Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-23 11:27:00
Professor İsmayıl Kazımov: Yeni tip qrammatika kitabları Azərbaycanda da yazılmalıdır

XXI əsrdə dilçilik bir elm kimi tədqiqat istiqamətini dəyişir, aktivləşir, dilə, onun vasitə və kateqoriyalarına milli-mədəni kod kimi, eləcə də kommunikasiya və dərketmə silahı kimi baxılır. Belə bir fikir formalaşır: “Mənim dilimin sərhədləri mənim dünyamın sərhədlərini təyin edir”. Bu ideyanın işığında müasir Azərbaycan dilinin bölmələrinə yeni istiqamətdə yanaşmaq lazım gəlir. Dünya dilçiliyində linqvistik ideyalar çoxaldıqca və inkişaf etdikcə yeni qrammatikaların meydana çıxması labüdləşir. Belə qrammatika tiplərindən biri də assosiativ qrammatikadır.

AzEdu.az xəbər verir ki, bu fikirlər AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Müasir Azərbaycan dili şöbəsinin müdiri, professor İsmayıl Kazımovun “Müasir Azərbaycan dilinin assosiativ qrammatikası” məqaləsində yer alıb.

Məqalədə ilk dəfə olaraq müasir Azərbaycan dilinin assosiativ qrammatikasının yaradılması məsələləri işıqlandırılır. Müəyyənləşir ki, belə bir qrammatika və lüğət ənənəvi qrammatika və lüğətlərdən prinsipial olaraq fərqlənir və müasir dövrümüzdə assosiativ prosesin nəticəsi kimi meydana çıxan assosiativ qrammatika dilçilik elminin müstəqil sahələrindən birinə çevrilməkdədir. Assosiativ qrammatika rus dilçiliyində B.Y.Norman və Y.N.Karaulov tərəfindən ilk dəfə olaraq yazılıb.

Alim məqaləsində sözə assosiativ aspektdə yanaşır. Azərbaycan lüğətçiliyində assosiativ lüğətlərin yaradılmasının labüd olmasını vurğulayır. Qeyd edir ki, bu məsələləri daha dərindən öyrənmək üçün ən mühüm mənbə inteqrativ–assosiativ lüğətlərdir ki, o da Azərbaycan leksikoqrafiyasında yoxdur. Yəni, Azərbaycan dilçiliyində inteqrativ əlaqə baxımından bu, yeni bir istiqamət təşkil edir. Həmçinin mətn kommunikasiya forması olduğundan bu mövzunun tədqiqi aktuallıq kəsb edir. Eləcə də bu qrammatika assosiativ-verbal şəbəkə yaradaraq dilin qrammatik quruluşuna yeni yanaşması ilə fərqlənir, yeni tədqiqatların perspektivlərini nəzərə çatdırır, ontoloji məsələlərə cavab vermək üçün əlverişli şərait yaradır.

Müəllif belə nəticəyə gəlir ki, müasir Azərbaycan dilinin assosiativ qrammatikasını yazmaqdan ötrü öncə assosiativ lüğətlər tərtib edilməlidir. Assosiativ lüğətlər yeni linqvistik mənbədir və dil istedadının (bacarığının) təhlil alətidir. Azərbaycan dilinin assosiativ lüğətini hazırlamaq qarşıda bir məqsəd kimi durur. Azərbaycan dilinin assosiativ normalarını müəyyənləşdirmək də qarşıda duran problemlərdəndir.