XƏBƏRLƏR

13.02.2020 17:52
Ədəbi tənqid nədir, nə deyil?

 AzEdu.az yazıçı-kulturoloq Səbuhi Şahmursoyun ədəbi tənqidlə bağlı yazısını təqdim edir:

Yazıçıların ədəbi tənqidin olmamasından, tənqidçilərinsə müasir ədəbiyyatımızda yaxşı əsərlərin yaranmamasından gileyləndiyi dövrdə “qızıl nisbət”in təməlində, əslində, elə ədəbi tənqidçiliyin püxtələşməli olduğunu düşünənlər də var. Müasir ədəbiyyatımızı izləyənlər aşkar görə bilər ki, bu sahədə əvvəlki on ilə baxanda ədəbi kriteriyalara cavab verən yeni-yeni əsərlər yaranır. Amma bu əsərlərin ədəbi tənqid nöqteyi-nəzərindən qiymətləndirilməsi məsələsində irəliləyişin olmaması, onların kor-koranəliyə düşməsinə, yalnız tez-tez hazırlıqsızlığı ilə xatırlanan oxucunun ümidinə qalmasına səbəb olur. Tənqid olmadan istənilən sahənin inkişaf perspektivləri şübhə altına alındığı kimi, ədəbi tənqidçisiz sağlam ədəbi mühitin yaranması da mümkün deyil.

 Ədəbi tənqidçilik və ədəbiyyatşünaslıq Avropa ölkələrinin mədəni ənənələrində müxtəlif cür izah olunur: məsələn, Rusiya və Almaniyada onun hüdudları əsasən dil hadisəsi olmaqla məhdudlaşırsa, Fransada, o cümlədən, ingilisdilli ölkələrdə “tənqid” (“critique”, “literary criticism”) termini ədəbi tənqidçilik kimi, filoloji və ümumilikdə kultroloji cərəyanlara da aid edilir. Hərçənd, tarixə böyük və möhtəşəm əsərlər bəxş etmiş Amerika ədəbiyyatının tənqidçiliyinin ümumi cizgisi bir məsələdə şərq ölkələrinin zəif irəliləyən ədəbi tənqidçiliyi ilə səsləşir: hər ikisində əsərin ortaya qoyduğu ideya önə çəkilir. Bütün bunlara baxmayaraq hazırda dünyada praqmatik sayılan və məxsus olduğu ədəbi mühitə fayda verən tənqidçiliyin işlək konsepsiyası var. Bu ümumi konturlardan danışmağa cəhd etməyimiz tənqidçilərimizə vəzifələrini xatırlatmaqla yanaşı, müasir yazıçılarımıza da ədəbi tənqidə necə yanaşmasını təmin etmək istəyimizdən irəli gəlir.

 

Ədəbi tənqid – hər şeydən öncə dolğun analiz təklif edən refleksiyadır, tənqidçi isə “ədəbiyyat” adlı vahidin zəruri hissəsi, idealistik meta-səviyyədə bələdçisidir. Ədəbi tənqidçi “ən yaxşı oxucu” olmalıdır ki: yazıçıya yol göstərməyi, ona yetkin formaya yetişməkdə kömək etməyi, oxucuya isə milyonlarla kitab dünyasında ədəbi proses barədə ümumi təsəvvür verməyi bacarsın.

 

Müasir mədəniyyət və (postmodernizm və ya poststrukturalizm kimi) humanitar düşüncənin tənqidi cərəyanları qarşısında duran əsas məsələ – bədii əsərin tarixilik nöqteyi-nəzərindən qiymətləndirilməsi, bacardıqca obyektiv və adekvat analizin aparılması, yazıçının dildən necə istifadə etdiyinin filoloji və linqvistik təhlilidir. Ədəbi tənqiddə bədii əsərin mənalandırılması həmişə qiymətləndirici mühakimə yolu ilə aparılır, bu da ədəbiyyatşünaslıq araşdırmaları kimi qətiyyən elmi analizə deyil, bədiiliyin normaları, zövq və dövrün estetik problemlərinin qaydaları ilə subyektiv təsəvvürlərə əsaslanır. Müəllif düşüncəsinin mətndə nə dərəcədə uğurlu təzahür etməsi, onun bu və ya digər bədii problemin öhdəsindən nə qədər inandırıcı gəlməsi, qeyri-bədii reallığın bədii mətndə necə əhatəli və dəqiq əks olunması haqqında tənqidçi öz fikrini bildirir. Əgər tənqidçi müasiri olan hansısa yazıçıdan danışırsa, heç bir halda onu tarixin sonsuz paralelləri qarşısında təhlil etməməlidir. (Dünyada bir çox ədəbi tənqidçi, o cümlədən, strukturalizm və poststrukturalizmin görkəmli nümayəndələrindən olan Rolan Bart hesab edirdi ki, XX əsrin yazıçısı hansısa tarixi təzahürü heç vaxt XIX əsrin düşüncə adamı kimi qiymətləndirə bilməz: bu, sadəcə mümkün deyil.) Amma bu o demək deyil ki, tənqidçi müasir əsərə ədəbiyyat tarixi və nəzəriyyəsindən aldığı arqumentlərlə yanaşa bilməz; eləcə də, yanaşmasında fəlsəfə və estetikaya, tarix və politologiyaya, psixologiya və sosiologiyaya, məntşünaslıq və biblioqrafiyaya istinad edə bilər.

 

Tənqidçi ədəbi situasiya barədə şəxsi təsəvvürlərinə əsaslanaraq ümumi mənzərəyə baxıb, ədəbiyyatın inkişaf cizgilərini, hansı janr, mövzu və priyomların dominant olacağını proqnozlaşdıra bilər. O, əsərin yalnız vacib hesab etdiyi ideya və motivlərindən yazır, amma onun təhlilləri, eyni zamanda geniş oxucu kütləsinə müraciət etdiyi və kitab dünyasında oxucuya istiqamət verdiyi üçün qaçılmaz olaraq məğzin sadələşdirməsi ilə nəticələnir. Yəni ədəbiyyatşünasdan fərqli olaraq, ədəbi tənqidçi “böyük mətləblər”i sadə və anlaşıqlı üslubla çatdırır. Bədii əsərin istənilən cür qiymətləndirilməsi subyektivdir, amma bu, heç də onun mahiyyətini azaltmır. Əksinə, əsər qatlarının kəşf edilməsinə, müxtəlif interpretasiyaların açıqlanmasına, hətta yazıçının təhtəlşüurunda yatan travmaların üzə çıxarılmasına və ona mətn üzərindən bir fenomen kimi yanaşılmasına səbəb olur. Bu mənada ədəbi tənqidçilik – bədii ədəbiyyatın “öz rolunu tapması”dır. Tənqidçinin yazdıqları – müxtəlif ədəbi janr və cərəyanların bədii prinsiplərini ehtiva edən manifestlərə əsaslana bilər. Bir çox ədəbiyyatçı bu fikirdədir ki, yaxşı ədəbi tənqidçi olmayan şəxs heç vaxt uğurlu ədəbiyyatşünas ola bilməz.

 

Ədəbiyyat tənqidçisinin müraciət etdiyi bir neçə əsas janr var: resenziya (hansısa mətnin qiymətləndirilmə məqsədilə qısa icmalı, məsələn, “Sadiq Hidayətin “Kor bayquş” romanı”); məqalə (hansısa əsərin və ya ümumilikdə yazıçının yaradıcılığının geniş təhlili, məsələn, “İsa Muğanna yaradıcılığı”); ədəbi-xronika (müəyyən janrın və ya ədəbi dövrün məqsədəuyğun analizi, məsələn, “Azərbaycan ədəbiyyatında mistik realizm”); ədəbi portret (bədii əsərin obraz müstəvisində təhlil edilməsi, məsələn, “Cahandar ağa obrazı – dövrün kişilik simvolu kimi”); esse (hansısa əsər, yazıçı və ya ədəbi hadisənin ictimai praqmatizminin kəşf edilməsi, heç bir ədəbiyyatşünaslıq bazasına əsaslanmadan, yalnız şəxsi prizmadan qiymətləndirilməsi, məsələn, “Cəlil Cavanşir niyə gənclərin sevimli şairidir?”) və s.

 

Tənqidçiliyin əsas yayım platforması qəzet, jurnal və ədəbi saytlardır, çünki yazıya əsaslanan kütləvi informasiya vasitələri alət kimi istifadə edilməsə, məsələ aktuallıq qazana bilmir. Yaxşı olar ki, bu cür cəhdlər hansısa yazıçının və ya kitabın piar kampaniyası ilə üst-üstə düşsün. Belə halda (yəni çox gecikmələr olmadan və sonradan yersiz görünmədən) ədəbi tənqidçi faydalı olmaq istədiyi yerli ədəbi mühitə ikiqat səmərəli olur, kitab sənayesinin inkişafında söz sahibinə çevrilir. Hazırda dünyada tənqidçilərlə hesablaşan minlərlə nəşriyyat evi nəşr etdiyi müəllifin piarını məhz onların təklifi əsasında hazırlanan mexanizmin “aydınlığı” ilə qurur. Yəni tənqidçilər durub prosesi kənardan izləmir, eyni zamanda ona istiqamət verməyə çalışır. Məsələn, son dövrlərdə dünyada, elə Azərbaycanda da böyük şöhrət qazanan Xalid Hüseyni, Den Braun və ya Paulo Koelyo kimi yazıçıların bu böyük “uğur”unun təməlində tənqidçilərin də rolu az olmayıb. İstənilən qitənin sakininə təsir edən duyğuları, normal məntiqi azdırmağın yollarını və ya əsasən şərq pritçaları üzərində qurulan əhvalatları oxucunun kəşf edə bilməsi üçün tənqidçilər dövri mətbuatda qalaq-qalaq tənqidi yazılarla çıxış edib. Nə qədər mübahisəli fikir olsa da, haqqında çox danışılan şeylər həmişə insanları cəlb edir. Bu “mif”lərin yaradılmasında tənqidçilər danılmaz əhəmiyyətə malikdir.

 

Tənqidçi öz ədəbi nəslinin yaranmasında müstəsna rolu olan insandır. Onun fəaliyyət sahəsi – müasirlərinin zəkası, silahı isə – yaşadığı cəmiyyətin ideya və cəhdləridir. Dünya tənqidçilik tarixində sözügedən sənətin üç əsas üstünlüyü vurğulanır: zövq, ağıl və istedad. Bu xüsusiyyətlər qərəz, tərif və təhqir tanımayan peşəkar tənqidin təməlidir. Ədəbi tənqidçi heç bir halda ideyaya kinayə ilə yanaşmamalı, yalnız ideyanın çatdırılmasındakı qüsurların təhlilini verməlidir. Heç bir peşəkar tənqidçi əsərin nüvəsini və ondan budaq atan vacib nüansları qoyub, cümlələrin inversiyasının qayğısına qalmır.

 

Hazırda yerli ədəbi mühitə hava-su kimi lazım olan yazıçı-oxucu dialoquna ən operativ və dəqiq proqram təklif edən də tənqidçidir. O, mətndən çıxan dominant ideyaları sistemləşdirir və oxucunun yazıçıya hansı yöndən yanaşmaqla daha maraqlı və əhəmiyyətli polemikaya nail olacağını zəmanət altına alır.

 

Bütün bu danışılanların fonunda inkişafını istədiyimiz yerli müasir ədəbiyyatın iki vacib sütunu – yazıçılar və tənqidçilər ən həssas mənada əl-ələ verib bu sahəni irəli aparmalıdır. Nəhayət, bu işə ucuz təmənna güdmədən başlamaq lazımdır. Əgər dünyada Azərbaycan ədəbiyyatından bəhs edilməsini istəyiriksə, əgər nüfuzlu ədəbiyyat mükafatlarının ölkəmizə də ayaq açmasını arzulayırıqsa, birinci özümüz bu sahəni ciddiyə almalı, əsərlərimizi qiymətləndirməliyik. Ədəbi tənqidçilik olmadan yazıçı ordusu zülmətdə şamsız çox irəliləyə bilməyəcək.