Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-06 14:48:00
Universitetlərdəki İctimai Nəzarət Şuraları necə çalışır?- Boşluqlar və təkliflər

Bu gün bir sıra mərkəzi və yerli icra hakimiyyəti  qurumlarında fəaliyyət göstərən  İctimai Nəzarət Şuraları vətəndaş cəmiyyətinin həyatında böyük rol oynayır.

Belə şuralar hazırda bir sıra mərkəzi və yerli icra hakimiyyəti  qurumları, eləcə də universitetlərdə ictimai nəzarəti həyata keçirirlər.

Lakin təhsil müəssisələrində fəaliyyət göstərən İctimai Nəzarət Şuralarının işi bir o qədər də qənaətbəxş  sayılmır.

AzEdu.az Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlərinin bu yöndə fikirlərini təqdim edir:

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü və təhsil eksperti Hikmət Əlizadə özü həm də universitet İctimai Şurasında təmsil olunur:

“Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC-də) İctimai Nəzarət Şurasının üzvüyəm. Biz mütəmadi olaraq universitetə gedib, valideynlərlə görüş keçirir, tələbələrin problemlərini dinləyirik. Onlar problemlərini bizə danışırlar. Lakin bu mütəmadi təşkil edilmir. Biz, əsasən , imtahan prosesinə nəzarəti həyata keçirir, müəyyən tədbirlərdə də iştirak edirik.

Universitetdə İctimai Nəzarət Şuraların fəaliyyətini gücləndirmək üçün mütəmadi şəkildə üzvləri  tələbələrlə görüşdürmək lazımdır. Onlar imtahan prosesində daha yaxından iştirak etməlidilər”.

Nəticə olaraq, İctimai Nəzarət Şuralarının universitetlərdə olması təhsilin inkişafına kömək etməklə yanaşı,  tələbələrin problemlərinin həllinə də yardımçı ola bilər.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov  universitetlərdəki İctimai Şuraların fəaliyyətini qənaətbəxş hesab etmir:

“Bir çox universitetlərdə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının  Qanunu  qəbul edildikdən sonra Cənab Prezidentin  çağırışlarına cavab olaraq, əksər mərkəzi və yerli icra hakimiyyəti  qurumları, eyni zamanda universitetlər  də özlərinin İctimai  Nəzarət Şuralarını formalaşdırdılar. Təəssüf ki, bir  çox universitetlərdə  İctimai Nəzarət Şuraların fəaliyyətində   boşluqlar  deyil, yaxşı olmayan hallar özünü göstərir. Bu  onunla əlaqədardır ki,  İctimai Nəzarət Şuraları əslində  ictimai iştirakçılar haqqında qanunda  göstərildiyi kimi  vətəndaş  cəmiyyətinin nümayəndələrindən  təşkil olunmur.

Onların çoxu görüntü üçün yaradılır. Azərbaycanda vətəndaş cəmiyyəti  strukturlarında   nüfuzlu, ciddi işləri olan insanlar var. Universitet  elə bir qurumdur ki, burada təhsil və elm verilir. Müxtəlif  universitetlərin İctimai Nəzarət Şuralarında bəzən  elə simalarla qarşılaşırıq  ki, onların vətəndaş cəmiyyətində heç bir rolu yoxdur.

Universitetlər İctimai Nəzarət Şurasını yaradarkən  Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına    Dəstək  Şurası  ilə məsləhətləşməlidilər. Çünki bu şura  peşəkar dövlət qurumudur. Bütün vətəndaş cəmiyyətlərində olan İctimai Nəzarət Şuraları bu tip təşkilatlar vasitəsi ilə maliyyələşirlər. Onlar  hansı təşkilatların  daha peşəkar olduğunu bilirlər. Qeyri-hökumət Təşkilatlarına Dəstək Şurası bu tip qurumların təşkil edilməsinə kömək etməlidi. Ölkəmizdə olan bir çox İctimai Nəzarət Şuraları necə formalaşır, bilinmir. 5-6 nəfər  yığılıb iclas keçirir və özlərinə bir sədr seçirlər.Onlar formal olaraq  imtahanlara nəzarət edirlər. Lakin məlum məsələdir ki,  imtahanların şəffaf olmasının səbəbi   həmin universitetlərin rəhbərlərinin əməyinin nəticəsi deyil. Bu dövlət başçısının iradəsinin nəticəsidir. Bu gün heç bir rektor deyə bilməz ki,  universitetdə rüşvəti mən dayandırmışam. Bu gün ölkədə rüşvəti dayandıran ölkə başçısıdır. Belə olduğu təqdirdə,  bu tip şou xarakterli  imtahan prosesinə nəzarət  absurt haldır. Rektorlar təmsil olunduqları universitetləri bataqlıqdan çıxmaq üçün bu   istiqamətində işləməlidilər”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları