Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-17 16:38:00
Magistraturaya qəbulda dəyişikliyin müsbət tərəfi:Bu qərarla xeyli gənc kadr qazanacağıq”

Məlum olduğu kimi,  Nazirlər Kabineti ali təhsil müəssisələrinə və AMEA-ya magistratura səviyyəsi üzrə qəbul qaydalarında dəyişiklik edib. 

Dəyişikliyə əsasən qəbul  imtahanı bir pilləli keçiriləcək, yəni  namizədlər ixtisas  imtahanından azaddırlar.

Xatırlamaq zəruridir ki, qəbul olunan qərar çox vacib aktuallığına görə fərqləndirilməlidir. Bir çox ölkələrdə magistratura səviyyəsinə bu cür qəbul şərtləri artıq uzun müddətdir ki, tətbiq olunur. Səmərəsini isə həmin ölkələrin təhsil və elminin yüksək inkişafına nəzər yetirdikdə həmən anlamaq olar.

Bəs ümumilikdə bu dəyişiklərin başqa nə kimi perspektivləri, səmərəsi var?

Mövzu ilə bağlı AzEdu.az-a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov bu qərarın müsbət tərəflərini  vurğulayıb:

“Biz hər zaman o fikirdə olmuşuq ki, Azərbaycanda təhsil standartları beynəlxalq standartlara, dünyanın  elmtutumlu ölkələrinin qaydalarına uyğunlaşdırılsın,  insanların təhsil alma imkanları daha da artırılsın. Bu baxımdan fikirləşirəm ki, dəyişiklər müsbət qərardır.  Magistraturaya  qəbul  imtahanlarına hazırlaşmaq tələbələrin kifayət qədər vaxtını alırdı.  Onsuz da tələbələr bakalavr səviyyəsini  başa vurub diplom alarkən ixtisas fənlərindən dövlət imtahanı verirlər. Ona görə də onların təkrar bu imtahanı verməsinə ehtiyac yoxdur.  Əlavə imtahanlar insanları iki-üç dəfə  stressə məruz qoymaq deməkdir.  Bütövlükdə isə magistratura pilləsinin əlçatanlılığının pozulması, gənclərin bu təhsildən uzaqlaşması deməkdir”.

Məsul katibin fikrincə, istər bakalavr, istərsə də magistraturaya qəbul imtahanlarını asanlaşdırmaq lazımdır:

“Dünyada gedən tendensiyalar necədirsə, biz də mütləq o  şəkildə tətbiq etməliyik.  Fikrimcə, hər səviyyə üzrə qəbulu ali təhsil müəssisələrinin  özləri təşkil etməlidir.  Burda da qeyri-müəyyənlik mövcuddur. Magistraturaya qəbulun asanlaşdırılması  magistrantların sayına da müsbət təsir edəcək. Rəqabəti daha da artıracaq, bu pillədə təhsili  əlçatan edəcək.  Onu da qeyd edim ki, jurnalistika kimi bəzi ixtisaslarda xüsusi qabiliyyət tələb edilməsi də doğru addımdır”.

Şura üzvü bu addımla yüksək ixtisaslı gənclərin də sayında artım olacağını vurğulayıb:

 “Vaxtilə magistraturaya sənəd verən oğlanlara əsgərlikdə möhlət verilmədiyi üçün xeyli sayda gəncləri itirdik. İndi bu qərarla xeyli gənc kadr qazanacağıq. Ölkə başçısının çağırışlarına müfaviq olaraq hər bir ölkənin gələcəyini təmin olunması  təhsil, elm və yüksək ixtisaslı kadrlardan asılıdır. Fikirləşirəm ki, gənclərimiz yüksək ixtisaslı kadrlar olsa, bu gələcəkdə əmək bazarında rəqabətə gətirib çıxaracaq. Ümumilikdə, bu,  ölkənin uğurlu inkişafına təkan verəcək.  Bu baxımdan da mən yeni qaydaları kifayət qədər təqdir edirəm”.