Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-07 10:06:00
İctimai Nəzarət Şuraları təhsilimizə nə qazandırdı? -TƏHLİL

“İctimaiyyətdə belə bir ümid və inam yaranır ki, təhsil müəssisələrində ictimai nəzarət var və onlar öz sözlərini demək üçün əlavə müraciət imkanlarına malikdirlər”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov deyib.

O, təhsilin inkişafı istiqamətində vətəndaş cəmiyyətinin rolundan söz açıb:

“Təhsil cəmiyyət və dövlətin inkişafının əsasında durmaqla strateji əhəmiyyətə malik olan və inkişaf etdirilən fəaliyyət sahəsidir. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində geniş tədbirlər həyata keçirilib. Təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblər təhsil sistemi anlayışına baxışı da yeniləyib.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edildiyi kimi təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını tələb edir. “Strategiyanın uğurlu həyata keçirilməsinin əsas şərtləri onun məqsədi və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılmasıdır. Mövcud qanunvericiliyə əsasən, ictimai iştirakçılıq–dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətın təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının müvafiq Qanunla müəyyən edilən formalarda məsləhətləşməsi və ictimai rəyın nəzərə alınmasını nəzərdə tutur. Bu baxımdan, ayrı-ayrı universitetlərdə, o cümlədən də Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması təhsil sahəsində dövlət siyasətinin demokratiklik, şəffaflıq, aşkarlıq, humanistlik kimi prinsiplərinin həyata keçirilməsi,strateji hədəflərin məqsəd və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılması, idarəietmə prosesində maraqlı tərəflərin iştirakının təmin edilməsi istiqamətində yeni mərhələdir”.

Nadir İsrafilov İctimai Şuraların fəaliyyətindən də söz açıb:

“Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2013-cü il tarixdə imzaldığı və 1 iyun 2014-cü ildən qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətlərin tənzimlənməsinə, ictimai əhəmiyyətli qərarların qəbulu zamanı müvafiq məsələlər barəsində əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanması üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakının təmin edilməsinə yeni nəfəs gətirdi, impuls verdi.

Obyektivliyi, aşkarlığı və şəffaflığı təmin etmək məqsədilə, artıq bir sıra universitetlərdə, Nazirlik və Komitələrdə “İctimai nəzarət Şuraları” fəaliyyət göstərir. Dövlət İmtahan Mərkəzinin yaradılmasını demokratik istiqamətdə atılan addım kimi dəyərləndirmək olar: Burada ən mühüm məqamlardan biri ondan ibarətdir ki, bu dövlət qurumunda Direktorlar şurası yaradılıb və şuraya ictimaiyətin dörd nümayəndəsi daxil edilib. Bu həm də demokratik istiqamətdə atılan bir addımdır, cəmiyyətin fikir və maraqlarını nəzərə almaq üçün bir tribunadır. Obyektivlik naminə deyim ki, Prezidentin Sərancamı ilə təsdiq olunan “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul edildikdən sonraki keçən müddət ərzində təhsilimizdə xüsusilə universitetlərimizdə neqativ hallara yol verilməsi faktları tam olmasa da hər halda nəzərə çarpacaq dərəcədə azalıb.

2016-cı ildən geniş vüsət alan, qeyri-hökumət təşkilatları və media nümayəndələri, eləcə də təhsil sahəsi üzrə ekspertlərin təmsil olunduğu 11-13 nəfərdən ibarət olan Şuralar ali təhsil müəssisəsində ictimai iştirakçılığın daha da gücləndirilməsi, şəffaflığın artırılması, universitetlə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin səmərəli təşkilinə, universitetdə ədalətlilik prinsipinin qorunmasın və bu istiqamətdə birgə əməkdaşlıqdan səmərəli təşkilinə öz töhfəsini verib və verməkdədir. Bəzilərində sədr, bəzilərində sədr müavini, bəzilərində isə üzv olduğum şura nümayəndəsi kimi deyə bilərəm ki, Şuranın səmərəli fəaliyyəti Universitet rəhbərliyinin məsələnin mahiyyətinə münasibətindən və şura üzvlərinin qarşılıqlı fəaliyyətindən daha çox asılıdır.

Bir çox universitetlərdə İctimai Nəzarət Şurasının öz işini səmərəli təşkil etməsi üçün xüsusi otaq ayrılıb. Şura üzvlərinin imtahan sessiyasının gedişini izləməsi üçün lazımı hər cür şərait yaradılıb. Görüşlər zamanı tələbələr arasında sorğular keçirilməsi, imtahan sessiyasının gedişində “qaynar xətt”in fəaliyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılır. BDU, ADU, UNEC, ATU, Aİİ-də yaradılan İctimai Şuraların qarşılıqlı və səmərəli fəaliyyətini xüsusi olaraq qeyd etmək istərdim. Universitetlər də yaradılan Şuraların önəmi və əhəmiyyəti bir də ondadır ki, tələbələrdə, valideynlərdə bütövlükdə ictimaiyyətdə belə bir ümid və inam yaranır ki, təhsil müəssisələrində ictimai nəzarət var və onlar öz sözlərini demək üçün əlavə müraciət imkanlarına malikdirlər”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları