Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-22 13:59:00
Fənn olimpiadalarının yarımfinal turu haqqında zəruri bilgilər - Qaydalar

Respublika Fənn Olimpiadalarının yanvarın 12-sində keçirilən rayon mərhələsinin nəticələri məlum olub. Nəticələrə əsasən Respublika təşkilat komitəsi və münsiflər heyətinin qərarı ilə müvafiq fənlər və siniflər üzrə keçid faizi aşağıdakı kimi müəyyənləşdirilib.

Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və kimya fənləri üzrə 50%, fizika və tarix fənləri üzrə  30%, Biologiya fənni üzrə 9-cu sinif 30%, 10-cu sinif 40%, 11-ci sinif 50%, Coğrafiya fənni üzrə 9-cu sinif 40%, 10-cu və 11-ci siniflər 50%, İnformatika fənni üzrə 9-cu və 10-cu siniflər 50%, 11-ci sinif 30 % müəyyən edilib.

Rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində iştirakı təsdiq edilən beynəlxalq fənn olimpiadalarının qalibləri respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək. Şagirdlərin ümumi nəticələri barədə məlumat yerli Təşkilat komitələrinə göndərilib.

Bu mərhələni adlayan şagirdləri isə növbəti turun təşkili qaydalaraı maraqlandırır.

AzEdu.az məlumat verir ki, republika mərhələsinin yarımfinal turu martın 2-ci bazar günü müəyyən edilmiş mərkəzlərdə keçirilir. Bu mərkəzlər müxtəlif bölgələrdəki ümumi təhsil müəssisələri arasından seçilir.

Respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlər rayon mərhələsinin nəticələrinə əsasən müəyyənləşdirilir. Rayon mərhələlərində hər fəndən sualların ən azı 60%-nə düzgün cavab vermək şərtilə, hər sinif üzrə ilk 3 yeri tutmuş şagird yarımfinalda iştirak hüququ qazanır.

Gəncə və Sumqayıtdan hər sinif üzrə ilk 5, Bakıdan isə hər sinif üzrə ilk 20 yeri tutan şagird yarımfinalda iştirak hüququ  qazanır.

Bu mərhələnin yarımfinal turunda suallar münsiflər heyəti tərəfindən siniflər üzrə, məktəb proqramına uyğun tərtib edilir. Əvvəlki turla müqayisədə nisbətən çətinləşdirilmiş 10 qapalı test formatında hazırlanır. Şagirdlərə fəndən asılı olaraq 30-40 sual təqdim olunur və cavablandırmaq üçün 3 saat vaxt verilir.

Qeyd edək ki, növbəti mərhələyə qeydiyyat 05-15 fevral 2020-cu il tarixlərində www.olimpiada.edu.az saytı vasitəsilə həyata keçiriləcəkdir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları