Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-19 13:46:00
 I və IV qrup abituriyentlərinin seçimi elmə necə zərbə vurur? - Həkim xalatı və kompüterə heyranlıq

Sabah I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanları keçiriləcək. Bu imtahanlarda şagirdlərin əsasən, dəqiq və təbiət elmləri üzrə bilikləri yoxlanılacaq. Statistikaya görə, I və IV ixtisas qruplarına hazırlaşan və yüksək nəticə göstərən abituriyentlərin əksəriyyəti kompüter texnologiyalarına və ya tibbi ixtisasları seçməyə üstünlük verirlər. Elmə istiqamətlənənlərin və elmlə məşğul olmaq istəyənlərin sayı çox azdır.

Məsələ ilə bağlı AzEdu.az-a danışan akademik, fizika-riyaziyyat elmləri doktoru Hatəm Quliyev bildirib ki, bu gənclərin daha yaxşı yaşamaq istəyindən irəli gəlir:

“Camaatın içində hamıdan yaxşı yaşayanların həkimlər olduğunu düşünürlər. Əsas məsələ də məhz budur. Elmi naliyyətlər isə çox uzun bir dövrə hesablanır. Elmdə yaxşı nəticə əldə etmək üçün gərək, 15 il vaxt keçsin. Bu müddətə də cavan uşaq ailə qurmalı, ev almalıdır. Tək bizim ölkəmizdə yox, dünyada da belə bir tendensiya var. Tibbdə isə 6 il oxuyub  həkim olmaq mümkündür. Yaxşı həkimdirsə, yaxşı da dolanacaq.

Elmə sovet düşüncəsiylə yox, müasir düşüncəylə yanaşmaq lazımdır. Çünki elm tək Azərbaycana məxsus deyil,  həm də  dünyəvidir. Savadlı gənclərimiz başqa ölkələrə gedərək özlərini inkişaf etdirirlər”.

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimya elmləri doktoru, Vaqif Fərzəliyevin sözlərinə görə, bu, şagirdlərin şəxsi seçimləridir:

“Keçmiş dövrdən indiyə qədər şagirdlərin marağı tibbə, humanitar elmlərə olub. Hüquqa prokuror, tibbə  isə həkim olmağa görə sənəd verirlər. Şagirdlərin elmlə məşğul olmaq istəməmələrinin əsas səbəbi sosial məsələlərin hələ də öz həllini tapmamasıdır. Hər bir sahədə olduğu kimi elmdə də cavanlaşma getməli, yeni qüvvələr cəlb olunmalıdır. Yaranan narahatlıq  müvəqqətidir. Dövlət elmə fikir verir və  getdikcə sosial məsələlər öz həlllini tapır”.