Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-19 17:35:00
Tələbələr yay tətilini necə dəyərləndirməli? - Gənclərə məsləhət

Ülkər Səttarova: “Dünyanın və Azərbaycanın bir sıra universitetlərində yay fəsli asudə vaxt kimi qiymətləndirilmir”

Qarşıdan yay tətili gəlir. Tələbələrin əksəriyyəti tətilin başlamasını həvəslə gözləyirlər. Bəziləri fikirləşir ki, yay tətilində də çalışmaq, öz bilik və bacarıqlarını artırmaq lazımdır. Çünki yalnız bu halda insan uğur qazana bilər. Tələbələrin digər bir qismi isə fikirləşir ki, uzun müddətli dərs mövsümünü geridə qoyandan sonra yaxşıca istirahət edib, növbəti tədris ilinə enerji toplamaq lazımdır. Əslində, tələbələr tətili necə dəyərləndirməlidirlər?

Suallarımızı Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, Strateji planlaşdırma şöbəsinin müdiri Ülkər Səttarovaya ünvanladıq. Müsahibim deyir ki. hər şey düzgün planlaşdırmadan asılıdır: "Əvvəllər belə bir yanaşma var idi ki, tələbələrin əksəriyyəti dərslərini və imtahanlarını bitirəndən sonra sentyabr ayına kimi istirahətə gedirdi. Amma indi bütün dünyada olduğu kimi, bizdə də bu məsələyə yanaşma tərzi dəyişib. Dünyanın və Azərbaycanın bir sıra universitetlərində yay fəsli asudə vaxt kimi qiymətləndirilmir. İndi tələbələr tətillərdə yay-qış məktəblərinə gedir, təcrübə qazanırlar. Onlar müxtəlif şirkətlərdə, dövlət qurumlarında, fabrik və zavodlarda təcrübə qazanırlar. Əlbəttə, demək olmaz ki, tələbələrin yüz faizi bu sahəyə yönəlir. Amma təqribən 80-90 faiz tələbələr özləri bu haqda rəhbərliyə müraciətlər edirlər. Çalışdığım universitetdə tələbələrin demək olar ki, 70 faizi bölgələrdəndir. Biz tələbələrin olduğu bölgələri nəzərə alaraq, onlara həmin ərazilərdə yerləşən təcrübə müəssisələrində şərait yaratmağa çalışırıq. Belə olanda uşaqlar yayda boş vaxtlarını yola sərf etmiş olmurlar”.

Həmsöhbətim deyir ki, müasir gənclər aktiv həyata üstünlük verir: "Əgər onlar düzgün istiqamətə yönəldilməsə, bütün vaxtlarını internetdə, sosial şəbəkələrdə hədər edəcəklər. Onlar hətta evdə olsalar belə, öz beyinlərini lazımsız informasiyalarla yükləyirlər. Yaxşı olardı ki, daha faydalı, öz ixtisaslarına uyğun bir işə yönəldilsinlər. Tələbələrin təcrübə qazanması, aktiv fəaliyyət göstərməsi o demək deyil ki, onlar davamlı şəkildə istirahətsiz çalışırlar. Onsuz da tələbələr orada bütün günü işləmirlər. Çünki onlar şirkətin əməkdaşı deyil. Tələbələr orada daha çox iş mühitini müşahidə edir və tanışlıq əlaqələri qururlar. Bu, onlar üçün yorucu və bezdirici olmur. Bu təcrübələr imtahan sessiyalarından bir neçə həftə sonra başlayır. Həmin müddət ərzində isə tələbələr istirahət etməyə kifayət qədər vaxt tapa bilirlər. Öz karyerasını indidən düşünən tələbə üçün əslində, bu da bir növ istirahət formasıdır”.

Həmsöhbətim hesab edir ki, tələbənin asudə və dərs vaxtları necə tənzimlənirsə, bu, onun gələcək həyatında da eyni qaydada davam edəcək: "Yuxarıda qeyd etdiyimiz nüansların hər biri əslində, düzgün planlaşdırmadan asılıdır. Vaxtını düzgün bölməyi bacaran tələbə daha həvəsli şəkildə və yeni ideyalarla tədris ilinə başlayır. Burada universitetin tələbənin vaxtının tənzimləməsi məsələsi də rol oynayır. Əgər tələbənin göndərildiyi şirkətdə ona uyğun şərait yoxdursa, yaxud təcrübə rəhbəri bu işdə maraqlı deyilsə, tələbə burada heç nə qazana bilməz. Planlaşdırma deyəndə, təkcə vaxtın idarə edilməsi nəzərdə tutulmamalıdır. Planlaşdırma həm də səmərəli işlərin görülməsinə də aiddir. Əslində, açıq havada olmaq, asudə vaxtı sərbəst keçirmək tələbə üçün çox mühümdür. Bu işlə əsasən tələbə həmkarlar ittifaqı məşğul olur. Bizim universitetdə isə tələbələrə aid iki qurum var və bu qurumların hər ikisi aktiv fəaliyyət göstərir. Onların bölgələrə səfəri, aktiv təlim və idman yarışlarının təşkil edilməsi və digər sosial layihələr bu qurumlar tərəfindən hazırlanır. Asudə vaxtın səmərəli keçirilməsi universitetdə mərkəzləşdirilmiş şəkildə aparıldığı zaman, daha faydalı nəticələr əldə etmək olur. Bəzi universitetlərin rayonlarda tələbə və müəllimlər üçün nəzərdə tutulan kampusları var. Orada tələbələrə geniş şərait yaradılıb. Bütün bu işlər düşünülmüş şəkildə və paralel olaraq aparılmalıdır”. (kaspi.az)