Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-06 15:21:00
AzEdu.az komandası ilə Qabil Hüseynlinin söhbəti – “Müəllim hazırlayan müəssisələrin sayı azaldılmalıdır”

AzEdu.az  “5+1” rubrikasını davam etdirir. Rubrika əsnasında, portal əməkdaşlarının hər biri aktual saydıqları təhsil mövzulu suallarını müsahibə ünvanlayırlar.

Yəni, 5+1 formatında qısa söhbət...

Rubrikamızın növbəti qonağı keçmiş dövlət müşaviri, politoloq, AzTU-nun İctimai fənlər kafedrasının professoru Qabil Hüseynlidir:

Şükufə Süleymanlı: Dünyanın əksər ölkələrində  elm və təhsil bir qurum tərəfindən idarə olunur.  Bunun nə kimi müsbət və mənfi tərəfləri var?

- Amerikada ayrı-ayrı elm sahələri ilə məşğul olan  müəssisələr var, amma  Elmlər Akademiyası adlı bir qurum  yoxdur.  Elmlə təhsili sintez edən güclü universitetlər var ki, onlar bütün dünyada məşhurdur. Təsəvvür edin ki, təkcə Harvard Universitetində 226 Nobel mükafatı laureatı çalışır. Yaxud, Yaponiyada Tokio Universitetində isə təxminən 12 belə işçi var. Başqa ölkələrdən nümunə göstərmək olar. Həmin dövlətlərdə elmlə təhsil elə çuğlaşıbdır ki, şirkətlər, istehsal sahələri artıq III kursdan tələbələrin hazırlıq səviyyəsini araşdırıb seçir, seçilən tələbələri öz şirkətlərində praktiki təcrübə keçmələrinə şərait yaradırlar. Beləcə, istehsalla təhsil arasında əlaqə qurulur, həmin tələbə də artıq bilir ki, konkret bir şirkət onun biliyinə lazımlı qiymət verir, onu gələcəkdə işlə təmin edəcəkdir. Təbii ki, həmin tələbə daha səylə çalışaraq, oxuyaraq görkəmli mütəxəssisə çevrilir.  Belə adamların kəşfləri, ixtiraları heç kimi təəccübləndirmir. Buna görə də əlbəttə ki, təhsillə elmin bir yerdə olması əhəmiyyətlidir. Ölkəmizdə hələ təhsilin özü böhran keçirdiyinə görə birdən birə Elmlər Akademiyasını ləğv etməyin mənası yoxdur,  yəni, zənnimcə, vaxtı deyil.  Akademiyada alim kadrlar hazırlanır, pis-yaxşı fundamental tədqiqatlar aparılır, düzdür, dünya standartlarına cavab verən tədqiqatlar yoxdur,  amma  hər halda bu da elmin inkişafına az-çox töhfə verə bilir. Ümumi fikrə qaldıqda isə elmə təhsilin bir yerdə olmasının tərəfindəyəm.

 

Elmin Nuri: Lütfi Zadənin qeyri-səlis məntiq, süni-intellekt nəzəriyyəsi  dünyada bütün sahələrdə tətbiq olunur. Çağdaş Azərbaycan elmi Lütfi Zadə ideyaları ilə səsləşməyə nə dərəcədə hazırdır?

-Lütfi Zadənin bu kəşfi dünya elmində çevriliş yaradıb. O, özü də yalnız bu istiqamətdə çalışıb, başqa sahələrə diqqət etməyib. Onun ölkədə ardıcılları da var. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye  Universitetində (ADNSU) işləyən  professor Rafiq Əliyev həmin nəzəriyyənin mahir bilicisidir. Onun bu nəzəriyyə ilə bağlı kitabları xarici ölkələrdə, eləcə də Amerikada da nəşr olunub. Sadəcə olaraq, həmin adama şərait yaradılmayıb ki, xüsusi məktəb vasitəsilə doktorantlar yetişdirsin. Öz biliyini və bacarığını başqalarına ötürməklə Lütfi Zadə nəzəriyyələri Azərbaycanda inkişaf etsin. 

Lamiyə Süleymanlı: Orta məktəb müəllimlərin bilik və bacarıqlarını yoxlamaq üçün mütəmadi imtahanlar keçirilir. Sizcə, bunun müəllimlərin fəaliyyətinə  necə təsiri var və siz bilik və bacarıqları yoxlamaq üçün hansı üsulları təklif edərdiniz ?

 

-Əslində müəllimin bilik və bacarığının yoxlanılmasında test heç də pis üsul deyil. Amma mənə elə gəlir ki, respublikada müvafiq ixtisaslar, ayrı-ayrı fənlər  üzrə tanınmış, əqidəsinə, dürüstlüyünə, dünyagörüşünə hamının bələd olduğu adamlardan ibarət xüsusi komissiyalar yaratmaqla, müəllimin biliyi ilə yanaşı, dünyagörüşünü  də yoxlamaq olar. Çünki müəllimlər üçün bilik və bacarıqlarla yanaşı, dünyagörüş də çox böyük əhəmiyyətə malikdir.

Müəllimləri mütəmadi imtahanlara cəlb etmək onları öz üzərində işləməyə vadar edir. Düzdür, əvvəlcə tələbkarlıq pedaqoji kadrları hazırlayan ali təhsil müəssisələrinə qoyulmalıdır və onlar keyfiyyətli kadrlar hazırlamalıdır.  Məsələnin kökündə bu dayanır. Qəbul imtahanlarının keçirilməsindən diplom işinə, yekun qiymətləndirməyə qədər hər şey yüksək səviyyədə olmalıdır ki, yalnız bilik və bacarığı olan şəxslər diplom almağa layiq görülsün. Hamıya başdansovdu qəbul edib diplom vermək olmaz. Nəyə görə Müəllimlər İnstitutu yaradılmalıdır ki?! Rayonlarda, eləcə də paytaxtda müəllim hazırlayan özəl ali məktəblər yaranır. Bunların heç biri ixtisaslı müəllim kadrların hazırlanmasına demək olar ki, töhfə vermir. Bu məsələyə ciddi nəzarət etməklə, pedaqoji kadr hazırlayan müəssisələrin sayı məhdudlaşdırılmalıdır.  Düzdür, Müəllimlər İnstitutunu ləğv edərək onun filiallarını Azərbaycan Dövlət Pedaqoji Universitetinə verdilər. Zənnimcə, filialların fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. BDU, ADPU respublikanın pedaqoji kadr ehtiyacını artıqlaması ilə ödəyə bilər.  Amma hər halda müəllimin beş ildən bir bilik bacarığı yoxlanmalı, qeyd etdiyim komissiya tərəfindən onların dünyagörüşü qiymətləndirilməlidir. 

Ayşə Müseyib: Hər il minlərlə tələbə universitetdən məzun olur. Amma onlar iş tapmaqda çətinlik çəkir , ümidsizliyə qapılırlar. Bu problemi necə aradan qaldırmaq olar?

-Bu problemi həll etmək üçün ilk növbədə iş yerləri açmaq lazımdır. Mən hazırda Azərbaycan Dövlət Texniki Universitetində ( AzTU) işləyirəm, mühəndis kadrlar hazırlayırıq. Bildiyiniz kimi, mühəndislər də məhz istehsal sahələri ilə bağlı olan insanlardır. Yəni, sənaye müəssisələri, istehsal sənayələrinin yaradılması, fəaliyyətinin genişləndirilməsi ilə bu problemi həll etmək olar.  Belə olduqda onlar ali təhsillərini tamamlıqdan sonra iş tapa bilər. Hazırda tələb və təklif arasındakı mütənasiblik pozulub. Ali təhsil müəssisələri “dayanmadan” mühəndis, həkim, müəllim və s. ixtisaslar üzrə mütəxəssislər yetişdirir, onların bəziləri ümumiyyətlə iş tapa bilmir, bəziləri isə yaşadığı yerdən uzaq kəndlərə, rayonlara getmək məcburiyyətində qalırlar. Bəzən heç getmək istəmirlər, hamı paytaxta-Bakıya cəmləşir, burda yaşamaq, işləmək istəyirlər. Ona görə də məncə, hökumət  uzaq rayonlara gedən mütəxəssislər üçün imtiyazları artırmalı, onların maaşı yüksək olmalıdır. Belə olanda, həmin şəxslər uyğun  yerlərə həvəslə gedə bilər.

Düzdür, müəllimlər üçün bəzi imtiyazlar var, yol,  kirayə mənzil pulu, maaşlarında artım tətbiq olunur. Amma hər il bu imtiyazlar nisbətən artırılsa, imtahanlarda həvəs də artar bilər.  Bütün bunlarla yanaşı vurğulayım ki, ölkədə istehsal sahələrin yaradılmasına ciddi ehtiyac var. Hər bir istehsal müəssisəsi minlərlə iş yeri deməkdir. Bu, işsizliyin aradan qaldırılmasına gətirib çıxara bilər.

Turan Osmanlı: Azərbaycanın yetişdirdiyi bir çox alimlər hazırda xaricdə nüfuzlu elmi müəssisələrdə, universitetlərdə çalışırlar.  Sizcə, baş verən bu “beyin köçü”nü doğuran səbəblər nələrdir? Onları ölkəyə qaytarmaq üçün hansı işlər görülməlidir?

-İnsanların ölkədən getməsinə təsir edən əsas amil maddi maraqdır. Bu gün Türkiyə Universitetlərində Azərbaycanda yetişən yüzlərlə alim çalışır. Universitetlərdə istifadə olunan elmi ədəbiyyatın böyük hissəsi azərbaycanlılar tərəfindən hazırlanır. Onlar Sovet dövründə mükəmməl təhsil almış, yetişdirilmiş elmlər doktoru, professorlar, elmlər namizədi, dosentlərdir.  Demək olar, hamısı rus dilini bildiklərinə görə Rusiya elminin nailiyyətlərini də Türkiyə elminə transfer etməyi bacarırlar. Həm dil baryeri olmadıqlarına, həm də köklü, fundamental hazırlıqlarının üzərinə bir az da yeni ədəbiyyatlardan, yeni nəsildən olan bilikləri mükəmməl kadr hesab olunurlar.  Əksəriyyəti rus dili ilə yanaşı, ingilis dili biliyinə də malikdir.  Bu adamlar hərtərəfli inkişaf etmiş alimlər olduğuna görə Türkiyədə təhsilin və elmin inkişafına böyük töhfələr verirlər. Məsələn, bir misal çəkə bilərəm: Vaxtilə mənimlə birlikdə AzTU –da avtomatika ixtisası üzrə kafedra müdiri olan Elbrus Cəfərov adlı cavan mütəxəssis çalışırdı. O, Moskvada təhsil almış, yetişmiş kadr idi, Azərbaycana dəvət etmişdilər.  Bir müddət burada çalışdıqdan sonra onu Türkiyə Texniki Universitetinə dəvət etdilər. Mənim bildiyimə görə  o, “F-16” təyyarələrinin avtomatika sistemini, avtomadlaşdırılmış idarəsinin (“pilot idarə” deyirlər) hazırlanmasında öncül rollardan birini oynayır. Onun təklifləri və kəşfləri sayəsində “F-16”-ların elektron idarə edilməsi səviyyəsi xeyli yüksəldilib. Yəni  hazırda  Türkiyədə maşınqayırma, eloktrotexnika, elektronika sahəsində belə alimlərimiz çox səmərəli çalışırlar və bunun müqabilində də yaxşı maaş alırlar. Onların bir çoxu artıq Türkiyə vətəndaşıdır. Amerikada, Almaniyada da alimlərimiz var ki, onlar artıq həmin cəmiyyətlərə adaptasiya olunub, dəyərləri, həyat tərzini mənimsəyiblər, övladları həmin ölkələrdə elitar ali məktəblərdə təhsil alır, bitirdikdən sonra onlar da yaxşı işlə təmin olunurlar.