Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-23 16:57:00
Rektorun müjdəli xəbəri, imtahan prosesindən maraqlı anlar-Jurnalistlərin BDU-da bir günü-REPORTAJ

 

Bakı Dövlət Universitetində (BDU) 2019-2020-ci tədris ilinin payız semestrinin  imtahan sessiyasında imtahanlara ictimai baxış keçirilib.

AzEdu.az xəbər verir ki, universitetin rektoru Elçin Babayev,  BDU rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri,Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, media və ictimaiyyət nümayəndələri mediaturda iştirak edib.

Doğma universitetim - elm və təhsil ocağı, Cümhuriyyət yadigarı Bakı Dövlət Universiteti...

İmtahan otaqlarına baxış keçirməzdən əvvəl rektor Elçin Babayev qonaqlarla bəzi məsələləri müzakir edir. O, Təhsil nazirinin əmrinə uyğun olaraq bütün tələblərin nəzərə alındığını, texniki-təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyini, imtahanların təşkili və keçirilməsi istiqamətində islahatların aparıldığını, xoşagəlməz halların minimuma endirildiyini, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şəraitin yaradıldığını və fakültə dekanları, kafedra müdirlərinin qarşısında konkret vəzifələr qoyulduğunu bildirir.

“İmtahanların bir qayda olaraq yazılı formada, zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə şifahi-dialoq və test formasında keçirilir. Tələbələrin imtahanlarla bağlı yaranan istənilən müraciətlərinə İmtahan Qərargahı tərəfindən  operativ qaydada baxılır. Qərargahın nəzdində apellyasiya komissiyası fəaliyyət göstərir. Biz tələbələrə tövsiyə edirik ki, öz imtahan nəticələrindən narazı olduqda apellyasiya komissiyasına müraciət etsinlər.Biz bu ərizlərə baxılma müddətini də minumuma endirmişik ki, ən qısa vaxt ərzində tələbələr cavab alsın. Onu deyim ki, bu müraciətlər tələbələrin ümumi sayının  heç bir faizini də təşkil etmir. Bu isə onun göstəricisidir ki, imtahanlar şəffaf şəkildə aparılır, yoxlamalar da yüksək səviyyədə həyata keçirilir. Amma hər bir müraciətə xüsusi bir həsaslıqla yanaşırıq. Hər hansı subyektiv yanaşma olduqda, biz yenidən yoxlamadan da istifadə edirik.  Əgər imtahan yoxlanılmasında müəllimin səhvi varsa, biz inzibati qaydada onu cəzalandırırıq.  Bu imtahan sessiyası ərzində bir neçə müəllim cəzalandırılıb. Onların xətaları diqqətsizlikdən baş verib. Çünki gün ərzində 6 mindən çox tələbə imtahan verir. Böyük rəqəm, böyük məsuliyyətdir. Hər hansı diqqətsizlik, yorğunluq hallarından xətalar baş verə bilər. Elə bu halların qarşısını almaq məqsədilə daha çox müəllimi yoxlama prosesinə cəlb edirik”.

Tarixin və müasirliyin xüsusiyyətlərini özündə qoruyub saxlayan bu 101 yaşlı elm ocağı milyonlarla tələbənin ümid yeri olub.  Bura qəbul olmaq, təhsil almaq əksər abituriyentin arzusu və hədəfi olur. Bu gün jurnalist, təhsil eksperti kimi mediaturda iştirak edən qonaqların bəziləri öz gəncliyini məhz BDU-da keçirib, hər daşına, divarına bələd olublar. Elə ona görə də sanki BDU öz övladlarına “xoş gəldiniz” deyir.

Mediatur iştirakçıları bir-bir imtahan otaqlarına baş çəkir. Tələbələrin çətinlikləri ilə maraqlanırlar.

17 bal lazımdır”

II ikinci kurs kimya fakültəsinin tələbəsi yazılı imtahanlardan şikayətlənir:

“Məktəblərdə testə öyrəşdiyimiz üçün yazılı imtahan çətin gəlir.Həm hazırlaşmaq lazımdır, həm də yazmaq...  Hələ yaxşı ki, bilet dəyişməyə imkan verilir. Bilmədiyimiz sual olanda bir dəfə dəyişmək şansımız olur. İndi fizika imtahanıdır. 3 imtahandan kəsirsiz keçmişəm, amma bu xeyli çətindir. Gördüyünüz kimi, yazmağa 5-ci sualdan başlamışam(gülür). 17 bal lazımdır”.

Tələbələrə uğurlar arzulayıb İmtahan Qərargahına yollanırıq. Yəqin heç  bir tələbə yazısının bura göndərilməsini istəməz. Bura imtahanla yanaşı, əlavə stress, gərginlik qərargahıdır.

 Qərargahın sədri, professor Elşad Qurbanov  bildirir ki, Qərargah imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi daha yüksək səviyyədə təmin etmək, mümkün münaqişələri və neqativ halları operativ surətdə aradan qaldırmaq məqsədilə yaradılıb.

“Qaynar xətt”, elektron poçt və Universitetin bütün tədris korpuslarında şikayət və təkliflər üçün mövcud qaydada möhürlənmiş qutular vasitəsilə məlumatlar da daxil olur. Qərargah, eyni zamanda, Təhsil Nazirliyində fəaliyyət göstərən “Qaynar xətt” xidmətindən daxil olan hər bir şikayətin operativ surətdə araşdırılmasını və nəticəsi barədə Təhsil Nazirliyinə məlumatların verilməsini təmin edir. Eyni zamanda apellyasiya şikayətlərinin araşdırılması zamanı aşkar edilmiş ziddiyyətlərin aradan qaldırılması ilə bağlı təkliflər hazırlayır, lazım olduqda isə ekspert və mütəxəssislər cəlb edirlər”.

O, həmçinin, qeyd edir ki, bu semesterdə 600-dən çox şikayət ərizəsinə baxılıb, 18 nəfərin qiyməti düzəldilib. 35 nəfər isə cəmi 50 bal topladığı üçün müraciət edib. Rektor həmin tələbələrə bir bal “bağışlayıb”.

Rektor Elçin Babayev  yaxın gələcəkdə universitetin elektronlaşdırılmasından  danışıb:

“Universitet bu işlərə gec başlasa da, uğurlu start götürüb. Söhbət bütün universitetin elektronlaşmasından gedir. Bizim bir üstünlüyümüz də ondan ibarətdir ki, bu iş müəllim və tələbə kollektivimizə həvalə olunub.  Biz ölkədəki təcrübə ilə yanaşı, İsrailin Kolon Texnologiya İnstitutunun təcrübəsindən də bəhrələnirik”.

...Və imtahan nəzarət şöbəsi... Bu şöbədən imtahan otaqlarına zəng ediləndə bütün tələbələr “nəfəsin tutub”dayanırdı: İndi kimisə çıxaracaqlar, kimisə cəzalandıracaqlar düşüncəsi ilə. Onlar bu otağı görmürlər, heç görmək də istəməzlər. Çünki yalnız imtahandan hansısa neqativ hal ucbatından çıxarılan tələbə bura gətirilir, ona öz xətası göstərilirdi.

Rektor isə qeyd edir ki, bu nəzarət tələbəni cəzalandırmaq, onları imtahandan azad etmək üçün yaradılmayıb. Bu, sadəcə imtahanın şəffaf keçirilməsini təmin etmək məqsədi daşıyır:

“Tələbə biləndə ki, onun imtahanda hər hərəkəti nəzarət altındadır, neqativ hallara yol vermir. Buna risk eləmir. Bütün imtahan prosesi yazılır və ən azı ay yarım saxlanılır. Lazım olduqda həmin görüntülərdən istifadə edilir.  Əvvəl belə idi ki, köçürmə edən tələbə dərhal imtahandan çıxarılır və ona töhmət verilirdi. Biz bu qaydanı  nisbətən yumşaltmışıq.Birinci dəfə xəbərdarlıq edirik, amma təkrar hallar olarsa, lazımı qaydada cəzalandırılır”.

İmtahana bir gün qalmış gərgin rejimlə “şparqalka” hazırlayan tələbələr...

Rektor həmçinin onların da  “yaradıcılığından” danışır:

“Bəzən maraqlı üsullara əl atan tələbələr də görürük. Xətkeşin üstünə balaca-balaca qeydlər yazırlar. Mən belə tələbənin cəzalandırılmasının əleyhinəyəm. Çünki onu oxuyub, lazımı qeydləri yazıbsa, ən azı nəsə öyrənib”.

Elə bu fikirlə təhsil ekspertləri də razılaşdılar. Kamran Əsədov maraqlı bir dünya təcrübəsindən nümunə səsləndirir:

“Cənubi Kareyada belə bir qayda var. Müəllim tələbələrə müraciət edir ki, kimin konspekti varsa, ona qiymət veriləcək. Yəni müəyyən bilgiləri konspektləşdirmək üçün tələbə materialları oxuyur. Təbii ki, o yüksək qiymətləndirilmir, amma minumum balla qiymət verilir”.

Yataqxanalar universitetin ən əhəmiyyətli və vacib bir parçasıdır. Tələbələrin əksəriyyəti, xüsusilə rayonlardan şəhərə gələnlər yataqxanada yaşamağa həm maddi, həm də təhlükəsizlik baxımdan üstünlük verir. Onların bu yataqxana otaqlarında maraqlı tələbəlik illəri yaşanır. Yeni müasir yataqxana isə ...

Gözəl xəbəri rektordan eşidək:

“Yataqxana artıq hazır vəziyyətə gətirilib. Bütün şərait yaradılıb. Otaqlarla yanaşı, mətbəxt, yeməkxana, kitabxana, oxu zalı asudə vaxtlar üçün otaqlar, tibb məntəqələri, mağaza və s. yaradılıb. Hazırda məişət avadanlıqları quraşdırılır. Daha çox aztəminatlı ailələrin, rayondan gələn tələbələrin burada yaşayışı təmin ediləcək. Həmçinin xarici tələbələrin də burada yaşamağı nəzərdə tutulur.  Biz qəbul edirik ki, yaşayış şəraitinin yaxşı olması, təhsilə təsir edən ən mühüm faktorlardan biridir”.

Və beləliklə, mediatur xoş təəssüratlarla başa çatdı.