Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-20 13:02:41
“I qrupda aşağı bal toplayanların bəziləri universiteti qırmızı diplomla bitirir” - MARAQLI GÖSTƏRİCİ

 

Bu gün I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilir. I qrup digərlərindən aşağı ballara uyğun  ixtisasların çox olması ilə fərqlənir.

 2017-2018-ci tədris ili üçün olan qəbulda isə bu qrupun minimal keçid balı 150 olub. Bəs, ali məktəblərə 200 və daha aşağı balla qəbul olanlar ali tədris prosesində necə nəticə göstərir, əsas hansı çətinliklərlə üzləşirlər?

 Mövzu ilə bağlı AzEdu.az-a danışan Azərbaycan Dövlət Texniki Universitetinin mətbuat katibi Nicat Abdullayev yüksək bal toplayanların digərləri ilə müqayisədə I qrupda az müşahidə olunduğunu deyib: “Yüksək bal toplayanlar əsasən, humanitar ixtisasları seçirlər. Növbəti yerdə isə II və IV qrup ixtisasları gəlir. Yüksək bal toplayanların sayına görə I qrup sonuncu yerdədir. Aşağı bal toplayan tələbələr bütün universitetlərdə müşahidə olunur. Bəzi ixtisaslarda keçid balı 500 olursa, digərlərində 200-300 olur. Keçid balını plan yerlərinə əsasən təyin olunduğuna görə minimal balı elə tələbələr özləri müəyyənləşdirirlər”.

 Onun sözlərinə görə aşağı balla qəbul olanların bəziləri ali məktəb fənlərini məninmsəməkdə çətinlik çəkir, bəziləri isə hətta universiteti qırmızı diplomla bitirirlər: “Onların bizi nə dərəcədə qane etməsinə gəldikdə isə deyə bilərəm ki, texniki sahədə olan tələbələrin potensialı yüksək olmalıdır. Bu uşaqlar xüsusilə də riyaziyyatda mükəmməl olmalıdırlar. Yaxşı olardı ki, kimya bilikləri də qənaətbəxş olsun. Əgər bu uşaq 200 bal toplayıb və riyaziyyat, fizika, kimya kimi fənlərdən cəmi 3-5 sualı düzgün cavablaya bilibsə,  onun zəif olması təbii ki, bundan sonrakı təhsilində də özünün göstərəcək. Onlar əsasən  riyaziyyat, fizika kimi fənlərdən kəsilir, universitetdə tədris olunan digər fənləri mənimsəməkdə çətinlik çəkirlər. Amma nə etmək olar? Universitet olaraq bizim öhdəmizə düşən onlardan mütəxəssis yetişdirməkdir. Zaman-zaman kəsilənlər olur. Amma universitet professorunun  vəzifəsi odur ki, lazımi biliyi necə olur olsun tələbəyə anlatsın.  Aşağı balla qəbul olunan tələbənin universiteti qırmızı diiplomla bitirməsinin də şahidi olmuşuq.  Yəni istənilən halda bizim vəzifəmiz onlara gərəkən bilikləri ötürərək mütəxəssis yetişdirməkdir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov isə neçə bal toplamasından asılı olmayaraq hamıya eyni qaydada dərs keçirildiyini bildirib: “2016-2017-ci tədris ilində Azərbaycan Neft və Sənaye Universitetinə orta qəbul balı 436 olub . 2017-2018-ci tədris ili üçün olan qəbulda isə artaraq 439 bal olub. I  ixtisas qrupu üzrə keçirilən imtahanlarda 500-dən yuxarı bal toplayan abituriyentlərin 40 %-dən çoxu,  600-dən yuxarı bal toplayanların  isə 30%-i ADNSU-ni seçiblər. Aşağı balla qəbul olanlara gəldikdə isə hamıya eyni, standart qaydada dərs keçirilir. Universitetə qəbul olunduqları bala uyğun olaraq təqaüd  alırlar. Semestr imtahanlarından sonra isə bu, imtahan göstəricilərinə əsasən müəyyən olunur”.

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları