Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-04 16:13:00
Ədəbiyyat bilicisi:"Ən böyük arzum kitab yazmaqdır"

“Ədəbiyyat biliciləri” müsabiqəsi  ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında  keçirilir.

Müsabiqə məktəb, rayon (şəhər) və ölkə üzrə olmaqla 3 mərhələdə təşkil olunur.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 16 dekabr 2014-cü il tarixli 1279 nömrəli əmrinə uyğun olaraq,  keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsi Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması və onların mütaliə meyil və maraqlarının gücləndirilməsində əhəmiyyətli rol oynaması məqsədi güdür.

2018-2019-cu dərs ilində ölkənin ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsində I dərəcəli diplomla 6 nəfər, II dərəcəli diplomla 10 nəfər, III dərəcəli diplomla 16 nəfər, tərifnamə ilə 20 nəfər təltif olunub.

AzEdu.az-a danışan Nəsimi rayon Texniki-Humanitar liseyin 10-cu sinif şagirdi və I dərəcəli diplomla təltif edilən Səba Hüseynova  “Ədəbiyyat biliciləri” yarışması haqqında məlumat verib.

O, müsabiqəyə qatılması və iştirakı haqqında fikirlərini çatdırıb.

“2019-cu ildə məni “Ədəbiyyat biliciləri” yarışmasının seçim turuna dəvət etdilər. Müsahibə mərhələsini uğurla başa vuraraq, yarışmada iştirak hüququ qazandım. Daha sonra isə növbəti mərhələyə keçən şagirdlərin adları açıqlandı. Sonra   isə bizi Bakı şəhəri üzrə inşa müsabiqəsinə dəvət etdilər. Məndə həmin mərhələdə iştirak edən şagirdlərdən biri oldum. Burada nəticə göstərdikdən sonra Bakı Şəhər Təhsil İdarəsi tərəfindən elan edildi ki, inşa mərhələsi üzrə ən yüksək nəticəni mən əldə etmişəm. Burada 87 bal toplayaqraq, növbəti mərhələyə keçmək hüququ qazandım. Sonrakı mərhələdə isə dünyagörüş və nitq qabiliyyətlərimiz yoxlanıldı.

Yarışmada bizim inşa və yazı qabiliyyətlərimiz daha da sürətli şəkildə inkişaf etdirildi. Bundan öncə inanmırdım ki, mənim inşalarım bu dərəcədə oxunsun. Bizimlə hamı daha yaxından məşğul oldu və biliklərimizi artırmağa çalışdılar.

Bu yarışmada iştirak etmək istəyənlərə tövsiyə edirəm ki, bədii ədəbiyyatla daha yaxından  maraqlansınlar. Ədəbiyyatı bir fənn olaraq deyil,  həyat tərzinə çevirərək öyrənsinlər. Bunun nəticəsində şagirdlər   daha yüksək səviyyədə inkişaf edə bilərlər. Əlavə məlumatlar öyrənmək də insanı başqalarından fərqləndirir.

Ən böyük arzum kitab yazmaqdır. Bunun üçün  çoxlu bədii ədəbiyyat oxuyuram və bu istiqamətdə özümü inkişaf etdirməyi düşünürəm. Özümdən əvvəl gələn yazıçı və şairlərdən örnək almağa çalışıram. Onların yazdıqları əsərlər mənim üçün məktəb rolunu oynayır.

Mənim ədəbiyyata olan həvəsim müəllimim vasitəsi ilə formlaşıb. İlk dəfə inşa yazmaq qabiliyyətimi 5–ci sinifdə kəşf etmişəm. Daha çox yazdıqca isə yüksək inkişaf etdiyimi gördüm. Bu yolun mənim üçün çox önəmli olacağını düşünürəm. Azərbaycan ədəbiyyatını daha çox oxumağı sevirəm. Hər bir xalqın özünəməxsus ədəbiyyatı var. Xarici ədəbiyyat oxumaq çox faydalıdır, lakin hər  vətənpərvər insan öz ədəbiyyatımızı bilməlidir. Bu yolla o, öz dilini, tarixi inkişaf yolunu və dərinliklərini bilmiş olur.

Ən çox  sevdiyim əsər Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” əsəridir. Burada tarixilik və bədiilik vəhdətdədir. Əsərdə Nizami Gəncəvi, onun qarşılaşdığı problemləri daha aydın şəkildə görmək olar.Buna görə əsərin mənim həyatımda çox böyük rolu var”.

Qeyd edək ki, müsabiqədə tapşırıqlar 15 sualdan artıq olmamaqla 2 və daha artıq variantda hazırlanmalı, hər bir sual yazılı cavablandırılmalıdır. İştirakçıların sayından asılı olaraq, tədbirin lazımi şəraiti olan 1, yaxud 2 məktəbin idman zalında keçirilməsi tövsiyə edilir. Tapşırıqların icrasına 3  saat vaxt ayrılır. Hər bir iştirakçıya sualların əhatə olunduğu vərəq və tapşırıqların cavablarını yazmaq üçün şagird dəftəri paylanır.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları