Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-13 10:47:00
Ucqar kəndlərdə möcüzə yaradan, “sıfır”dan sinif quran müəllimlər- Onların fərqli metodları-I yazı

 

“ Mən  müəlliməm.Qədim zamanlarda yorğun yolçuların qaldığı karvansaraylar kimi olmalıyam: İsti, əmin, comərd”.

Sizinlə ucqar dağ kəndlərində yaşayan gənc müəllimlərimiz haqqında danışmaq istərdik. Onları olduğu kimi (səmimi, istedadlı, təvəzökar) təqdim edəcəyik. Elə isə başlayaq...

Tovuz rayon Göyəbaxan kənd ümumi orta məktəbinin Dil və ədəbiyyat müəllimi Orxan Əhmədov  dörd ildir ki, müəllimlik peşəsini vicdan və şərəflə yerinə yetirir:

“Şagirdlərim  hazırda respublikamızın qabaqcıl universitetlərimizdə təhsil alırlar. İstənilən sinifdə həm oxuyan, həm də oxumayan şagirdlər olur. Oxuyan şagirdləri dərsə daha da həvəsləndirmək, dərsə həvəsi olmayan, zəif oxuyan şagirdləri isə yaxşı oxumaq üçün dərsə maraq oyatmaq lazımdır.  Müəllimlərin işə qəbul müsabiqəsində yüksək nəticə toplasam  da, ucqar dağ kənd məktəbini seçmişəm və orda şagirdlərə təhsil vermək mənim üçün şərəfdir. Ucqar dağ kəndi olmasına baxmayaraq, ilk işlədiyim məktəb təmirli idi: Tovuzda Papaqçılar kəndində yerləşirdi və müasir təlim texnologiyalarından istifadə üçün əlverişli idi. Mən də  müasir təlim üsulu və vasitələrindən istifadə edərək şagirdləri dərsə daha da həvəsləndirirəm. Nəzərə alsaq ki, ucqar kənddə yaşayan uşaqlar müasirliyə daha çox can atırlar və müasir təhsildən istifadə edən zaman onlar dərsə daha həvəslə yanaşır, yüksək nəticələr göstərirlər. Dərsdə şagirdləri həvəsləndirmək üçün yarışlar keçirirdim. Həmin yarışlar dərsin mövzusundan kənara çıxmırdı və bütün şagirdlərə hədiyyələr, sertifikatlar (özümün hazırladığım) təqdim edirdim. Bundan əlavə dərslərdə ziqzaq, karusel, şaxələndirmə və s. kimi təlim üsullarından istifadə şagirdlər üçün  maraqlıdır. Hətta həmin təlim üsullarının adlarını eşidən zaman şagirdlər dərsə həvəslənirlər”.

“Müəllim, siz də bizi  tək qoyub gedəcəksiniz?-Bu sualı unuda bilmirəm”.

Orxan müəllim şagirdləri ilə çox gözəl münasibəti olduğunu qeyd edir. O həmçinin  qarşılaşdığı ən təsirli hadisəni də danışır:

“Əvvəlki məktəbdə iki il işlədim.  Həmin iki il ərzində şagirdlərlə maraqlı anlarım oldu.   10-cu sinifdə oxuyan şagirdlərimdən biri   soruşdu ki, müəllim, siz ssenari yazıb klip çəkirsiz?  Bu sual məni təəccübləndirdi. O bildirdi ki, “Youtube”-da  bir videoçarx izləyib və orda ssenari müəllifi kimi mənim adımla qarşılaşıb.  “Bəli”- dedim.  Həmin şagirdim hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  rejissorluq fakültəsində təhsil alır.

Məktəbə ilk dəfə müəllim kimi gedib 5-ci sinfə daxil olan zaman şagirdlərimdən birinin kövrələrək  verdiyi sualı hələ də unuda bilmirəm: “Müəllim siz də bizi tək qoyub gedəcəksiniz?”  Nə cavab verəcəyimi bilmirdim”.

“Mən bir müəlliməm! Səhv atdığım hər bir addımın şagirdlərimin dünyalarında bir sütunun yıxılmasına  səbəb olduğunun fərqində olmalıyam”

 İsmayıllı rayon İstisu tam orta məktəbinin  ibtidai sinif müəllimi Şahid Muradlı ilə söhbətləşdik. O, iki il bundan əvvəl-2018-ci ildə məktəbəqədər hazırlıq qrupu ilə fəaliyyətə başlayıb:

“İxtisasım ibtidai sinif müəllimi olduğu üçün digər yaş qrupu uşaqlarından tam fərqli yanaşma tətbiq etməli olduğumu bilirəm.  Məktəbəqədər yaş qrupu isə, ümumiyyətlə, özünəməxsusluğu ilə seçilir. Onlarla sıfırdan başladığımız üçün istənilən səhv addım onların məktəbə qarşı münasibətinə, təhsilə olan marağına böyük təsir edə bilər. İstənilən sinifdə ilk iş, hər bir müəllimin atmalı olduğu ilk addım diaqnostik qiymətləndirmə aparmaq olmalıdır.  Bu, təlimin növbəti mərhələlərində sinif fəallığı və səviyyəsinin artırılmasında mühüm rol oynayır.   Şagird nədəsə çətinlik çəkəndə yoldaşları ilə ünsiyyət qura bilmir.  Bu zaman fərdi yanaşma tətbiq edirəm. O, bununla  özünə inam qazanır və sinif göstəricilərinin artmasına səbəb olur”.

-Uşaqlar məktəbə gələnə qədər  öyrənməkdə maraqlı olurlar. Sonradan bu həvəsləri sanki “ölür”.  Bunun səbəbi, sizcə, nədir?

Məktəbdaxili nizam-intizam qaydalarını sərt şəkildə uşaqlara öyrətməyə çalışdığımız zaman onlar təbii olaraq rəngarəng xəyal etdiyi məktəbi məcburiyyət kimi görməyə başlayırlar. Bu isə onlarda həvəssizlik yaradır.  Uşaqlarda “artıq oyuncaqlarımla,  dostlarımla oynaya bilməyəcəm” əvəzinə, “yeni dostlar qazanacağam, sinifdə müəllimlərimlə birgə  oyunlar oynayaraq yeni məlumatlar öyrənəcəm” fikrinin yaranması üçün çalışmalıyıq. Mən deyə bilmərəm, şagirdlərim məni necə qiymətləndirirlər. Amma onlarla ənənəvi müəllim-şagird əlaqəsindən  daha çox münasibətimizi dostluq səviyyəsində saxlamağa çalışırıq”.

“Mən müəlliməm.Hər gün şagirdlərimə qucaq dolu ümid aparmalıyam”.

Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur İbrahimova şagirdləri ilə yaşadığı maraqlı hadisələri bizimlə bölüşür:

Əvvəlcə müəllimizi tanıyaq. O, Göyçay rayonundadır. 2013-cu ildə müəllimlərin işə qəbul müsabiqəsində yüksək nəticə göstərərək Ucar rayonun Təzəkənd tam orta məktəbində fəaliyyətə başlayıb.  Həmin məktəb uzun müddətdir durğunluq yaşayıb, heç bir  məzunu universitetlərə qəbul ola bilmirdi. Bir neçə ildən  sonra nəticə dəyişir...

“  2013-cu il sentyabr ayı idi. Biz siniflərə təhkim olunmalı idik.  Direktor dedi ki, 11-ci sinifi heç kim götürmək istəmir.  Çünki bu sinfin şagirdləri ümumiyyətlə dərs oxumurlar və dəcəllik edirlər.  Buna görə də hər kəs sinifdən imtina edib. Direktor təklif etdi ki, sinfi mən götürüm.  Mən tərəddüd etmədən razılaşdım. İllərin müəllimləri bu sinifdən imtina etdiyi halda, 22 yaşlı gənc bir xanım müəllimin dərs deməyi uşaqlara qəribə gəldi. Təbii ki, onların yanaşması bir mənalı deyildi, qəribə baxışları vardı. Hiss olunurdu ki, bu sinfi ələ almaq çətin olacaq.  Onlara öz fənnimlə bağlı, ümumiyyətlə maraqlarını öyrənmək məqsədilə suallar verməyə başladım. Bəziləri gülürdü, bəziləri başını yelləyirdi.  “Müəllim, fənn  nədir?! Biz heç kitablarımızı vaxtı-vaxtında gətirmirik,bu gün hansı dərslərin olacağını da bilmirik”-dedilər.  Qızlar mülayim idi, onlara çox sadə suallar verirdim ki, cavab tapmaqla özlərinə inam hissi yaransın.  İnan sait-samiti belə bilmirdilər. Mən o gün şok yaşamışdım.   Amma onları   çox şeyə qadir olduqlarını, istəsələr  9 ay ərzində uğur əldə edəcəklərinə inandırdım.  Soruşdular ki,  axı bir ilə nə edə bilərik? Təbii ki, onlara deyə bilməzdim ki, iki fənni oxumaqla universitetə qəbul olacaqsız. Sadəcə həyatlarını dəyişə biləcəklərini söylədim. Çünki, həmin kənddə qızları oxumağa qoymurdular, oğlanların da əksəriyyəti nişanlı idilər.  Onları kolleclərə yönəltdim.  Bu şəraitdə o da bir uğur idi.   Şagirdlərin inamını qazanandan sonra bir-iki şagirdlə birgə məktəbə gəlməsinə icazə verilməyən qızların evinə getdim, onların valideynləri ilə görüşdüm.  İradlar da oldu, “gedin, qızın qardaşı gəlib görər, hirslənər, söz-söhbət olar” və.s sözlərini eşitdim. Valideynlərin əksəriyyəti rəhbərliyə bildirdi ki, “ müəllim köhnə məktəbə yeni qanun gətirməsin, bizə ağılmı öyrədəcək?” . Uzun mücadilədən sonra axır ki, qalib gəldik. Valideynlərə deyirdim ki, gəlin dərslərdə iştirak edin, görün övladınız necə həvəslidir, onların  inamını öldürməyin.   Əksəriyyəti sonradan bizə dəstək oldu. Təəssüf edirəm ki, qızlarını ərə verən, evləndirənlər də var idi”.

Sıfırdan qurulan siniflər...

“Onlara sıfırdan başlayaraq dərs keçdim. Hər gün test işlədik, dərsdən sonra da məşğul olduq. Mən hər gün Göyçaydan Ucara gedib-gəlirdim. Evə saat 5-6-da qayıdırdım. Amma bu əziyyətin də bəhrəsi oldu. Belə ki, həmin il bir nəfər universitetə, digərləri də kollecə qəbul oldular. Məktəb canlanmışdı.

Paralel olaraq 8-ci sinfə də dərs keçirdim.  Aşağı-yuxarı eyni vəziyyət idi və mən eyni metodları tətbiq etdim.  Həmin sinifdə Mahir adlı bir oğlan vardı, atası rəhmətə getmişdi.  Onu hamı tərbiyədən kasad olan, oxumayan, vecsiz bir uşaq kimi tanıyırdı.  Heç kim onunla bir sinifdə oturmaq belə istəmirdi.  Onunla bir  neçə dəfə psixoloji  söhbət etdim. Ona başa saldım ki, istəsə öz ətrafını, həyatını dəyişə, anasının fəxri ola, atasının ruhunu şad edə bilər. Mahir mənə dedi ki, müəllim, məni heç kim sevmir, hətta evdə belə ona deyirlər ki, “səndən heç nə olmayacaq”.  Geyimləri belə tufeyli idi. Ümumiyyətlə, o kəndin kasıblığı şagirdlərin geyimindən də hiss olunurdu. Amma bir müddət sonra Mahirin geyimi dəyişmişdi. Dərslərə ağ köynək, qara şalvarda səliqə ilə geyinərək gəlirdi. Mən bir gün öyrəndim ki, o gecə növbəsində kafedə işləyir, burda qazandığı bir-iki manatla anasını və özünü dolandırırdı. Elə onun dərslərinə mane olan əsas səbəb də budur.

