Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-18 11:31:29
Laçın səmasının 26 illik sakinləri  - Laçının Milli Qəhrəmanları

Bu gün Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il ötür.  Laçın 1992-ci il may ayının 17-dən 18-nə keçən gecə işğal olunub.

Həmin gün Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal edib.

Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər.

İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən, 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalıb.

AzEdu.az  Laçının Milli Qəhrəmanları haqda məlumatı təqdim edir:

İsrafil Şahverdi oğlu Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunun Unannovu kəndində anadan olub. 1959-1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil alıb, 1971-1974-cü illərdə isə hərbi xidmətdə olub. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb.

6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil öz bölüyü  ilə döyüşə girir. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilir. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə olub. Bir neçə istiqamətdən hücuma keçən bölükdə ölən və yaralananlar çox olur. Bu zaman döyüşçü dostlarını xilas edən İsrafil pulemyotun başına keçir və qarşı tərəfdən atılan güllə onun həyatına son qoyur.

Kamil Baladə oğlu Nəsibov 8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olub. 1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirib. Daha sonra  ordu sıralarına çağırılır. Üç ildən sonra ordudan tərxis edilərək vətənə qayıdır, 1973-cü ildə isə Azərbaycan Politexnik İnstitutuna daxil olur.

1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qaldığı zaman Kamil könüllülərdan ibarət özünümüdafiə bölüyü yaradıb və özünün komandir olduğu 30 nəfərdən ibarət bu bölüklə Sadınlar, Malıbəyli, Xanallar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərib.

1992-ci il 29 iyun tarixində Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdən birində Kamil Nəsibov snayper gülləsidən ağır yaralanıb, döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də cəsur komandir etiraz edərək döyüş meydanını tərk etməyib və nəticədə çoxlu qan itirərək həlak olub.

Fazil Umud oğlu Mehdiyev  20 avqust 1966-cı ildə Laçın rayonunun Ələkçi kəndində anadan olub. Körpə olarkən onun ailəsi Ağdamın Abdal Gülablı kəndinə köçüb, 1983-cü ildə məktəbi burada bitirib. 1984-1986-cı illərdə hərbi xidmətdə olan Fazil, 1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılır. O, 1991-ci ilin avqust ayında erməni işğalçılarına məxsus "Niva" markalı avtomobili ələ keçirib polis idarəsinə təhvil verib. 1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə ermənilər Abdal Gülablı (Gülablı) kəndinə hücum edirlər. Fazil dostu Salehlə maşına minib döyüşə tələsir. Ağdama gələn yolda pusqu quran ermənilər onları atəşə tuturlar və Fazil bu döyüşdə faciəli surətdə həlak olur.

Oqtay Güləli oğlu Güləliyev 10 noyabr 1962-ci ildə Laçın rayonunun Xaçınyalı kəndində doğulub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 1984-cü ildə isə Poltava Kooperativ İnstitutunun Bakı filialına qəbul olunub.

Laçın polisində işlədiyi dövr Erməni-Azərbaycan münaqişəsinin daha da kəskinləşdiyi bir dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də polis işçisi kimi ermənilərə qarşı əməliyyatlarda iştirak edib. Uğursuzluqla sona çatan "Daşaltı əməliyyatı" zamanı onun komandiri olduğu bölük mühasirəyə düşən 80  əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olub.

Oqtay Güləliyevin Laçın dəhlizini geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatıb və beləliklə Gorus-Şuşa yolu nəzarətə alınıb. Lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olaraq Oqtay Güləliyevin qüvvələri mühasirəyə alınıb. 11 oktyabr 1992-ci ildə Hoçaz yüksəkliyində gedən ağır döyüş onun son döyüşü olub. Döyüşçülərini təhlükəsiz yerə keçirə bilsə də, bu döyüşlərdə Oqtay Güləliyev özü qəhrəmancasına həlak olub.

Ələsgər Xanlar oğlu Novruzov  1 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində anadan olub. 1966-cı ildə Kürdhacı kənd orta məktəbini(hal-hazırda Kürdhacı kənd Ə.Novruzov adına orta məktəb) əla qiymətlərlə bitirib. 1968-1970-ci illərdə Ermənistan Sovet Sosialist Respublikasının Leninakan şəhərində hərbi xidmətdə olub. 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1973-cü ildə oranı bitirərək bədən tərbiyəsi müəllimi ixtisasına yiyələnib.

1991-ci ildə keçirilən əməliyyatların əsas iştirakçılarından biri olan Ə.Novruzov dəmir yolunun dağıdılıb Xankəndinə gedən yolun bağlanmasında Xankəndi-Norağuğ yolunda 2 maşın 20-yə qədər erməninin məhv edilməsində yaxından iştirak edib.

25 fevral 1992-cı il tarixində, təxminən, gecə saat 11-ə qalmış başlanan döyüşdə Ə.Novruzovun dəstəsi misilsiz qəhrəmanlıqlar göstərib. O, sərrast atıcı olduğundan 20-yə qədər erməni quldurunu məhv edib. Səhər saat 5-ə qədər öz mövqelərindən çəkilməyən döyüşçülər artıq ermənilərin cinahından çəkilməyə məcbur olublar. Son gülləsinə qədər döyüşərək sonra huşsuz qalıb. Ermənilər ona huşsuz halda işgəncələr verərək qətlə yetiriblər.

Qorxmaz Abış oğlu Eyvazov 1 aprel 1967-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. O, Güləbird kənd orta məktəbini 1984-cü ildə bitirərək Laçın rayon 127 saylı texniki peşə məktəbinə daxil olub.

1985-ci ildə ordu sıralarına çağırılaraq hərbi xidmətini Ukraynada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçirib.

O, 1988-ci ildə Laçında yaradılmış partizan dəstəsinə qoşulur. 4 avqust 1992-ci ildə erməni quldurları yenidən Qızartı dağını ələ keçirmək üçün hücuma keçirlər və Qorxmaz qolundan güllə yarası alır. O,qolunun fəaliyyətinin itirilməsinə baxmayaraq bir neçə ay çəkən müalicədən sonra yenidən döyüşlərə qatılır. Füzuli rayonu  ərazisində gedən döyüşlərdə Qorxmaz böyük şücaət göstərir. Horadiz əməliyyatı zamanı göstərdiyi igidliyə görə onu rota komandiri təyin edirlər və Daxili İşlər Nazirliyi tərəfindən mükafatlandırılır.

10 fevral 1994-cü ildə Cəbrayıl rayonu Cocuq-Mərcanlı kəndi uğrunda gedən döyüşdə  düşmənin xeyli canlı qüvvəsini məhv etsə də, döyüşdə özü də həlak olur.