Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-12 13:48:00
Azərbaycan Universitetinin magistrləri təcrübəyə başlayıblar

Azərbaycan Universitetinin magistratura pilləsində təhsil alan II kurs tələbələri bu gündən elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsinə başlayıblar.

Universitetdən  AzEdu.az-a  bildirilib ki, 6 ixtisas üzrə 35 magistratura tələbəsi 9 təcrübə rəhbərinin nəzarəti altında 4 həftə elmi-tədqiqat təcrübəsi keçəcəklər.

Elmi-pedaqoji təcrübədə magistratura tələbələri Azərbaycan Universitetində pedaqoji fəaliyyətin forma və metodlarını öyrənəcək, kafedra və fakültələrin fəaliyyəti, iş prinsipləri ilə yaxından tanış olacaq, dərs dinləmələrində iştirak edəcək və açıq dərslər keçəcək, ixtisaslarının pedaqoji tərəfini təcrübədə tətbiq edəcəklər.

Elmi-tədqiqat təcrübəsi zamanı təcrübəçilər Azərbaycan Universiteti, Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi, Azərbaycan Milli Kitabxanasında tədqiqat fəaliyyəti ilə məşğul olacaqlar.

Tələbələr və rəhbərlərə təcrübənin təşkilinə dair ümumi qaydalar və tələblər haqqında daha ətraflı məlumat təcrübənin başlanğıc iclasında təqdim olunub. Tədbirdə təcrübə müddəti ərzində yerinə yetiriləcək işlər ilə bağlı tövsiyələr verilib, təcrübənin təşkilinə dair sənədlər toplusu rəhbərlərə təqdim edilib.

Elmi-pedaqoji təcrübə martın 11-də, elmi-tədqiqat təcrübəsi isə aprelin 8-də yekunlaşacaq.