Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-19 17:02:29
Bu ölkədəki orta məktəblərdə ən yaxşı qiymət "1"-dir

Səudiyyə Ərəbistanı Asiya qitəsində yerləşən və şəriətlə idarə olunan İslam dövlətidir. Bura qəribə qayda qanunları ilə dünya ölkələrindən fərqlənir. Dövlətin qadınlara qoyduğu qadağalar təhsil sistemində də aydın sezilir. Əhalinin olduqca qapalı sistemdə yaşaması bu ölkəni hər kəs üçün maraqlı edir.

Bəs Səiudiyyə Ərəbistanının təhsil sistemindəki özəlliklər nələrdir?

Ölkənin qanunvericiliyində təhsillə bağlı iki maddə yer alıb. Bunlardan biri təhsili idarə edən 13-cü maddədir. Bu maddəyə əsasən təhsil gənclərin könlündə islam inancının formalaşmasını, yararlı vətəndaş olmalarına hədəflənib. Digəri 30-cu  maddədə isə, dövlət ənənəvi təhsili tənzimləyir, cahilliklə mübarizə aparır.

1925-ci ilədək bu ölkədə bir dənə də olsa dünyəvi məktəb yox idi. Amma cəmi 25 ildə bu sahə krallığın ən aparıcı inkişaf istiqamətlərindən birinə çevrildi və  1953-cü ildə Maarif Nazirliyi yaradıldı. Son 20 ildə isə (1990-2010) bu ölkədə təhsilin inkişafına, eləcə də təhsil müəssisələrinin ehtiyacının ödənilməsinə  30 milyard ABŞ dollarına yaxın vəsait xərcləndi. 1970-ci ildə ölkədə 3,3 min məktəb və kollec var idisə, yeni əsrin ilk ilində onların sayı 24 mindən çox idi. Bu ölkədə təhsilə marağın artım göstəricisi də maraqlıdır. Məsələn, hər il orta məktəb şagirdi olan oğlanların sayı 6,7 faiz, qızların sayı isə 11,2 faiz artır.

Ölkədə ali təhsil sisteminin özünəməxsus inkişaf tarixi var. Şəriət elmlərini öyrənən ilk müasir ali təhsil müəssisəsi 1949-cu ildə Məkkədə yaradılıb. 4 il sonra elə bu şəhərdə Pedaqoji İnstitut, Ər-Riyadda isə Şəriət İnstitutu açılıb. 1957-ci ildə Kral Səud Universitetinin əsası qoyulub. Bu ali təhsil müəssisəsinin  təsis olunması ölkədə müasir dünyəvi ali təhsil sisteminin tətbiqinin başlanğıcı hesab edilir. O, ərəb ölkələrində ilk universitetdir. 1961-ci ildə Mədinə şəhərində əsası qoyulmuş İslam, Kral Abduləziz,Taibba, Qassim və Taif universitetləri də yüksək səviyyəli tədris imkanları ilə tanınan ali məktəblərdəndir. İlk özəl universitet isə hələ 1999-cu ildə açılıb.

Hazırda ölkənin demək olar ki, bütün kollec və universitetlərində təbiət elmləri, texnologiya, hərbi, ilahiyyat, tibb və digər ixtisaslar üzrə kadrlar hazırlanır. Həyatın bütün sahələrində olduğu kimi təhsil sektorunda da din ünsürü nəzərə çarpır.  İslam dini və ilahiyyat elmi istiqamətində ixtisaslaşmış ali məktəblərin sayı  digərlərinə nisbətən çoxdur. Çünki dinin tədrisi bütün universitetlərdə icbari qaydada həyata keçirilir. Burada Quranın öyrənilməsi, şərhi, təfsiri, hafizlik və İslam ənənələrinin gündəlik həyata tətbiqi tədris proqramlarının əsas hissəsini təşkil edir.

İbtidai sinif istisna olmaqla təhsilin digər mərhələlərində  cinsiyyət ayrı-seçkiliyinə yer verilir. Orta təhsil məcburi olmasa da,  ibtidai sinfə qeydiyyat göstəricisi 96,5 %-dir.  Ölkədə 5 274 205 şagird təhsil alır. Onların 13 %-i özəl məktəblərin payına düşür. Təhsil dili ərəbcə olan ölkənin 6%-i oxumaq və yazmağı bilmir. Maraqlısı odur ki, burada büdcənin təxmini dörddə biri təhsilə sərf olunur.

Səudiyyə Ərəbistanında ibtidai təhsil 6 yaşdan başlanır və 6 il davam edir. Üç il natamam orta, üç il orta təhsil alan məzunlar ali məktəblərdə 4 il oxuyurlar. Bu ölkənin attestatları ABŞ və Qərb ölkələrində, eləcə də bütün ərəb dünyasında tanınır. Səudiyyə Ərəbistanı Krallığında bütün mərhələli təhsillər tamamilə pulsuzdur.  Üstəlik, ali məktəblərdə təhsil alanların hamısı kifayət qədər yüksək təqaüd alır və yataqxana, dərslik və tibbi xidmətlə təmin edilir. Ölkədə ödənişsiz təhsilin olması ilə yanaşı xarici ölkədə təhsil almaq istəyənlərin təhsil xərcini də dövlət ödəyir. Xarici ölkələrdə, xüsusilə dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq istəyənlərə dövlət qrant ayırır. Belə tələbələrə ayrılan təqaüd 700 dollar təşkil edir.

Səudiyyədə dərs ili sentyabrın 1-dən başlanır və 9 ay davam edir. Ölkə təhsil sahəsində bir çox ölkələrlə əhəmiyyətli əlaqələr qurur. Bu baxımdan tələbə mübadiləsi istiqamətində daha nəzərəçarpan uğurlar qazanılıb. 2005-ci ildə ölkə rəhbərliyinin təşəbbüsü ilə gənclərin inkişaf etmiş Qərb ölkələrinin qabaqcıl ali məktəblərində təhsil almasına dair təqaüd proqramı elan edilib. Həmin təqaüdlər təhsil və yaşayış xərclərini əhatə edir. Təkcə 2007-2008-ci tədris ilində 5000 nəfər səudiyyəli tələbə bu təqaüd proqramı hesabına xaricdə təhsil alıb.

Xaricdən gəlib burada təhsil alanlar da az deyil. Səudiyyə Ərəbistanında başda ABŞ olmaqla 150 000 əcnəbi tələbə dövlət təqaüdü ilə təhsil almaqdadır. Buradakı əcnəbi tələbələr tibbi sığorta ilə təmin olunur və ödənişsiz xidmətlərdən istifadə edirlər. Əcnəbi ölkələrdə təhsil almaq istəyən tələbələr əsasən Kanada, ABŞ, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya, İsveçrə, Fransa və Almaniyanın ali məktəblərini seçirlər. Proqram çərçivəsində təkcə Böyük Britaniyada 15.000 nəfər tələbə təhsil almışdır ki, onların da 25 faizini qızlar təşkil edir. Burada oğlanlarla qızlar arasında olan gender bərabərsizliyi təhsildə də nəzərə çarpır. 1960-cı ildə kral Faysalqız uşaqlarının təhsil alması haqda qərar verdikdə,  din  xadimi “qızların təhsil alması fəlakətdir” deyərək buna qarşı çıxmışdı. Uzun illər sonra mühafizəkar ailələr belə qızlarını məktəbə göndərməyə başladılar.  Amma təəssüf ki, sdon 50 ildə Səudiyyə Ərəbistanında yenə də qadınlar ikinci plandadırlar.

Kollec və universitetlərdə 200 000 dən çox tələbə təhsil alır. Onların təxminən yarısı qadındır. Təsadüfi deyil ki, burada 1961-ci ilədək qızlara təhsil verən müəssisə olmayıb. Yalnız 2009-cu ildə Səudiyyə Ərəbistanında oğlanlar və qızların birlikdə təhsil alacaqları universitet açılıb. Səhrada ucaldılan universitetin tikintisi iki il çəkib. Bu məqsədlə 1,5 milyard dollar sərf edilib. Kral Abdullah bin Əbdüləziz al-Səud ölkənin neft sahəsindən asılılığını azaltmaq məqsədi ilə fəaliyyətə başlayan müasir universitetdə dünyada ən sürətli super kompüterlər quraşdırıb. Bütün universitet avadanlığının dəyəri 1,5 milyard dollara yaxındır.

Hakimiyyət ölkənin mühafizəkar cəmiyyətinin modernləşdirilməsinə kömək edəcəyinə ümid edir. Buraya dini polisin girişinə qadağa qoyulacağı, universitet ərazisində qadınların maşınla hərəkət etməsinə icazə veriləcəyi artıq məlumdur. Qadınlardan dərslərdə çadra örtmək də tələb olunmadığı deyilir. Bütün bunlar islam qanunlarının hökm sürdüyü ölkə üçün olduqca ciddi yeniliklər sayılır. Tələbələrinin  təxminən 15 faizi əvvəllər Səudiyyə Ərəbistanından kənarda təhsil alan qadınlardır. Ölkədə bir zamanlar qadınların sərbəst şəkildə səyahət etməsi də yasaqlanmışdı. Kral Salman ibn Əbdüləziz əl-Səud bu qadağanı ləğv etdi.

Səudiyyə Ərəbistanında təhsil məcburi deyil. Bunun əvəzinə elm öyrənməyin dində hər kəs üçün məcbur buyurulması əsas götürülür. Amma Təhsil Nazirliyinin hazırladığı onillik strategiya planında isə təhsilin məcburi hala gətirilməsi barədə qərar verilib. Orta məktəblərdə qiymətləndirmə 1 və 4 bal arasında aparılır. “5” qiyməti yoxdur. Dərslərini yaxşı oxuyan şagird “1”, zəif isə “4” bal alır. Ən yüksək qiymət “1”-dir. Burada “ açıq təhsil” anlayışı var. Buna əsasən universitetlərdə dərslərdə iştirak etmək kimi məcburiyyət yoxdur, tələbə yalnız imtahanlara gəlir. Orta məktəbdə iki il ortaq təhsil aldıqdan sonra, yəni, ikinci sinifdən oğlan şagirdlər şəriət və idarəetmə, qızlar isə  elm və ədəbiyyat bölməsini seçə bilərlər. Din polisinin  qorxusundan yaşadıqları küçədə belə təkbaşına gəzə bilməyən qadınların ölkə xaricinə çıxa bilmək üçün həyat yoldaşı və ya atasından yazılı icazə alması tələb olunur. Bu, onların əcnəbi ölkələrdə təhsil almasına da təsirsiz ötüşmür. Belə ki, kişilər sərbəst şəkildə xaricdə təhsil ala bildiyi halda, qadınlara yalnız hansısa kişi qohumunun müşayiəti ilə buna icazə verilir. Hazırda qadınlar universitetə gedə bilərlər, amma kişilərdən ayrı təhsil almaları əsas şərtdir. əgər universitet müəllimi kişidirsə, dərs yalnız video və  audio vasitəsilə keçirilir. Qadınların işə düzəlməsi qadağan edilməsə də, onun işləməsi üçün müəyyən şərtlər var: İşləmək istəyən qadın öncə yaşayış üçün pula ehtiyacı olduğunu sübut etməlidir. Bura yalnız qadınların çalışdığı yer olmalı, qadınlar kişilərlə birgə işləməməlidirlər. İşləyən qadın ev işlərini təxirə salmamalı,  peşəsi qadının yanında məhrəm kişi olmadan səyahət etməsinə səbəb olmamalıdır. Qadının işləməsi üçün həyat yoldaşının yazılı icazəsi tələb olunur. Bütün bunlar təhsilli qadınların belə uğurlu karyera qurmasına mane olur. Nəinki təhsil, idman və incəsənət kimi sahələrdə də bu ayrı-seçkilik hiss olunur. Məsələn, dünya olimpiada oyunlarına qadın idmançı göndərməyən yeganə ölkə Səudiyyə Ərəbistanıdır. Yalnız  2012-ci il London olimpiadasına qadın idmançı göndərilib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları