Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-14 16:44:00
Tanrıverdi Mustafayev:  “Ailəmlə birlikdə qaldığım yataqxanada bizi yemək bişirməyə də qoymurdular”

“Tələbəlik illərimin xatirələri çoxdur.  Bəlkə də bir insan ömrü deyərlər... 1979-cu ildən 1984-cü ilə qədər Azərbaycan Politexnik İnstitutunun ( red: hazırkı AzTU) Yasamal rayon A. Şərifzadə  küçəsində yerləşən iki saylı yataqxanasının dördüncü mərtəbəsində yaşadım. Yataqxana həyatına ilk  ordan başladım.

 Təbii ki, həyat şəraitinin dəyişilməsi, həm kənd həyatından şəhərə keçid, həm də  yeni insanlarla tanış olmaq, doğmalardan uzaqlaşıb yad insanlarla doğmalaşmaq və s. hamısı yataqxana həyatından başlayır. Çox maraqlı keçir. Düzü “acı-şirin xatirələr” deyirlər, amma şirinliyi daha çoxdur. Acısı da həyat məktəbidir”.

AzEdu.az təhsil portalında  “Yataqxana xatirələri” rubrikasının növbəti qonağı “Azərişıq” ASC-nin  mətbuat  xidmətinin rəhbəri Tanrıverdi Mustafayevdir.   

O, rubrikanın şərtinə uyğun olaraq, tələbəlik illərinin unudulmaz çağları olan yataqxana xatirələrini bizimlə bölüşəcək.

Universitetlərimizin  yataqxanalı çağlarının nostalgiyasına bürünüb, həmin maraqlı illərə qayıtmaq istəyirsinizsə, başlayaq...

Yada düşər xatirələr...

-İlk dəfə sərbəst təhsil almaq, şəhər həyatı yaşamaq, vaxt bölgüsü aparmaq, elə bil ki, həyata atılan ilk addımdır. Uşaqlıq illərindən əməyə alışqanlığımız, tənbəl olmamaq da bura uyğunlaşmaqda müəyyən rol oynayır. Müxtəlif xarakterli insanların əhatəsində öz xarakterimiz də formalaşır. Hər hansı insanın səhvini görüb düşünürsən ki, mən bu səhvi etsəm necə olardı ?

 

 Başqalarının səhvlərindən nəticə çıxarmaq,  insanların xarakterlərinə uyğun olaraq onların yaxşı əməllərini seçib mənimsəməyi də  tələbəlik illəri, xüsusilə, yataqxana həyatı ilə bağlamaq istəyərdim. Bizim fakültədə dərslər həmişə ikinci növbə başlayırdı.  Adətən ikinci növbə oxuyanlar bildiyiniz kimi yatmağa üstünlük verirlər. Elə olurdu ki, ­dərs saatlarına az qalmış yuxudan oyanıb, yuyunub dərsə çatırdılar. Ancaq mən ilk gündən tez oyanmağa çalışmışam. Atalar məsəli var, deyir ki, tez yuxudan oyananla, tez evlənən uduzmaz (gülür ).
Düzü,bütün şəraiti nəzərə alaraq tez oyanırdım. O vaxtlar su saatla verilirdi. Səhər saat 6-dan 10-a qədər və ya axşam saat 6-dan 9-10-a qədər su gəlirdi. Su gələndə həm də hazırlıq görməli idik. Paltar, qab yumaq, çay qoymaq, yemək hazırlamaq və s.  işlər görülməli idi. Hər mərtəbənin də öz mətbəxi vardı.

“Getdi gözlərimdən bir dəvə kini,

Getdi qollarımdan küçə davası” (Vaqif Bayatlı Odər)

Yataqxanada yaşanan ilk çətinlik...

- İlk çətinlik yağlı qabın soyuq su ilə yuyulmasından başladı. İndi qab yumaq üçün kifayət qədər  kimyəvi məhsullar var. Amma o vaxt belə şeylər yox idi. Yağlı qabı əski ilə soyuq suda yumaq əmməli-başlı çətin idi. Qış tətilində kəndə gedəndə rəhmətlik anama deyəndə  o məsləhət gördü ki, yağı tamamilə təmizləmək üçün  suyu qızdırıb elə yumaq lazımdır. Bəlkə bu məişət qayğıları  adi səslənir. 5 il öyrənə-öyrənə yataqxanada həm də  çox dostlar  qazandıq. Növbəli yemək bişirmək,  təmizlik görmək, II, III, IV  kurslarda oxuyanda hər həftənin 4-cü günləri qrup yoldaşlarımızdan bəzilərinin bizim yataqxana otağımıza toplaşması, onlara nahar hazırlamaq və s. yadda qalan məqamlar idi.
Hətta  o vaxtlar onlardan bəziləri 3-cü gündən gəlib bizdə qalırdı ki,   Hərbi kafedranın dərslərinə gecikməsinlər.

 Qanun qaydalara riayət etmək, birgə əmək, doğru yol getmək - mən bunu xüsusilə vurğulamaq istəyirəm - hamısı yataqxana həyatı ilə bağlıdır. Məsəl var, deyirlər, doğru yol gedən yorulmaz.  

Düzü kəndin də öz zəhməti var. Məsələn, səhər yer əkmək, şumlamaq, mal-qoyun dalınca getmək, dərsə gecikməməyə  çalışmaq, dərslərə hazırlaşmaq və s.   geniş müstəvidə yataqxana həyatında davam edir.

“Bahar ağaclardan çəkilən kimi

Çəkildi başımdan gənclik havası”

Yəni nümunəvi olmağa çalışmaq...

-Mən dərslərdən çox az hallarda qalırdım. Bəzən qrupla sözü bir yeri qoyub hansısa bir mühazirədə, məşğələdə iştirak etməmək tapşırılanda qalırdıq.  Hamımız bir yerdə kurs işləri, imtahanlar, seminarlara saatlarla  hazırlaşırdıq. Tərif olmasın, mən işdən heç vaxt boyun qaçırmamışam. İş insanın rahatlığı, dolanışığı həm də  dostudur, onun qədrini bilmək lazımdır.  Elə iş həyatına da yataqxanada başladım. Tələbə vaxtı 3 gündən bir növbətçilik olurdu, orda işləyirdim. Həm də kurs işləri  yazırdım.  Moldovada olanda da başqa universitetdə yarım stajlı iş vardı, orda işləyirdim. Yataqxana həyatında nə qədər keşməkeşlər varsa, hamısını keçdik.  O həyatın özüdür və çox yadda qalandır. Tələbə vaxtı pambıq yığımında iştirak etmək də çox şirin idi.  İnsan hər şeyə, hər çətinliyə alışır. Qışda istilik sisteminin yoxluğundan  otaqlar soyuq olurdu, bəzən su tapılmazdı. Su daşımağa məcbur qalırdıq.  Amma şükürlər olsun ki, bəzi çətinlikləri yataqxana həyatı bizə öyrədib.  Yadıma düşmüşkən, yataqxanada ən  sevdiyim yemək Gədəbəy kartofunun qızartması idi. Biz tərəflərdə ona “cərqou” deyirdilər: Nehrə yağında “cərqoyu qızartması”.  Ən çox sevdiyim yemək olduğundan həmişə tələbə dostlarım, otaq yoldaşlarım,  otaq qonşularımız hamısı tez-tez “sən çox dadlı qızardırsan, xahiş edirik bu dəfə nahara, ya qonaqlığa kartof qızart” deyir,  “cərqoyu” istəyərdilər.

Tanrıverdi müəllim uzun müddət yataqxanada yaşayıb. O, bakalavriat səviyyəsini  başa vurduqdan sonra Moldovada ixtisasartırma və aspirantura təhsili alıb. Moldovada olarkən də yataqxanada yaşayıb. Amma bu dəfə yataqxana həyatı ona artıq yad olmayıb:

-İnstitutu bitirdikdən sonra iki il ixtisasartırma kursunda oxumaq üçün Moldovaya yollandım. Orada yeni bir həyata yenə də yataqxanada başladım.  Amma tamamilə fərqli idi. Vətəndə rus dilini zəif bilsək də, öz doğmalarımızla ana dilimizdə danışırdıq, ünsiyyət qururduq. Ancaq orda tamamilə yeni bir həyat başlayırdı: lakin  yenə də yataqxana həyatı.

Moldovapaytaxtındakı Akademiklər şəhərciyində aspirantlar yataqxanasında 1985-1997-ci ilə qədər yaşadım. Soruşsanız ki, bəs niyə belə uzun müddət oldu?
Çünki taleyim elə gətirdi ki, aspiranturadan sonra Moldovada qalıb işlədim və ona görə uzun müddət o yataqxanada yaşamalı oldum. 1985-1991-ci ilə qədər 3 il aspirantura  təhsili, 2 il təcrübə,  sonra müdafiə illəri və sonra da iş həyatı...Beləcə,  uzun müddət xaricdə yaşadım...

1986-ci ildə ailə qurdum və iki övladım, həyat yoldaşımla bir yerdə 1997-ci ilə qədər yataqxanada qaldıq. 1998-ci ilin dekabr ayından bizə Moldova hökuməti tərəfindən iki otaqlı ev verildi. Orda yaşamağa başladıq. 2000-ci ildə isə Azərbaycana geri döndük və bir neçə il kirayədə yaşadıq. Elə ona görə deyirəm ki, ömrümün yarısı yataqxana həyatı ilə bağlı olub(gülür ).

Onun dediyinə görə  yataqxana  həyatında nə qədər çətinlik çəksə də, çox şey qazanıb. Bəs Tanrıverdi müəllimin qazandıqları nələr idi?


-Bilirsiz ki, Azərbaycanın hər bölgəsinə uyğun mətbəxi var. Tələbə dostlarımızdan onları  öyrənirdik. Eyni zamanda, Moldova yataqxanasında SSRİ-nin tərkibində olan 15 respublikanın hər birindən olan  vətəndaşından, hətta başqa xarici ölkələr- Rumıniya, Bolqarıstan, digər ölkərdən gələn və burda yaşayan aspirantlarla yaşamaq , onların adət-ənənələrini öyrənmək çox maraqlı idi, darıxdırıcı deyildi. Bakıda, eləcə də Moldovada olanda  “Tələbə Soveti”-inə üzv idim. Ümumiyyətlə, nəsə bir şey olanda axşamlar masa ətrafında yığışıb hamımız müzakirə edirdik.

Moldovadakı xatirələri yada salmışkən demək istəyirəm ki, bəzən çay süfrəsi də qurar, yaxud hansısa milli xörəklərimizi nümayiş etdirərdik. Bir otağa hamı yığışa bilərdi, hamıya yer vardı. Yemək də nə qədər desən... Hələ artıqlaması ilə qalardı.
Yaxud ad günlərini, milli bayramları qeyd edərdik. Novruz bayramını, adət -ənənələrimizi qeyd edəndə hamı bizim ailəyə yığışardı. Moldovanlar, ruslar, ukraynlar, belaruslar, Orta Asiya respublikaları və Baltikyanı ölkələrdən olan aspirantlar... Onlarla  birlikdə hər ölkənin milli bayramlarını  qeyd edərdik.  Hər millətin öz milli dəyərləri bir növ nümayiş olunurdu.

“Moldova - Azərbaycan adət-ənənələri” Mərkəzi,” Araz cəmiyyəti”-ini də  yataqxanada yaratmağa başladıq. Yaranandan sonra da məni Milli Münasibətlər departamentinə dəvət etdilər.

Bu yerdə bir sual:

-Bəs yataqxanada ailəli yaşamaq çətinlik yaradırdı?

- Əvvəl bizə çətin olub. Çünki  ailə üçün mənzil götürənə qədər yoldaşım yataqxananın 3-cü, mən də iki oğlumla  5-ci mərtəbəsində yaşayırdıq. Qaydalar belə idi ki, 3-cü mərtəbə gələn qonaqlar, 4-cü qızlar, 5-ci isə oğlanlar üçün idi.  4-cü mərtəbədən mənzil alana qədər bir neçə ay bu şəkildə yaşadıq.  Eyni yataqxananın 4-cü mərtəbəsi  həm də ailələr üçün verilirdi.

Yadımda qalan ən maraqlı hadisələrdən birini sizə danışım: Biz 1986-ci ildə ailə həyatı qurmuşduq, bizim xanım çox dadlı yeməklər bişirərdi. Məharətli  idi . Bilirsiniz ki, bizim milli mətbəx bütün dünyada  ən zənginidir. Elə orda da seçilirdi. Çünki Azərbaycan dolması, plovu bişirəndə hamı deyirdi ki, necə dadlı, gözəl qoxu var. Biz istəyirdik ki, aspirant maaşı ilə bazarlıq edək, gətirib bişirək. Amma  ev yeməkləri bişirməyə icazə verilmirdi.Bəs neyniyəydik, adətimiz, ənənəmiz var. Həm onları qoruyub saxlamaq üçün, həm də maddi vəziyyətimizə görə ev yeməklərinə üstünlük verərdik.  Mənim yadıma gəlir ki, qadın komendant var idi.  Yataqxana qaydalarını qorumağa çalışırdı. Deyirdi gedin, restoranda yeyin, bura yataqxanadır(gülür).Yəni belə problemlər olurdu.  

Qonur gözlərimdə yorğunluq-haqdan,

Doydum küçələrdən, yollardan doydum”. (Vaqif Bayatlı Odər)

Laboratoriya, kitabxanalarda  gecələmək...

-Yataqxanaya  gec saatlarda  gəldiyimiz də  olub. Bəzən subay vaxtlarımda aspirant olanda laboratoriyalarda çox vaxt keçirirdim. Qaydalara görə saat 23:00-da yataqxana qapıları bağlanmalı idi. Bəzi vaxtlar komendant əsəbiləşirdi, deyirdi ki, qapını açmayacaq( gülür). Amma şükürlər olsun,  heç vaxt ciddi problemlər yaşamamışıq.  Çünki hər kəslə xarakterinə uyğun dil tapırdım.  Bizə orda çox sayğıyla, hörmətlə yanaşırdılar, xətrimizi çox istəyirdilər.  

Bəzən isə  ad günlərində axşam  diskotekalar başlayırdı. Ancaq qayda belə idi ki, 23:00-dan sonra səs-küy olmamalıdır. Gəlirdilər yoxlayırdılar.

“Atlı, qanadlı günlər daha seyrək olurmuş

İllər ötüb keçdikcə, haqladıqca yaş yaşı”

Son bir necə cümlə...

-Həyatdı da... Çox maraqlı günlər idi. O günləri unutmaram. İndi evimə də bəzən “yataqxana” deyirəm.  O qədər belə deməyə öyrəşmişəm  ki..  Həm də  mənə çox doğma olub .