Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-04 17:02:00
Kurikulum təlimçiləri barədə narazılıq: “Heç biri kitab yazmayıb, hamısı “copy-past”dır-POLEMİKA

“Kurslarda kurikulum üzrə  dərs deyənlərin əksəriyyəti yeni təlim proqramlarını tam mənimsəməyib” 

Bu sözləri AzEdu.az-a  təhsil eksperti Almaz Həsrət bildirib.

Onun fikrincə, MİQ hazırlıq kurslarına rəhbərlik edənlərin əksəriyyəti ali savadı olmayanlar şəxslərdir:

 “MİQ müsabiqəsinə hazırlaşan universitet məzunlarının işə qəbulla bağlı təlimlərə çox böyük ehtiyacları var. Bu ehtiyaclar nəzərə alınaraq treninq və kurslar təşkil edilir.

MİQ hazırlıq kursları müəllimləri işə qəbul edərkən müəyyən seçim meyarlarına diqqət etmirlər. “Yəni təlim metodlarını bilirəm”deyənlər də kurslarda müəllim olaraq fəaliyyət göstərir. Halbuki, MİQ hazırlığı kurslarında dərs deyənlərin əksəriyyətinə nəzər saldıqda yeni təlim metodlarını tam olaraq bilmədiyi aydın olur. Məhz  həmin müəllimlər də MİQ müsabiqəsinə hazırlaşanlara dərs keçirlər.

 Ümumiyyətlə, universitetə qəbul olmaq üçün repetitor yanına gedən şagirdin biliyi, potensialı, həvəsi yoxdursa ona nəyisə öyrətmək kifayət etmir.  Həmçinin, MİQ müsabiqəsinə hazırlaşanların biliyi və potensialı yoxdursa onlara nəyisə öyrətmək yetərli deyil. Müəllimin bilik  və bacarığı yetəri səviyyədədirsə onun heç bir  hazırlıq kursuna getməyə ehtiyacı yoxdur.

Əgər müəllimin yeni təlim proqramlarına aid vəsaiti varsa onu oxuyaraq MİQ müsabiqəsindən uğurla keçə bilər.  Təəssüf ki, müəllimlərimizdə də kurslara getmək dəb halını alıb”.

Almaz Həsrət bildirib ki, heç bir kurikulum təlimçisinin yeni təlim metodlarına aid şəxsi kitabı yoxdur:

 “Ali təhsili bitirən hər hansı məzun müəllimlik fəaliyyətini reallaşdırması üçün kurslara müraciət edir. Halbuki həmin kursların əksəriyyətinə ali savadı, təhsili olmayanlar rəhbərlik edir. Həmçinin, bəzi MİQ hazırlıq kurslarının rəhbəri xarici ölkədə pedaqogikadan uzaq təhsil almış iş adamlarıdır. Həmin iş adamlarını isə  tədris mərkəzindən gələn məbləğ maraqlandırır.

Bu yaxınlarda yeni təlim metodunun məzmunu  əhatə edən “Kurikulum bələdçisi” kitab çıxarılıb.  MİQ müsabiqəsinə hazırlaşanlar “Kurikulum bələdçisi” kimi kitabını əldə edib, oxusalar yaxşı olar. 

Heç bir şəxs fərd olaraq kurikulum məzmunu əhatə edən  kitab  yaza bilməz.  Çünki kurikulumu ərsəyə gətirmək üçün işçi  qrupları olur.  

 Təhsil İnstitutunda hazırlanan kurikulumun bütün məzmunu əhatə edən  mətnlər var ki, indiki iş adamı dediyimiz insanlar onları toplayıb yeni təlim metodu vəsaiti kimi  öz adlarına çap edirlər. Məhz həmin adamlar “mənim kitabım düzdür”, “MİQ müsabiqəsində təqdim edilən suallar mənim kitabımdan düşəcək” kimi ifadələr bildirirlər. Onların heç birinin kitabı yoxdur. Çünki onların öz adlarıyla təqdim etdikləri kitabların içərisindəki mətnlər Təhsil Nazirliyinin, Təhsil İnstitutunun  və yüzlərlə müəllimin  ərsəyə gətirdiyi zəhmətdir. Yəni heç bir kurikulum təlimçisinin  şəxsi kitabı yoxdur”.

 “Özlərini “kurikulum təlimçisi” adlandıranlar yeni təlim proqramları yaxşı bilmir”

Hər  hansı mətndən “copy paste” edib kitab çıxartmaqla kurikulum təlimçisi olmur”

Bu sözləri AzEdu.az-a Bərdə rayon S.Behbudov adına 6 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Elşən Ramizoğlu deyib.

Elşən Ramizoğlu sosial şəbəkələrdə öz piarlarını aparan kurikulum təlimçilərindən söz açıb:

“Kurikulum təlimçiləri ən yaralı yerimizdir. Bir  çoxlarının nə zaman təlimçi olduğu da bilinmir. Maraqlıdır bu şəxslər kurikulumu necə mükəmməl öyrənə bildilər ki?!. Onların çoxusunu sosial şəbəkələr “kurikulum təlimçisi” etdi.

 Hazırda bir çox müəllimlərimiz kurikulumdan əziyyət çəkir. Elə buna görə də bəzi şəxslər fürsəti əldən vermir. “Kurikulum təlimçiləri” sosial şəbəkələrdə edilən müxtəlif şirnikləşdirici məlumatlarla MİQ müsabiqəsinə hazırlaşanları özlərinə doğru çəkirlər. Bu prosesi hamıya şamil etmək olmasa da, bir çoxları belədir.

Ümumiyyətlə, “Kurikulum təlimçisi” olmaq çox sadədir. Yəni sosial şəbəkədə üzv sayı çox olan qruplarda kurikulumdan sual paylaşmaqla “Kurikulum təlimçisi” olmaq olar. İnanın ki, sosial şəbəkələrdə kurikulumla bağlı suallar paylaşsam , bir çoxları məni kurikulum təlimçisi kimi tanıyacaq. Özlərini   təlimçi adlandıranlar MİQ müsabiqəsindən kurikulum üzrə əldə etdiyi nəticələrini də paylaşsalar, yaxşı olar. 

Kurikulum təlimçiləri hər il  MİQ müsabiqəsində iştirak etsinlər. Bu şəxslərin  çoxusu MİQ müsabiqəsindən  kurikulum üzrə maksimum 10 sualdan 7-8-ni düzgün yazırlar. Mən də MİQ müsabiqəsindən kurikulum üzrə 7 sualı düzgün cavablayıram. Kurikulum müəllimlərin zəif yeridir.İnsanın zəif nöqtəsini tapıb, ondan istifadə etmək düzgün deyil”.

Elşən Ramizoğlu düşünür ki, kurikulum təlimçiləri keyfiyyət deyil, kəmiyyət axtarışındadır:

“Özlərini təlimçi adlandıranlar kitab nəşr etdirir. Amma onlara sual vermək lazımdır ki, nəşr etdirdiyin kitabda yazılanları haradan əldə etmisən?...

 Hər hansı mətndən “copy paste” edib kitab çıxartmaqla kurikulum təlimçisi olmur. “Kurikulum təlimçilərin” bəziləri mövzuları 1 saata öyrətdiyini bildirir. Maraqlıdır, həmin təlimçilər  1saata kurikulumu öyrədən sehrli çubuğu haradan əldə edirlər?!      

Təəssüf ki, kurikulum təlimçilərinin çoxunu keyfiyyəti deyil, kəmiyyəti düşünürlər. Təlimçilər 50 təbələrindən 5-nin yüksək nəticələrini paylaşırlar. Maraqlıdır digər 45 nəfərin aqibəti necə oldu? İnanın ki, yüksək bal toplayanlar  özləri əziyyət çəkərək nəticə əldə edib.

Bəzi təlimçilər də tələbələri cəlb etmək üçün “MİQ müsabiqəsindən təqdim edilən suallar mənim kitabımda salınacaq” kimi ifadələr səsləndirirlər.

Kurikulum "yol", “qaçış”, “istiqamət” deməkdir. Bu formada Əhmədin də, Məmmədin də kitabında yazılıb. 

“Kurikulum  təlimçiləri” MİQ müsabiqəsi bitdikdən sonra test mərhələsində salınan suallara uyğun vəsait tərtib edirlər. Növbəti imtahanlarda da bildirirlər ki, MİQ müsabiqəsinin test mərhələsindən salınan suallar mənim kitabımdan düşmüşdü. İnanın ki, MİQ müsabiqəsinin test mərhələsi üçün sualları hazırlayan ekspertin özləri də o şəxslərin heç birinin kitabına baxmır”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları