Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-16 15:35:00
 “Ərdoğanın sözünün üstündə durması onu siyasətçi kimi mənə çox sevdirib” – 700 “ballıq”la MÜSAHİBƏ  

700 bal toplayan Elvin Kərimov: “Valideynlər övladlarına güvənməyib, onları danlayırlar, buna görə də...” 

Mayın 13-də keçirilmiş II və III ixtisas qruplarının qəbul imtahanının nəticələrinə əsasən 7 nəfər 700 bal toplayıb.  

Onlardan biri də 45 nömrəli tam orta məktəbin XI sinif şagirdi Elvin Kərimlidir. Elvin Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Əlaçı” televiziya verlişinin 2 dəfə qalibi olub. O, həmçinin Respublika fənn olimpiadalarının tarix fənni üzrə 2018-ci ilin bürünc medal sahibidir.

AzEdu.az  Elvin Kərimli ilə müsahibəni təqdim edir: 

Elvin, bütün bu uğurların fonunda özünüzü necə hiss edirsiniz?

-Təşəkkür edirəm, çox yaxşıyam.

- İmtahanda  həyəcan sizə nə dərəcədə mane olurdu?

- Müəllimlərim mənə demişdilər ki, həyəcanlanmaq lazım deyil. Çünki həyəcan insana  təsir göstərən ən böyük amillərdən biridir. Maksimal dərəcədə həyəcanlanmamağa çalışdım. Nəticədə 700 bal topladım.

- Builki qəbul imtahanlarında 7 nəfər 700 bal toplayıb. İldən-ilə maksimum nəticə göstərənlərin sayında artım müşahidə olunur. Sizcə, bu, sualların nisbətən asanlaşması ilə əlaqəlidir?

- Xeyr, sualları asan adlandırmaq olmaz. Həyatda heç nə göründüyü qədər asan deyil. Hansısa işin bəhrəsini görmək üçün əziyyət çəkmək  lazımdır. 7 nəfərin 700 bal toplamasının əsas səbəbi uşaqların daha çox çalışması və dərsə maraq göstərməsidir. 700 bal toplayanların sayı nə qədər çox olsa, Azərbaycanın gələcəyi bir o qədər parlaq olar.

-Elvin,  qəbul imtahanında maksimum nəticə göstərməzdən əvvəl hansı uğurlara imza atmısınız?

9-cu sinifdə “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”-də II yerə layiq görülmüşəm. 10-cu sinifdən etibarən uğurlarım artmağa başlayıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Əlaçı” televiziya verilişinin 2 dəfə qalibi, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı və Nərimanov rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən “Şanlı tarix” müsabiqəsində isə II yerə sahib olmuşam. Həmçinin, “Ölkəmizi tanıyaq” layihəsi üzrə “Nə? Harada? Nə zaman? ” intellektual oyununda da I yerə layiq görülmüşəm. Məncə, ən böyük uğurum isə 13 may tarixindəki qəbul imtahanında göstərdiyim nəticədir.

- 700 bal toplamağı hədəfləməyinizə səbəb məşhurluq sevdası ola bilərmi?

- Şöhrəti çox sevən biri deyiləm. Sevinci də içimdə yaşayıram və insanlara sevincimi biruzə vermirəm. Çəkdiyim əziyyətin bəhrəsini görmək mənə zövq verir. Çox əziyyət çəkdiyimi bilirdim və istəyirdim ki, 700 bal toplayım. Şükürlər olsun ki, bu, mənə nəsib oldu.

- Abituriyent olanda dərslərin çoxluğu ilə əlaqədar özünüzü sosial həyatdan təcrid etmisiniz?

- Xeyr! Abituriyent olanda sosial şəbəkələrdən  istifadə edirdim. Futbola baxırdım, kompüter oyunları oynayır və dostlarımla əylənirdim. Ancaq yenə də dərsə ayırdığım saatlar daha çox olub. Dərs oxumaq  üçün həsr etdiyim zamanda  da, yalnız dərsi fikirləşmişəm.

- Bəs, Elvin, sizin üçün əyləncə nədir?

- İntellektual oyunlar oynamaq və dostlarımla açıq havada gəzmək.

- III ixtisas qrupu üzrə hazırlaşmısınız və tarix kitablarında bir sıra hökmdarların, dövlət başçıları, siyasətçilər və onların fəaliyyəti  ilə yaxından tanış olmusunuz. Ən çox bəyəndiyiniz siyasətçi kim olub?

- Məncə, Azərbaycan tarixində ən böyük siyasətçi Heydər Əliyevdir. Dahi və unudulmaz şəxsiyyətin siyasəti nəticəsində Azərbaycan dünyanın ən yaxşı ölkələridən birinə çevrilib.

1969-1982-ci illərdə gördüyü işlər, 1993-cü ildə xalqımızı tək buraxmaması, heç nədən çəkinməməsi Heydər Əliyevin dünya liderləri içərisində, bəlkə də ən birinci sırada gəlməsinin səbəblərindəndir.

Dünya siyasətində isə Çörçil, Ruzvelt kimi şəxsiyyətlər də ən sevdiyim siyasətçilər siyahısındadır.

- Bəs keçmişə nəzər salsaq, onda necə ?

- Uzun Həsən, Şah İsmayıl Xətai,  I Təhmasib və Şah Abbas kimi dahi hökmdarların adlarını çəkə bilərəm.

- Hazırki liderlərdən kimləri bəyənirsiniz?

- Ölkə prezidenti cənab İlham Əliyev uğurlu siyasət yürüdərək, Heydər Əliyev siyasi kursunu  davam etdirir.

Dünyada isə Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin, Donald Tramp kimi siyasətçilər də uğurlu siyasət yürüdürlər.

Rəcəb Tayyib Ərdoğanın sözünün üstündə durması və özünü ifadəetmə bacarığı onu siyasətçi kimi mənə çox sevdirib.

- Elvin, İsmayıl Şıxlının “Dəli Kür” romanında Cahandar ağa obrazını necə qiymətləndirirsiniz?

- Cahandar ağa elə bilirdi ki, doğru iş görür. Ancaq başqasından tələb etdiyi namusun timsalı ola bilmir. Digərlərində səhv tutduğu hərəkətləri Cahandar ağa özü də edirdi. Bunu sonda anlayır, ancaq gec olur. Çünki oğlu Şamxal və həyat yoldaşı onu tərk edir və qızı ondan inciyir. Mənim üçün Cahandar ağa bəzi hərəkətlərinə görə doğru obraz olsa da, yanlış hərəkətləri də çox olub.

- Buna rəğmən, ona xüsusi rəğbət bəsləyirdinizmi?

- Əlbəttə, ailəsini tək buraxmaması, kişi kimi sözünü hər kəsin üzünə deməsi və bu kimi digər faktorlar Cahandar ağanı Azərbaycan ədəbiyyatında unudulmaz obrazlardan birinə çevirib.

- Ədəbiyyatımızda daha hansı unudulmaz obrazların adını çəkə bilərsiniz?

- Azərbaycan ədəbiyyatında unudulmaz əsərlərdən biri İlyas Əfəndiyevin 1980-ci ildə yazdığı “Xurşidbanu Natavan” pyesi olub. Natavanın qadın olmasına baxmayaraq, canişinlə söhbətləri, öz torpaqlarına sahiblik etməsi qadında az tapılan keyfiyyətlərdən biridir. Mənim üçün Azərbaycan ədəbiyyatında ən dəyərli obrazlardan biri, məhz Xurşidbanu Natavan obrazıdır.

- Danışıq qabiliyyətiniz kifayət qədər yaxşıdır. Bunu nəyə borclusunuz?

- Çox mütaliə etmək, kitab oxumaq lazımdır. Bunun nəticəsində insanda natiqlik keyfiyyəti formalaşır.

-Danışıq qabiliyyəti ilə sizi heyran qoyan natiq varmı?

- Azərbaycan tarixində natiqlərimiz çox olub. Siyasətçilərin özləri də mükəmməl natiq olmalıdırlar. Keçmiş dövrdə Nizami Gəncəvi kimi natiqlərin adını çəkə bilərəm. Natiqliq dedikdə, yalnız insanlar qarşısında çıxış etmək nəzərdə tutulmur. Fikrini insanlara düzgün çatdırmaq, dediyin sözlərlə onlara təsir etmək və sözlərinin yaxşı təssürat oyatması natiqliyin əsəs kriteriyalarıdır.

- İncəsənətlə aranız necədir?

- Rəssamlıq və  musiqi ilə maraqlanıram. Ən çox musiqi dinləməyi sevirəm. Abituriyentlik dövründə  incəsənətə çox da vaxt ayırmaq olmur. Çünki maraqlandıqca görürsən ki, dərsə marağın azalır. Ancaq musiqiyə və rəssamlığa həmişə diqqət yetirmişəm.

- Hansı musiqiçiləri daha çox bəyənirsiniz?

- Üzeyir Hacıbəyov, Qara Qarayev, Tofiq Quliyev kimi bəstəkarlarımız olub. Üzeyir Hacıbəyovun əsərləri bu gün  hələ də yaşayır. Müslüm Maqomayevin də adını çəkməsəm olmaz.

- Elvin, qəbul imtahanlarına  “robotvari” rejimlə hazırlaşmısınız?

- Robotlaşdırılmış rejimdə dərs oxumaq düzgün deyil. Çünki insan istirahət etməli və sonra dərs oxumalıdır. Hər gün 21:00-a qədər dərslərimi bitirirdim.

(Söhbətin bu yerində Elvin Kərimovun anası Sevinc Kərimova yerdən bildirir ki, Elvin gecə saat 02:00-a qədər dərs oxuyub)

Çünki axşam saatlarında yorulmağa başlayırdım. İstirahətə və dərsə ayırdığım saatları bölüşdürmüşdüm. Sistemli oxumaq sayəsində də bu uğuru qazandım.

- Elvin, məlumdur ki, abituriyentin uğur qazanıb-qazanmamasında valideyn faktoru da böyük rol oynayır. Bu baxımdan, valideynlərə nə söyləmək istərsiniz?

-Valideynlərə onu demək istərdim ki, şagirdlərə çox təzyiq etməsinlər. Çünki şagirdi  rahat buraxdıqda, o, daha yaxşı nəticə göstərir və özünə güvəni artır. Valideynlər öz övladlarına güvənmirlər, onları danlayırlar. Əsl şəxsi keyfiyyətin formalaşması üçün birinci sənə güvənən insanlar olmalıdır. Bu da sənin valideynlərindir. Ailəm mənə güvənirdi deyə, mən də özgüvən formalaşmışdı və maksimal bal toplayacağıma əmin idim.

- Hazırda Bakı məktəblərində dərslər kurikulum əsasında keçirilir. Sizcə, ənənəvi sistem şəxsiyyətin formalaşdırılmasında uğurlu hesab oluna bilər?

- Ənənəvi sistem əsasında 700 bal toplayan tələbələrimizin sayı çoxdur. Bu təhsil sistemi də uğurlu idi. Ancaq kurikulum insanı azad fikrə yönəldir. Ənənəvi təhsil sistemi ilə təhsil alan şagirdlər daha çox çəkingən olurlar. Kurikulumda sistemində isə debatların təşkili, uşaqlar arasında müzakirələrin aparılması onların fikrini, məntiqi təfəkkürünü inkişaf etdirir. Bu da çox yaxşı amillərdən biridir.

- 700 bal toplamasaydınız, ikinci imtahanı verməyi düşünürdünüz?

- Bəli. Bu, Dövlət İmtahan Mərkəzinin bizə yaratdığı şansdır. Ola bilərdi ki, bütün sualları bilərdim və maksimal nəticə göstərərdim. Ancaq ilk imtahanda bu balı toplamağı çox istəyirdim. Çünki istirahətə daha çox vaxt ayırmağı planlaşdırırdım. Şükürlər olsun ki, istəyimə nail oldum.

-Qəbul imtahanlarında test üsulunun tətbiqini necə qiymətləndirirsiniz? Sizcə, bu üsul abituriyentlərin biliyini düzgün qiymətləndirməyə imkan verirmi?

-Bəzi insanlar test üsulunun əzbərçiliyə səbəb olduğunu deyirlər. Mən isə belə düşünmürəm. Bildiyimiz kimi, hər sual üzrə beş  variant təqdim edilir, biz isə yalnız bir düzgün variantı seçməliyik. Nə qədər şanslı olasan ki, 125 sualın hər birini şans naminə düzgün cavablandırasan! Yüksək nəticə əldə etmək üçün əziyyət çəkmək lazımdır. Dünya təhsil sistemində də test üsulundan istifadə olunur. Düşünürəm ki, bu sistem özünü doğrultmasaydı, dünya miqyasında istifadə olunmazdı.

- Elvin, hansı universitetdə təhsil almağı düşünürsünüz?

- Hələki, qərar verməmişəm. Bunu ailəm və müəllimlərim ilə məsləhətləşdikdən sonra dəqiqləşdirəcəm. Amma ixtisas baxımından soruşsanız, hüquqşünas olmaq istəyirəm. İnşallah, bu ixtisas üzrə məzun olub Azərbaycan üçün layiqli vətəndaş olacam.

- Ümumiyyətlə, hüquq sahəsində bilikləriniz nə qədərdir? Azərbaycanda hüququn vəziyyətini necə qiymətləndirirsiniz?

- Əlbəttə ki, Azərbaycanda hüququn səviyyəsi yaxşıdır. Lakin düşünürəm ki, bundan da yaxşı ola bilər. Hüquq sahəsi ilə çox da maraqlanmamışam. Əsasən, dərslərimə vaxt ayırmışam. Azərbaycanda isə, bildiyim qədər, işinin peşəkarı olan hüquqşünaslar kifayət qədərdir. Bu sahədə novatorluq edib iz qoymaq istəyirəm.

- Qeyd etdiniz ki, Azərbaycanda hüququn vəziyyətini daha da yaxşılaşdırmaq mümkündür. Sizcə, bu sahədə tam olaraq hansı boşluqlar var? Məsələn, sizin bu illər ərzində hansı hüquqlarınız pozulub?

- Çox sağ olsun, oxuduğum 45 saylı tam orta məktəb, mənim hüquqlarımı heç vaxt pozmayıb. Ümumiyyətlə, indiyə kimi özümlə bağlı heç bir hüquq pozuntusu ilə rastlaşmamışam. Çünki, III qrupa hazırlaşdığım üçün Konstitusiyanı – öz hüquqlarımı yaxşı bilirəm. Yəni, belə bir halın baş verməsinə özüm də mane olardım.

- Hüququn hansı sahəsinə yönəlmək fikriniz var? Məsələn, cinayət hüququ sahəsində çalışmaq istərdinizmi?

- Bir ara “Cinayət Məcəlləsi” ilə ciddi maraqlandığım üçün Cinayət hüququ mənə olduqca maraqlı gəlirdi. Lakin bu gün hüququn Beynəlxalq və dəniz hüququ kimi istiqamətləri mövcuddur. Yəqin ki, mən də yeni istiqamətlərdən biri üzrə ixtisaslaşaram.

- Hansı dedektiv əsərlər və filmlər haqda məlumatlısınız?

- Fikrimcə, dedektiv janrının ən gözəl nümunələri dünyaca məşhur Aqata Kristiyə məxsusdur. Təəssüf ki, hələ əsərlərinin hamısı ilə tanış deyiləm. Bu janr üzrə Azərbaycandan Elxan Elatlı, Çingiz Abdullayevin adını çəkə bilərəm. Açığı, dedektiv filmlər bir o qədər diqqətimi çəkmir, amma Azərbaycan kino tarixinə nəzər saldıqda “Arxadan vurulan zərbə”, “Qanun naminə” filmlərini dedektiv baxımdan yüksək qiymətləndirirəm. Qeyd edim ki, “Qanun naminə” filminin qəhrəmanı Mehman məndə hüquqa böyük maraq oyadıb.

- Bildiyimiz kimi, özəl ali təhsil müəssisələri hüquqşünas kadrlar hazırlamır. Sizcə, bu, təhsildə monopoliyaya səbəb ola bilərmi?

- Özəl universitetlərdə də hüquqşünaslıq ixtisasının açılması çox yaxşı olardı. Bununla daha çox uşaq bu sahəyə yönələr və ixtisaslaşardı. Hüquq fakültəsinin keçid balı çox yüksəkdir. Bəzən, gələcəyin ən yaxşı hüquqşünasları potensialına malik olan şagirdlər hansısa fəndən zəif olduqları üçün aşağı bal toplayırlar. Nəticədə, təəssüf ki, hüquq sahəsindən kənarda qalırlar. Hesab edirəm ki, özəl ali təhsil ocaqlarında hüquq fakültəsinin açılması bu problemin həlli ola bilər.

- Belə bir seçim şansı olsaydı, hansı özəl universiteti seçərdiniz?

- Seçim üçün, sözsüz, Xəzər Universiteti ilə ciddi maraqlanardım.  Ümumiyyətlə , hazırda bu ixtisası tədris edən ali məktəblərlə qiyabi tanış olacam. Hansı universitetin təhsili məni qane edərsə, onu da seçecəm.

- Niyə məhz hüquq... ?

- Bu sahəyə böyük marağım var. Əgər hüquq diqqətimi çəkməsəydi, III ixtisas qrupunu seçməzdim. Hazırda 9-cu sinifdən etibarən şagirdlər ixtisas qruplarını müəyyənləşdirirlər. Mən ya II, ya da III ixtisas qrupunu seçəcəkdim. II qrup iqtisadçı yetişdirdiyə görə, mən o sahəyə yönəlmədim. Bu daha prestijli olsa belə, insanın sevdiyi sahə üzrə ixtisaslaşması lazımdır. Çünki, insan yalnız sevdiyi sahədə özünü tapır və həmin sahənin inkişafına töhvə verir.

- Düşünmürsünüz ki, insan seçim edərdək, adətən, özünün və ya yaxınlarının ehtiyaclarını nəzərə alır...?

- Xeyr, mənim hüquqlarım daim qorunub. Sadəcə, hüquq  pozuntularının sıfıra enməsini istəyərəm. Əlbəttə ki, heç bir ölkədə bütün sahələr maksimum şəkildə inkişaf etməyib və qanunsuzluq  yox səviyyəsində deyil. Ancaq bunu sıfır səviyyəsinə endirmək yaxşı olardı.

- Bunu Azərbaycan üçün mümkün hesab edirsiz?

- Həyatda heç bir şey mümkünsüz deyil. İstək olduqdan sonra, istənilən bir şeyi reallaşdırmaq olar.

- Bir az da Azərbaycan təhsil sistemindəki boşluqlardan danışaq...

- Respublika fənn olimpiadalarının mükafatlandırma mərasimində təhsil naziri Ceyhun Bayramov vurğuladı ki, olimpiada qalibləri qalib olduqları fənnin suallarından, beynəlxalq olimpiadaya qatılanlar isə, ümumiyyətlə, qəbul imtahanından azad olunub  istədikləri ixtisası seçə biləcəklər. Vəzifəsinin icrasına yeni başlayan Ceyhun Bayramov ilkin olaraq belə addım atırsa, məncə gələcəkdə daha uğurlu işlərə imza atacaq. Ümid edirəm, yeni nazirimiz təhsildəki bütün boşluqları aradan qaldıracaq.

- Elvin, gələcək kariyeranızı Azərbaycanda, yoxsa hansısa xarici ölkədə qurmağı düşünürsünüz?

- Bakalavr pilləsini Azərbaycanda başa vurub, magistraturanı xaricdə oxumaq istəyirəm. Amma bu pilləni xaricdə oxusam belə, Azərbaycana qayıdıb, öz vətənimdə müəyyən sahələrin inkişafına töhvə vermək istəyərdim. Bir halda ki məni Azərbaycan yetişdirib, niyə də əlimdən gələn hər şeyi Azərbaycan üçün xərcləməyim?

- 700 bal toplamısınız, üstəlik, bu qədər uğurlara imza atmısınız. Gələcək iş həyatınızda minimum nə qədər əməkhaqqı sizi qane edər?

- Məncə, bu, sonranın işidir. Əgər hansısa işə məvacibi düşünərək başlayırsansa, uğurlu kadr ola bilməzsən.

- Lakin reallıq budur ki, ixtisas seçimində məvacibin ciddi rolu var. Daha çox prestijli, yüksək maaş vəd edən sahələrə üstünlük verilir. Məsələn, 700 bal toplayan heç bir abituriyent müəllimlik ixtisasını seçməyib...

- .....

- İndi isə, gələcək planlarınız barədə danışaq...

- Gələcək planlarımda tarixə xüsusi yer ayırmışam. Tarixi oxumaqdan heç vaxt əl çəkməyəcəm. Bu istiqamətdə hansısa mövzu üzrə elmi iş müdafiə etmək istəyirəm. Elm və təhsil istiqamətində hələlik əsas planım budur.

- Bildiyiniz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunub...

- Bəli, Azərbaycan Xalq Cümhuriyyəti bizim dövlətçiliyimizin bünövrəsini təşkil edir. Bu il də Cümhuriyyətin 100 illiyi, əminəm ki, dövlət tərəfindən mükəmməl təşkil ediləcək.

- Cümhuriyyətlə bağlı tədbirlər, konfranslar  bir müddət sonra, yəqin ki, unudulub gedəcək. Siz bir gənc kimi AXC-nin 100 illiyinin uzun illər yadda qalması üçün nə təklif edərdiniz?

- Məncə, məktəblərdə 28 mayla bağlı əlavə, qısa dərs saatları ayrılmalı, seminar və təlimlər təşkil edilməlidir. Cümhuriyyəti unutmaq olmaz! Ali Baş Komandanımız cənab İlham Əliyevin AXC ilə bağlı sərəncam imzalaması və xüsusi diqqəti hər kəsi bu dövrü dərindən araşdırmağa sövq edir. Düşünürəm, azərbaycanlıların  90 faizi Cümhuriyyət barədə məlumatlıdır...

Nəzrin Rüstəmova
Nəzrin Cavid