XƏBƏRLƏR

27.01.2020 10:51
Otmanbozdağ vulkanının təhlükə riski tədqiq olunub

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Qaradağ rayonunda yerləşən Otmanbozdağın təhlükə riskini tədqiq ediblər.

İnstitutdan AzEdu.az-a bildirilib ki, tədqiqatlar “Norm” MMC ilə imzalanmış müqaviləyə əsasən reallaşıb. Belə ki, vulkanın 2017-ci və 2018-ci illərdə iki fazalı püskürməsi qeydə alınıb və bu da vulkan sahəsində yerləşən “Norm” MMC-yə məxsus qazpaylayıcı stansiya üçün təhlükə riskini formalaşdırıb.

Tədqiqatlar zamanı Azərbaycanın ən iri və aktiv palçıq vulkanlarından olan Otmanbozdağın yerləşdiyi sahənin gərginlik vəziyyəti qiymətləndirilib, yer qabığının, eləcə də tektonik dislokasiyaların hərəkət istiqamətləri müəyyən edilib. Paroksizm nəticəsində xaric olunan palçığın axma sürəti hesablanıb, şərq və qərb eruptiv mərkəzlərindən tullanan brekçiyanın potensial axma istiqamətləri üçün qanunauyğunluq müəyyənləşdirilib, həmçinin onların maksimal hərəkət sərhədləri göstərilib.

Kompleks tədqiqatlar nəticəsində potensial risk qiymətləndirilib və qazpaylayıcı stansiyanın yerinin dəyişdirilməsi tövsiyə olunub.