Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-20 13:24:43
“Ötən qəbul imtahanında olduqca asan suallar düşmüşdü” – I və IV-lərin riyaziyyat həyəcanı  

 

“Bugünki qəbul imtahanında da  sadə sualların düşəcəyini fikirləşirəm. Orta səviyyəli şagirdin 15 sualı cavablaması  mümkündür”.

 

Bu sözləri AzEdu.az saytına açıqlamasında  riyaziyyatçı Məhəmməd Məmmədbəyli  deyib. O, şagirdlərin daha çox  həndəsədə  çətinlik çəkdiyini bildirib:

 “Riyaziyyatda  qəbula düşən mövzular olduqca çoxdur.  Şagirdlərin  hər mövzuda çətinlikləri var. Ən zəif  bildikləri isə həndəsədir. Bu fəndə xüsusilə çətinlik çəkirlər. Həndəsədə  bəlkə bir az onların gözlərini qorxudublar, bəlkə də həndəsədə daha çox fikirləşmək lazım olduğuna görə bu belədir.  Nə ilə əlaqədar olduğunu tam olaraq  bilmirəm, amma həndəsəyə ümumiyyətlə diqqət yetirən yoxdur. Cəbri isə düsturları əzbərləyib tətbiq  etməyin  sayəsində daha yaxşı öyrənirlər”.

 Məhəmməd müəllim şagirdlərin həyəcan səbəbindən diqqətsizliyə yol verməməsi üçün sınaq imtahanlarının sayının artırılmasını təklif edib:

 “İmtahan zamanı abituriyentlərin  90 %-ində həyəcan olur. Bu, onlarda müəyyən diqqətsizliyə yol açır. Elə sınaq imtahanları da qəbulun həyəcanını yox etməyə, diqqətsizliyi aradan qaldırmağa kömək edir. Məncə, sınaq imtahanlarının sayını çoxaltmaq lazımdır. DİM-ə təklif etmək lazımdır ki, sınaq imtahanlarının sayını ikiqat artırsınlar”.

O, bugünki qəbul imtahanında riyaziyyat  fənnindən asan suallar düşəcəyini güman edir: “Keçən dəfəki qəbul imtahanına baxdım. O imtahanda çox asan, 15- 20 dəqiqəyə həll edilə biləcək suallar idi. Orta səviyyəli şagird onların 15-ni cavablandıra bilərdi. Bugünki qəbul imtahanında da sadə sualların düşəcəyini fikirləşirəm. Ümumiyyətlə, qəbul imtahanında 25 sualın 10-u çox asan, 8-i orta səviyyəli, 7-i isə çətin olur. Yəni orta səviyyəli şagirdin 15 sualı cavablaması mümkündür”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları