Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-19 14:13:00
Olimpiada qalibləri birbaşa universitetə qəbul olunsunmu? – Ziyalılardan dəstək

Məlum olduğu kimi  mayın 15-də  Respublika Fənn  Olimpiadaları  qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirdi ki, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişiklik təklifi Təhsil Nazirliyi tərəfindən aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.

Bildiyimiz kimi hal-hazırda, yalnız beynəlxalq olimpiadaların qalibləri Azərbaycanda ali təhsil müəssisələrinə müsabiqəsiz qəbul oluna bilir. Lakin təkliflər müsbət həllini taparsa respublika fənn olimpiadalarının qaliblərinin də ali təhsil müəssisələrinə imtahansız qəbul olmalarına imkan yaratmış olacaq.

AzEdu.az bununla bağlı millət vəkilləri, tanınmış ictimai şəxslərin rəylərini sizə təqdim edirik.

Fazil Mustafa (millət vəkili) – “Təhsil Nazirliyi tərəfindən hər il təşkil olunan respublika fənn olimpadaları məktəblilərin elmi biliklərə yiyələnməsinin stimullaşdırılması üçün olduqca faydalıdır. Burada istedadlı məktəblilərin üzə çıxarılması, onların cəmiyyətə tanıdılması və beynəlxalq olimpiadalara hazırlığa cəlb olunması təhsil mühitində ciddi bir canlanma yaratmışdır. Olimpiada qaliblərinin ali təhsil müəssisələrinə birbaşa qəbul olunması o baxımdan zəruridir ki, artıq məktəb dövründən konkret məktəbliyə öz istedadına görə seçim imkanı yaradır və digər məktəbliləri də fənn olimpiadalarında yarışa girməyə həvəsləndirir. Ali məktəblərə daxil olmanın şərtləri onsuz da mürəkkəb olmamalıdır, bu cür hazır kadrların bu məktəblərə qəbulu isə həmin təhsil ocaqlarının ancaq faydasına ola bilər. Fikrimcə, yuxarıda qeyd olunan məsələ ilə əlaqədar qanunvericilikdə lazımi dəyişikliklərin edilməsi üçün addımlar atmanın vaxtı yetişib”.

Qüdrət Həsənquliyev (Millət vəkili)  - “Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimindən yüksək təəssüratla ayrıldım. Sevindirici haldır ki, fənn olimpiadalarının qalibləri ali məktəblərə qəbul imtahanlarında da yüksək nəticələr göstərirlər. Bu isə öz növbəsində olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulunu zəruri edir. Düşünürəm ki, olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulu orta təhsil müəssisələrində tədris prosesinə müsbət təsir göstərəcək, ayrı-ayrı fənlərə olan marağı daha da artıracaq.

Çingiz Abdullayev (xalq yazıçısı) -  “Beynəlxalq olimpiadaların qaliblərinin  Azərbaycanda ali təhsil müəssisələrinə müsabiqəsiz qəbul oluna bilər, bizim öz ölkəmizdə olanlar olmaz deyə bir şey yoxdur. Əksinə, biz elə birinci öz ölkəmizdəkinə dəyər verməliyik. Bizim insanlarda bir fikir var, bizim yazıçı yaza bilməz, bizim rəssam çəkə bilməz, bu da eyni ilə onu kimi. Amma elə deyil. Bizim çox istedadlı və həddindən artıq savadlı uşaqlarımız var və onlar mütləq qiymətləndirilməlidir. Bu, həm də şagirdlər arasında rəqabəti gücləndirəcək, oxumağa daha çox həvəs yaranacaq”.

Zahid Oruc (millət vəkili)  - “Artıq  ənənə halını almış Azərbaycanın orta məktəblərinin içərisində seçilən  qaliblərin mükafatlandırılması mərasimi  böyük bir təhsil bayramıdır. Niyə biz bunu geniş miqyasda nəzərə alırıq? Çünki həmin insanlar bu ölkənin gələcəyidirlər. Xalqları, millətləri irəliyə aparan müəyyən sayda insanlar olur hər zaman da dövlət onları qızıl təbəqə kimi qoruyub saxlamalıdır. Nazirlik tərəfindən bu prosesin şəffaf qaydada aparılmasına heç bir şübhə yoxdur. Çünki nə media qurumları, nə də virtual məkanın nümayəndələri tərəfindən bu prosesə kiçik bir narazılığa da şahid olmamışıq. Hörmətli nazir Ceyhun Bayramov tərəfindən orada çox aydın bir nitq və həmçinin proseslərin dəyərləndirilməsi, təhlili ilə yanaşı qarşıdakı dönəmə çox yaxşı hədəflər elan olundu.  Onların sırasında qeyd etdiyini məsələ də, yəni  o insanlar ki, çox mühüm mərhələlərdən keçirdilər və o adı qazanıblar bunlar artıq ölkə miqyasında elan olunan və dövlət tərəfindən keçirilən imtahanlarda daha üst səviyyəyə gəlib çatıblar. Hər zaman stimul pilləkəni kimi onu qoruyub saxlamaq üçün qeyd edilən məsələni biz parlamentdə hüquqi müstəviyə gətirməliyik, qanunvericiliklə təsdiq etməliyik və belə olan təqdirdə bütün ölkə miqyasında gələcəkdə elm yolunda getməyi qarşısına hədəf qoyan bizim gənclərimiz, yeniyetmələrimiz şübhəsiz ki, ondan faydalana biləcəklər. Olimpiada qaliblərini təbrik edərkən  əslində bu millətin təbrikidir, xalqın gələcəyini görənlərin təbrikidir”.

Elçin Mirzəbəyli (Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru) – "Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi bütövlükdə təhsil sistemində aparılan islahatlarla bağlı təəssüratlarımı daha da artırdı. Fənn olimpiadaları orta təhsil məktəblərində tədris olunan fənlərə olan marağın artması, təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından çox mühüm stimullaşdırıcı əhəmiyyət kəsb edir. Son bir neçə ildə görülən işlər nəticəsində bu prosesin formal müstəvidən qoparaq çox böyük sıçrayışla irəlilədiyini, nəticələrin ildən-ilə yüksəldiyini görmək olduqca sevindiricidir. Fənn olimpiadaları şagirdlərdə elmə, təhsilə olan marağın artması, onların xarakterinin formalaşması baxımından da önəmlidir. Fənn olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulu ilə bağlı Təhsil Nazirliyinin təşəbbüsünü dəstəkləyir və addımın orta təhsil müəssisələrində yüksək keyfiyyət dəyişikliklərinə səbəb olacağını düşünürəm”.