May ayı idi. Şagirdlərə tapşırmışdım ki, C. Cabbarlının “Solğun çiçəklər” əsərini  təhlil etmək üçün oxusunlar. Sinifdə bu dərsi Mahir təhlil etmək istədi. Hamı şokda idi: Mahir və dərs danışmaq.  Uşaqların heç biri bunu gözləmirdi. O, əsərdən danışa-danışa kövrəlib ağladı, məni də şagirdləri də ağlatdı.   Məndən soruşdu ki, niyə əsərin sonunda Sara ölür, axı bəzi insanlar yaşamağa layiqdir. Dedi ki, istəməzdim həyatda ölüm olsun və atam da ölsün. Ona təsəlli verməyə çalışdım ki, hər şey yaxşı olacaq.  İnanın elə gözəl təsvir edirdi ki, əsəri bütövlüklə hiss edirdi. Həmin gün məndən xahiş etdi ki, ona “5” qiyməti yazım.  İndiyə qədər yüksək qiymət almamışdı. Mən ona yüksək qiymət yazdım. Çox sevindi ki, bu gün anamı sevindirəcəm. Sabah axşamı mənə zəng gəldi ki, Mahiri gecə işə gedərkən maşın vurub və elə yerindəcə canını tapşırıb...

Dəhşətli dərəcədə kədərlənmişdim. Hər dəfə “Solğun çiçəklər” əsərini təhlil edəndə onun ölümü yadıma düşür.  Ona çox inanırdım ki, əzmlə həyatını dəyişəcək, nəyəsə nail olacaqdı. Təəssüf ki olmadı...

Həmin sinifdən 3 nəfər ali məktəbə qəbul oldu. Onlardan Simarə adlı şagirdim 667 balla Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olmaqla rayon birincisi oldu. İndi təcrübəçi kimi həmin məktəbə gəlir və mənə deyir ki, müəllim, biz sizə çox şey borcluyuq”.

İtirilmiş inamı yenidən qaytarmaq.

“Onlara hamı deyirdi ki, siz oxuyan deyilsiz, sizin nəslinizdə heç təhsilli adam tapılmır. Amma mən inandırırdım ki, siz təhsil alacaqsız. Mənim ən böyük uğurum onlara itirdikləri inamı geri qaytarmaqdır.  Yəni birinci metod güvən, ikinci isə çox çalışmaq idi. Biz sıfırdan başlayaraq çox çalışırdıq. Günorta naharlarını da məktəbə gətirirdilər. Dərsdən sonra da qalıb çalışırdıq. Bununla yanaşı, mövzuları səhnələşdirirdik. Səməd Vurğunun “Ananın öyüdü” şeirini keçəndə kənddən at gətizdirdik. Uşaqlardan biri qəhrəman obrazı olaraq atın belində oturur, ana da arxasınca su atır, onu uğurlayır.  Digər sinif şagirdləri də bunu görəndə onlarda da maraq yaranırdı. Yaxud Rəsul Rzanı öyrənəndə  mən onları Göyçaya şairin ev muzeyinə apardım. Şeirin yarısını orda, yarısını da Göyçay parkında çinarların altında xalça salıb elə  keçdik.  Ümumiyyətlə, şagirdlərdə əyaniliyə maraq yaranır. 5-ci sinifdən etibarən dərs keçdiyim şagirdlər artıq 11-ci sinifdə oxuyur. Onlardan 8- i ali məktəbə hazırlaşır. İnanıram ki, ən çox bu il şagirdlərimiz universitetə qəbul olacaq”.