Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-13 17:07:00
Müəllimləri uğura aparan assosasiya - Hədəflər və məqsədlər

“Təhsil Nazirliyinin apardığı uğurlu təhsil siyasəti nəticəsində müəllimlərin öz peşələrinə olan diqqət və marağı da artıb”.

Bu  sözlər Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvlərindən Mövlüd Mirzəyevə məxsusdur.

Xatırladaq ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası 28 noyabr 2018-ci ildə baş tutan Azərbaycan müəllimlərinin XV qurultayında bir gənc müəllimin təşəbbüsü ilə yaradılıb. AGMA-nın əsas məqsədi istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq, daha məhsuldar və səmərəli işləməyə həvəsləndirməkdir.

Mövlud Mirzəyev 2017-ci ildə MİQ müsabiqəsində iştirak edərək Quba rayonu Zərqava kənd tam orta məktəbinə tarix müəllimi kimi fəaliyyətə başlayıb.   

O, AzEdu.az-a açıqlamasında assosiasiyanın gənc müəllimlərə yaratdığı motivasiyalardan söz açıb:

“AGMA-nın qurulmasında və gələcək planlarının hazırlanmasında yaxından iştirak etmişəm. Əvvəlcə bildirmək istərdim ki, keçən ilin iyulun 23-26-da Şəkidə Azərbaycanın müxtəlif bölgələrində çalışan gənc müəllimlərin görüşü baş tutdu. Həmin görüşdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası yaradıldı. Görüşdə məqsəd gənc müəllimlərin peşəkarlıq fəaliyyətini gücləndirmək, fikir mübadiləsi aparmaq, təhsil sahəsində baş verən yeniliklərlə tanış olmaq və onları tətbiq etməkdir.

AGMA-nın əhəmiyyəti gənc müəllimləri assosiasiya ətrafında sıx birləşdirmək, onların fikir və təkliflərini irəli sürməsinə şərait yaratmaqdır. Həmçinin, irəli sürülən problem və təkliflərin birgə müzakirə şəraitində həll olunmasına nail olmaqdır. Təbii ki, bu gün Təhsil Nazirliyinin apardığı uğurlu təhsil siyasəti nəticəsində müəllimlərin öz peşələrinə olan diqqət və marağı yüksəlib. Bu amili son illərdə MİQ müsabiqəsinə qoşulan müəllimlərin sayı sübut edir. Təkcə 2019-cu ildə 50 mindən çox müəllim namizəd MİQ müsabiqəsində qeydiyyatdan keçib”.

Mövlüd Mirzəyev assosasiyanın hədəfləri, məqsədləri barəsində də söz açıb:

“Son illərdə təhsil sahəsində tətbiq olunan yeniliklər yeni innovasiyaların təşkili və tətbiq olunması müəllimlərin də öz peşələrini dərindən,  əhatəli şəkildə araşdırmasına sövq edib. Bu sahədə AGMA-nın fəaliyyəti danılmazdır. Assosiasiya yaranan zaman  onun sayı 30 üzvdən ibarət idi. İndi isə assosiasiyaya minlərlə gənc müəllim qoşulub.

Assosiasiyanın hədəfi kəmiyyət deyil, keyfiyyətdir. Həmçinin, AGMA-nın məqsədi keyfiyyətli təlim prosesi və keyfiyyətli idarəçilik yaratmaqdır. Bu işdə bütün gənc müəllim həmkarlarıma müvəffəqiyyətlər arzu edirəm”.

Mövlüd Mirzəyev gənc müəllimlərə müraciət də edib:

Artıq 3 ildən çoxdur  Quba rayonun Zərqava məktəbində çalışıram. Kənd şəraiti ağır olsa da ,bu  mənim müəllimlik fəaliyyətimə mane olmur.  Tarix fənninə olan maraqları şagirdləri axtarıcılıq qabiliyyətinin üzə çıxarılmasına imkan verib. Bu onların fənnə olan sevgisindən irəli gəlir.

Gənc müəllimlərə müraciət edərək deyirəm ki , kənd həyatı çətin ola bilər. Amma burada qazandığınız nailiyyətlər, şagirdlərin sizə olan inamı bu hissi aşaraq motivasiya verəcək. Ən xoşbəxt müəllim siz olacaqsınız. Şagirdlərinizin timsalında sevincinizi bölüşdürməyə çoxlu dostlar tapacaqsınız. Bütün gənc müəllimlərə gələcək fəaliyyətində uğurlar arzulayıram”.

“AGMA-nın əsas fəaliyyət istiqamətlərindən biri ölkəmizin milli və müasir dünyanın tələblərinə cavab verən yeni müəllim kontingentini formalaşdırmaqdır”.

Bu  sözlər Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvlərindən Elnur Nəbiyevə məxsusdur.

Elnur Nəbiyev Gəncə şəhəri  Mir Cəlal Paşayev adına 39 saylı məktəbin kimya müəllimidir. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının fəaliyyət istiqamətlərindən söz açıb:

“Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının əsas fəaliyyət istiqamətlərindən biri gənc müəllimlərin gələcək fəaliyyətlərini səmərəliləşdirməkdir. Həmçinin, ölkəmizin milli və müasir dünyanın tələblərinə cavab verən yeni müəllim kontingentini formalaşdırmaqdır.

Assosiasiya gənc müəllimlərin problemləri ilə tanış olmaq, onların həlli yollarının istiqamətlərini verməkdir. Bununla da müəllimlər dərsə fərqli yanaşaraq daha məhsuldar nəticələrə çatacaq. Gənc müəllimlər yay məktəbləri, xüsusi təlim proqramları vasitəsilə şagirdlərin psixoloji vəziyyətlərini daha başa düşülən formada həll etməyi öyrənərək müsbət nəticələr əldə edirlər. Müasir dövlətçiliyimiz üçün yetişmiş fədakar, yeni gənc müəllimlərin ictimaiyətə tanıdılması, dövlətimizin onlara verdiyi dəyərin göstəricilərindən biridir.  Məhz bunu da Azərbaycan Gənc Müəllimlər Assosiasiyası bir öhdəlik olaraq görür.

Elnur Nəbiyevin  sözlərinə görə, şagirdlərin böyük qismi müəllimlik ixtisasına  maraqlıdırlar:

“Qlobal dünyada inkişaf, yeniliklər baş verdikcə təhsildə addım-addım dəyişir və inkişaf edir. Azərbaycan Gənc Müəllimlər Assosiasiyası gələcəkdə qabaqcıl ölkələrin müsbət təhsil keyfiyyətlərinin öyrənilməsi və onların ölkəmizdə tətbiq edilməsində gənc müəllimlərin fəaliyyətindən istifadə edilməsini önəmli hesab edir. 

Assosiasiyanın bölgələr üzrə təşkil edilən gənc müəllimlərlə görüşlərində Təhsil Nazirimiz Ceyhun Bayramovun, Təhsil Nazirinin müavini Firudin Qurbanovun, assosiasiyamızın məsul rəhbəri Şahin Seyidzadənin iştirakı və motivə edici çıxışları yeni müəllimlik peşəsinə addım atmış gənclərin həvəslə işlərinə davam etməsinə təkan verir. Bütün bunlar gələcəkdə daha keyfiyyətli kadrların müəllimlik ixtisasına həvəsinin artırılmasına stimul yaradacaq. Artıq bir müəllim olaraq müşahidə nəticəsi göstərir ki, məktəblərdə yüksək bal toplayan, fərqli yanaşma qabiliyyətinə malik, fədakar şagirdlərin böyük  qismi müəllimlik ixtisasına yiyələnməkdə çox maraqlıdırlar. Bu da keyfiyyətli, uğurlu gələcək deməkdir...”

Günel Yaşarqızı
Müəllifin digər yazıları