Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-17 13:11:56
Azərbaycanda niyə təhsil hüququ üzrə mütəxəssis hazırlanmır? – RƏYLƏR

Bir çox dövlətlərdə təhsil hüququ hüquqşünaslığın xüsusi bölməsini təşkil edir. Azərbaycanda isə təhsil hüququ üzrə mütəxəssislər demək olar ki, yox səviyyəsindədir. Bəs bunun səbəbləri nələrdir?

Məsələ ilə bağlı AzEdu.az-a danışan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru Əmir Əliyev bildirib ki, Azərbaycanda təhsil hüququ sahəsi üzrə ixtisaslaşma yoxdur:

“Dövlətdə insan hüququ, informasiya hüququ sahəsində kadr hazırlığı aparılır. Təhsil hüququ bir insana məxsus olan hüquqlardır. Bu, konstitusiyamızda da təsbit olunub. Bu sahədə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur. Sadəcə, olaraq təhsil hüququ hər bir insana məxsus ixtisaslaşmış bir hüquqdur. Ona yaxın sahələrdə kadrlar hazırlanır”.


Hüquqşünas, media məsələləri üzrə ekspert Ələsgər Məmmədli qeyd edib ki, hüquqşünaslar təhsil aldıqdan sonra müəyyən sahələrdə ixtisaslaşırlar:

“Hüquqşünaslar cinayət və ya bir sıra hüquq sahələri üzrə ixtisaslaşırlar. Təhsil hüququ insan hüquqları aspektindən insan hüquq bazasına daxildir. Bu baxımdan insan hüquqlarını qoruyan çox sayda hüquqşünas var. Bunu insan hüquqlarından ayırıb ayrıca hüquq sahəsi etmək mümkün deyil. Azərbaycanda hüquqşünasların sayı kifayət qədər deyil. Bu gün 10 milyonluq Azərbaycan əhalisini 800 vəkil müdafiə etməlidir. Bu, ciddi problemdir. Hər 10 min nəfərə bir adam düşür. Bu baxımdan hüquq təhsilinin səviyyəsi aşağıdır. Hüquq təhsili, yalnız dövlət müəssisələrində verilir. Özəl müəssisələrdə hüquq təhsili qadağan edilib. Burada monopoliya var. Verilən dərslərin keyfiyyəti də aşağıdır və kənardan gələn hüquqşünasların sayı da çox deyil. Bu baxımdan ümumilikdə hüquqda olan problem təhsil sahəsində də özünü göstərir. Hüquq, tibb, jurnalistika təhsilinə monopoliya qoyulması ölkənin gələcəyi baxımından ciddi zərərlər gətirir”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları