XƏBƏRLƏR

17.05.2018 11:00
Rusiyada kosmik mərkəzlərə rəhbərlik edən, 31 yaşında professor olan Azərbaycan alimləri

Müxtəlif  illərdə  Azərbaycandan dünyanın bir çox yerlərinə beyin axını olub. Bunun də həm obyektiv, həm də subyektiv səbəbləri var. Kimi oxuduğu universitetin elmi potensialını məqbul görərək, orada qalıb, kimisi isə sonradan gələn sərfəli təklifi geri çevirməyərək, xarici ölkələrin elmi və təhsil müəssisələrinə işləməyə gedib.

Səbəbindən asılı olmayaraq, itirən isə Azərbaycan elmi və təhsili olub. Bu gün təkcə Rusiyada elmin müxtəlif sahələrində ad-san qazanan xeyli alimlərimiz var.

AzEDU.az bu gün onlardan, daha doğrusu, onların yalnız bir qismindən bəhs edəcək. Təbii ki, adlarını sadaladığımız alimlər siyahının heç bir faizi də deyil və biz yeri gəldikcə, digərlərini də təqdim edəcəyik.

Hələlik isə aşağıdakı alimləri diqqətə çatdıraq:

İqor Aşurbəyli - Aşurbəyli İqor Rauf oğlu 1963-cü il sentyabr ayının 9-da Bakıda dünyaya gəlib. 1985-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitunu bitirdikdən sonra Qazın Emalı ETİ-da işləməyə başlayıb. 1988-ci ildə Bakıda kompüter bilikləri tədrisi fəaliyyəti ilə məşğul olan “Sosium” adlı kiçik müəssisə yaradan gənc mütəxəssis, 1990-cı ildə  Moskva şəhərində analoji müəssisənin təməlini qoymuşdur. 1991-ci ildə “Sosium”, “Almaz” EİB və bir neçə digər müəssisə birləşdirilir və “Beynəlxalq İnformasiya və Telekommunikasiya” Açıq Səhmdar Cəmiyyəti yaradılır. İnformasiya və telekommunikasiya məhsullarının istehsalı və satışı ilə məşğul olan cəmiyyətin sədri vəzifəsinə İqor Aşurbəyli seçilir.

1994-cü ildə “Almaz” Elmi İstehsal birliyində iş üçün dəvət alan Aşurbəyli burada maliyyə direktoru, baş direktorun birinci müavini və direktorlar şurasının sədri vəzifələrində işləyir. 2000-2011-ci illərdə “Almaz” EİB-in Baş direktoru vəzifəsini icra edir. Onun rəhbərliyi ilə RF Silahlı qüvvələrinin arsenalına daxil edilən C-300  “Favorit” raket sisteminin yeni modifikasiyaları, C-400 “Triumf” zenit raket sisteminin layihəsi işlənib. RF hökumətinin təsdiqlədiyi beşinci nəsil hava hücumundan müdafiə sisteminin əsasını məhz Aşurbəylinin müəllifi olduğu konsepsiya təşkil edir. Bu konsepsiya üzərində hazırlanan C-500 “Triumf” yeni model Zenit raket sisteminin layihəsi 2010-cu ildə tamamlanmışdı. 

“Rusiya hava-kosmik müdafiəsinin vahid sistemi”nin yaradılması konsepsiyası məhz Aşurbəyliyə məxsusdur. 2011-ci ildən bugünədək İqor Aşurbəyli şəxsi təşəbbüsü ilə yaradılmış “Kosmik-hava müdafiəsinin idarədənkənar ekspert şurası” rəyasət heyətinin sədridir. 

Texnika elmləri doktoru  İqor Aşurbəyli 100-dən çox elmi işin, o cümlədən ensiklopediya və 3 monoqrafiyanın müəllifidir. O, Proxorov adına Mühəndis Elmləri Akademiyasının və RF Hərbi Elmlər Akademiyasının həqiqi üzvü, Moskvada nəşr olunan “Voenno-promışlennıy kuryer” qəzetinin redaksiya heyətinin sədri, Londonda nəşr edilən “Room” Beynəlxalq kosmik jurnalın Baş redaktorudur.

Azərbaycanlı alim RF-nın “Şərəf” ordeni kavaleri, onlarla digər yüksək titullu mükafatların sahibidir. 

Məmmədov Mehman - 1967-ci ildə Bakıda anadan olub. Orta təhsilini Bakıdakı 261 saylı məktəbdə tamamlayıb. Yeri gəlmişkən, həmin məktəb hazırda onun doğma qardaşı, Vətən uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı İlham Məmmədovun adını daşıyır. 

Mehman Məmmədov həkim olmaq arzusu ilə sənədlərini Nərimanov adına Tibb İnstitutuna (indi ATU)  imtahan verir və qəbul imtanalarından yüksək bal toplayaraq, Azərbaycan hökumətinin göndərişi ilə Seçenov adına 1 saylı Moskva Dövlət Tibb İnstitutunda (indi MDTA) təhsil almağa başlayır.  O, əlaçı tələbələrdən olmuş, təhsilin sonunda isə ən ümidverən məzunlardan biri kimi Rusiya Federasiyası Prezidenti admninstrasiyasının Tibb mərkəzində kardiologiya üzrə ordinaturaya göndərilir. Ordinaturadan sonra Profilaktiki təbabət üzrə Dövlət Elmi Tədqiqat Mərkəzində işləməyə başlayıb. Əmək fəaliyyətinin ilk iki ilində təbabətdə metobolik sindrom probleminin həllinə sanballı töhfələr verən gənc həkim 1995-ci ildə  elə bu mövzuda  namizədlik dissertasiyasını müdafiə edib. 3 il sonra, 1998-ci ildə, yəni cəmi 31 yaşında Mehman Məmmədov  doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru alimlik dərəcəsini qazanıb. Tezliklə ona professor elmi adı verilib. 

Alim-həkimin elmi axtarışlarının əsas istiqamətləri şəkərli diabet, ürək-damar xəstəlikləri, metabolik sindrom, hiperxolesterinemiya və buna oxşar xəstəliklərin diaqnostika və profilaktikasıdır. O, 150-dən çox elmi məqalənin, 15 monoqrafiyanın müəllifi, kordiologiyaya həsr olunmuş 3 jurnalının redaksiya heyətinin üzvüdür. 

Professor Məmmədovun rəhbərliyi altında 9 namizədlik və 1 doktorluq dissertasiyası müdafiə edilib. 

Mehman Məmmədov hazırda Profilaktiki təbabət üzrə Dövlət Elmi Tədqiqat Mərkəzində laboratoriya müdiridir. Rusiya kardioloqlar Cəmiyyətinin İdarə heyətinin üzvü, Kardioloqlar cəmiyyətinin Ürək-damar xəstəlikləri seksiyasının həmsədridir. 

Cəfərli Tahir - 1970-ci il martın 24-də Bakıda anadan olub. 1986-cı ildə 223 nömrəli orta məktəbi bitirib, N.İ.Piroqov adına 2-ci Moskva Dövlət Tibb İnstitutunun müalicə fakültəsinə qəbul olunub. 1993-1995-ci illərdə Rusiya Dövlət Tibb Universitetinin göz xəstəlikləri kafedrasında klinik ordinatura keçib. 1995-ci ildə elə həmin kafedrada “göz xəstəlikləri” ixtisası üzrə aspiranturaya qəbul olunub. Paralel olaraq, 1993-1995-ci illərdə Rusiya Dövlət Tibb Universitetinin normal anatomiya kafedrasının tədris laboratoriyasının müdiri işləyib. 1995-ci ildə “Buynuz qişası regenerasiyasının yeni stimulyatoru - 2 faizli betamesil mazı gözün ön şöbəsi xəstəliklərinin müalicəsində” mövzusunda dissertasiya müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini qazanıb.

1995-ci ildən bu günədək N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin göz xəstəlikləri kafedrasının böyük elmi işçisidir, 1997-ci ildən isə “Oko-Eksimer” (“Doktor Vizus”) Görmə Korreksiyası Tibbi Oftalmoloji Mərkəzin baş həkimidir. 

“Doktor Vizus” Oftalmoloji Mərkəzi Moskva Oftalmoloji Klinik Xəstəxanasının bazasında yerləşir. Qeyd etmək lazımdır ki, məhz Cəfərlinin rəhbərliyi ilə “Doktor Vizus” Tibb Mərkəzi Moskvanın aparıcı oftalmoloji müəssisələrindən birinə çevrilib. 

Bugünə qədər  T. Cəfərli tərəfindən görmə orqanının müxtəlif patologiyalarında 30 mindən çox unikal lazer əməliyyatı aparılmış, qlaukoma və yüksək ambliopiyanın müəllif müalicə metodu hazırlanıb. 

T.Cəfərli Rusiya Dövlət Tibb Universiteti və Rusiya Diplomdansonrakı Tibb Akademiyasının göz xəstəlikləri kafedralarında tələbələr və kursantlarla aktiv pedaqoji iş aparıb. O, I dərəcəli Hippokrat ordeni, “Sankt-Peterburqun 300 illiyi şərəfinə” yubiley medalı, “Admiral N.Q.Kuznetsovun 100 illiyi” yubiley medalı, RF Prezidenti və Moskva hökumətinin fəxri fərmanları, RF FTB və Müdafiə Nazirliyinin, Rusiya Dövlət Tibb Universitetinin və Rusiya Tibb-Texnika Elmləri Akademiyasının fərmanları ilə təltif edilib. 

Tağıyev Ələsgər - 1958-ci ildə Bakıda anadan olub. 1975-ci ildə orta məktəbi bitirib. 1980-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirdikdən sonra Ələsgər Tağıyev təyinatla Azərbaycan Respublikasının ədliyyə orqanlarında işə başlayıb. 1980-1987-ci illərdə Azərbaycan Sovet Respublikasının Ədliyyə Nazirliyi aparatında Məhkəmə Orqanları İdarəsində baş məsləhətçi, şöbə müdirinin müavini, şöbə müdiri işləyib. 

1987-ci ildə Sov.İKP MK-nın qərarı ilə Azərbaycan Respublikasının ədliyyə və məhkəmə orqanlarında rəhbər kadrların hazırlanması ilə bağlı Ələsgər Tağıyev SSRİ Ədliyyə Nazirliyinin mərkəzi aparatına işləməyə göndərilib. 1987-1991-ci illərdə SSRİ Ədliyyə Nazirliyinin mərkəzi aparatında hüquqi təbliğat şöbəsi rəisinin müavini, sonra isə SSRİ Ədliyyə Nazirliyinin İctimai Təşkilatların işləri üzrə İdarəsi rəisinin müavini vəzifəsində çalışıb. 1992-ci ildən bu günə qədər Tağıyev Beynəlxalq Hüquqşünaslar İttifaqında (SSRİ Hüquqşünaslar İttifaqının hüquqi varisi) çalışır. Əvvəlcə sədrin müşaviri vəzifəsində işləyib, 2009-cu ildən isə Beynəlxalq Hüquqşünaslar İttifaqı sədrinin birinci müavinidir. Bu ittifaq postsovet məkanı və bir çox xarici ölkələrin hüquqşünasların ictimai təşkilatlarını birləşdirir. Beynəlxalq Hüquqşünaslar İttifaqında çalışdığı dövrdə Ələsgər Tağıyev fəal hüquqi təcrübəni müəllimlik və elmi tədqiqat fəaliyyəti ilə birləşdirib. 

Bundan başqa, dövlət orqanları və məhkəmələrdə əqli mülkiyyət, əmtəə  nişanı, əmlak və qeyri-əmlak məsələləri ilə bağlı mübahisələrdə xarici şirkətlərin – Almaniyanın “Bayer AG”, kommersiya banklarının (“Vneşekonombank”, “Evrofinans-MosnarBank”), neft və qaz şirkətlərinin (“LUKoyl”, “İtera”, “Rospan International”) və s. maraqlarını təmsil edib. 

1991-ci ildə Ələsgər Tağıyev “Dövlət və hüquq nəzəriyyəsi” ixtisası üzrə hüquqi dövlətin formalaşması şəraitində hüquqi təlimin sosial funksiyalarına həsr olunan namizədlik dissertasiyası müdafiə edib (SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu). 2001-ci ilin noyabrında o, Rusiya Federasiyası Prezidenti yanında Dövlət Qulluğu Akademiyasında doktoranturanı bitirdikdən sonra “İqtisadi münasibətlər sahəsində qanunilik: nəzəri-hüquqi təhlil” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Hüquqşünas alim dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq, mülki-prosessual, arbitraj prosessual və hüququn digər sahələrində elmi-tədqiqat fəaliyyəti ilə məşğul olub. 

Tağıyevin tədqiqatlarında hazırkı mərhələdə Rusiyada iqtisadiyyat sahəsində qanuniliyin və hüquqpozmaların vəziyyəti müfəssəl təhlil edilib, ölkədə qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsinin, iqtisadi münasibətlərin hüquqi tənzimlənməsinin, qanuniliyin və hüquq qaydasının təmin edilməsinin əsas istiqamətləri müəyyən edilib. Azərbaycanlı alimin irəli sürdüyü bir çox ideya və təkliflər Rusiya Federasiyasının mülki, arbitraj-prosessual qanunvericilik, arbitraj məhkəmə icraatı qanunvericiliyində öz əksini tapmışdır. Ümumilikdə, Ələsgər Tağıyev 30-dan çox elmi əsər və 2 monoqrafiyanın müəllifidir. O, Dünya Hüquqşünaslar Assosiasiyasının I dərəcəli ədliyyə ordeni, “Moskvanın 850 illiyinə xatirə” medalı,  Rusiya Federasiyası Federal Vəkillər Palatasının “Vətəndaşların hüquq və azadlıqlarının qorunmasında xidmətlərinə görə” medalı və digər mükafatlarla təltif edilib. 2011-ci ildə onu Azərbaycan Respublikasının Əməkdar hüquqşünası” fəxri adı verilib. Uzun illər boyu və bu gün də azərbaycanlı alim Rusiya Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının dissertasiya şurasının üzvüdür. Ələsgər Tağıyev Ümumrusiya Azərbaycan Konqresi yarandığı vaxtdan qurumun vitse-prezidenti vəzifəsini icra edib.

  • Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, ev 104. mənzil 03.
  • +994 12 465-95-74
  • +994 55 329-48-78
  • +994 55 329-48-78
  • info@azedu.az