Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-14 12:36:00
Magistratura üzrə keçid balları necə hesablanacaq?- Ekspert təhlili  

Ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarına dəyişikliklər edilib.
Dəyişikliyə əsasən  beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulur.

Bəs magistratura imtahanlarının bir mərhələli keçirliməsinin səmərəsi, perspektivləri nədir?

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Əfəndi  bu qərarın magistraturaya sənəd vermək istəyən gənclərin sayına müsbət təsir edəcəyini bildirib.

“Hələ 2005-ci ildə Məleykə xanım Abbaszadə bu barədə fikir səsləndirmişdi. Amma o zaman razılıq əldə olunmamışdı. İndi nəhayət o mütərəqqi addım atıldı. Magistraturaya qəbul imtahanlarının ikinci mərhələsinin ləğvi magistraturaya qəbulu asanlaşdırmaq, sadələşdirmək məqsədindən irəli gələn, gəncləri elmlə məşğul olmağa cəlb etmək üçün prosedurun birmərhələli keçirilməsini nəzərdə tutan bir addımdır. Bu addım bakalavrdan sonra magistr təhsili almaq istəyənlərin sayına müsbət təsir göstərəcək. Magistratura səviyyəsinə qəbul mərhələləri çətin olduğundan, müraciət edənlərin sayında həmişə azlıq müşahidə edilib. İlkin mərhələdə müvafiq balı toplasalar da, ikinci mərhələdə bunu bacarmırdılar. Həmçinin əksi də olurdu və nəticə etibarı ilə bakalavrı bitirən şəxs istədiyi ixtisasa qəbul ola bilmirdi. Yəni həm maraq az idi, həm də ikinci mərhələdən sonra qəbul olanların sayı azalırdı. Buna görə də, ikinci mərhələnin ləğvi, məncə də düzgün qərar oldu”.

O, ixtisaslar üzrə keçid ballarının dəyişilməsi ehtimalını da vurğulayır:

"İmtahanın sırf birmərhələli olması çox yaxşı oldu. Belə ki, ilkin mərhələdə imtahan verilən ingilis dili, informatika, məntiq hər kəsin müəyyən qədər də olsa, bilməli olduğu fənlərdir.  İndi Dövlət İmtahan Mərkəzi I mərhələ üçün təyin olunan 100 ballıq qiymətləndirmə sistemini saxlayarsa, bu zaman builki qəbulda ixtisaslar üzrə formalaşmış keçid ballarında dəyişikliklər olacaq. Bu isə qəbulediləndir. Çünki dəyişiklik baş verib. Məsələn belə deyək ki, ötən il bir bakalavr 130 balla hər hansısa ixtisasa qəbul olubsa, bu il həmin ixtisasın keçid balı 95-96 ola bilər. Hələki DİM imtahan tarixini və yalnız bir mərhələdən ibarət olacaq qəbul prosesinin şərtləri barədə açıqlama verməyib. Ehtimal olunur ki, 100 ballıq qiymətləndirmə meyarı olduğu kimi qalsın. Bütün bunlar fikrimcə, magistraturaya marağı daha da artıracaq və elmə tərəf gedənlərin sayçoxluğu ilə müşahidə olunacaq”.

Təhsil eksperti Adil Vəliyev bu qərarın əhəmiyyətindən danışıb:

Magistraturanın ikinci mərhələsinin ləğv olunması xaricdə magistr təhsili almaq istəyən bakalavrların sayında ciddi azalmaya səbəb olacaq. Çünki bəzi tələbələr ikinci turdan keçə bilmədiyi üçün xaricə üz tuturlar. Bir çox inkişaf etmiş ölkələrdə bu sistem çoxdan tətbiq olunur. Məntiqi təfəkkür və bakalavr qiymət ortalaması nəzərə alınır”.