Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-17 11:21:00
Müəllimi aşağılayanlar cərimələnə bilər

Rusiyada qanun layihəsi hazırlanır

AzEdu.az xəbər verir ki, Rusiyanın "Uçitelskaya qazeta" qəzetinin redaksiyasında müəllimlərin statusu haqqında federal qanunun hazırlanmasına həsr olunan  “dəyirmi masa”  keçirilib. Adıçəkilən qəzet  məktəblərdə zorakılıqla bağlı növbəti qalmaqallardan sonra belə bir təşəbbüslə çıxış edib.

"Təəssüf ki, bütün ölkə üzrə müəllimlərə qarşı təhqirlər və hücumlar çoxalıb. Buna görə də təsadüfi deyil ki, bütün pedaqoji ictimaiyyət müəllimlərin müdafiəsi ilə bağlı təşəbbüsümüzlə həmrəy olub",- deyə "Uçitelskaya qazeta" nın baş redaktoru Arslan Xasavov bildirib.

Ümumrusiya Təhsil Həmkarlar İttifaqı və Dövlət Dumasının Təhsil Komitəsi sənədin qəbul edilməsində maraqlı olduqlarını bildirib və öz təkliflərini hazırlayıb.  Belə ki, həmkarlar ittifaqı qanunvericiliyin dəyişdirilməsi üçün variantlar hazırlayıb və müəllimin peşə fəaliyyəti zamanı təhqir edilməsinə görə fiziki şəxslər üçün 4 -5 min , vəzifəli şəxslər üçün 40-50 min  və  hüquqi şəxslər üçün  100 -150 min rubl məbləğində inzibati cərimənin tətbiqini  təklif edib.

Moskvadakı 1520 nömrəli məktəbin direktoru Vita Kiriçenko qeyd edib ki, bu cür problemlər xarici ölkələrdə də mövcuddur: "Məsələn, 2018-ci ildə ABŞ-da müəllim peşəsindən uzaqlaşanların sayı əvvəlki 5 ildəkindən çox olub.

Oxşar vəziyyət  Böyük Britaniyada da var. Müəllimin statusunun müzakirəsi vaxtı başqa ölkələrin təcrübəsini də nəzərə almaq lazımdır. Ümumiyyətlə, hesab edirəm ki, bu gün ailə və məktəb danışıqlar stolu ətrafında birləşməlidir. Bu sahədə lazımi normativ baza artıq mövcuddur, sadəcə pedaqoqların dəstəklənməsi üzrə  əlavə tədbirlərlə bağlı qərar  qəbul etmək lazımdır".

Rusiya  Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsi sədrinin müavini Viktor Smirnovun sözlərinə görə,  məsələ yalnız qanunvericilik aktları ilə həll edilə bilməz: "Müəllimin sosial statusunu artırmaq lazımdır, cəmiyyətin təhsilə ehtiyacı var".

"Dəyirmi masa"da  iştirak edənlərin fikirləri birmənalı olmayıb.  Bəziləri müəllimin statusunun cərimələrlə qaldırıla bilməyəcəyini, bəziləri müəllimin hər zaman haqlı  olmadığına inandığını söyləyib  , digərləri isə ümumiyyətlə, təhsildə sivil fəaliyyət haqqında düşünməyi təklif ediblər.

A.Xasavov bütün fikirlərin nəzərə alınacağını, "dəyirmi masa"da qaldırılan  problemlərin həllinə yönəldiləcək qanun və ya qanunvericilik aktının qəbul edilməsi üçün bir yol xəritəsi hazırlanacağını  vəd edib.  O, Qazaxıstanda oxşar qanunun artıq qəbul edildiyini xatırladıb.  

Qeyd edək ki, Rusiyada "Müəllim statusu haqqında" qanun yalnız ölkənin Ulyanovsk vilayətində qüvvədədir.

Oruc MUSTAFAYEV (Azərbaycan müəllimi)