəsiqə qazanmışdı. Bu il isə onların sayı 58-dir. Direktorlar arasında rəqabətli mühit yaradılıb. Rayon turunun qalibləri məktəb tərəfindən təltif olunur. Zona turunun qaliblərini isə RTŞ təltif edir.

Rayon daxilində ən yaxşı məktəb müsabiqəsi keçiririk. Bu zaman aparılan monitorinqlər, göstəricilərin reytinqə təsiri, nizam - intizam qaydaları nəzərə alınır. İldə bir dəfə 2 müəllim Türkiyəyə istirahətə  göndərilir.  Ötən il elə idarənin 2 əməkdaşını göndərdik. Həmin müəllimlərin sçeimi zamanı  “ən yaxşı məktəb”, “ən yaxşı müəllim” nominasiyalarının sahiblərinə üstünlük verilir.

Müəllimlər özlərinin də xəbərləri olmadan yubileylərində  də təltif olunurlar. Onları bu yollarla işə həvəsləndirməyə çalışırıq”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları