XƏBƏRLƏR

16.05.2018 15:24
Tələbə magistratura imtahanında əsasən hansı fənlə bağlı çətinliklə qarşılaşır? – SƏBƏB

"Magistratura pilləsinin ikinci mərhələsində 56 proqram üzrə imtahan keçirilsə də, Dövlət İmtahan Mərkəzi (DİM) bu proqramlar üzrə konkret vəsait çap eləmir, tələbələr əziyyət çəkirlər və 4 il müddətində keçdikləri bütün kitabları oxumağa məcbur olurlar”.

AzEdu.az xəbər verir ki, bu sözləri Xeberle.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib. Onun sözlərinə görə, DİM-dən bir proqram üçün 15-20 ədəbiyyat yazılsa da, suallar 1-2 kitabdan salınır:

"Magistraturaya qəbul imtahanı iki mərhələdə keçirilir. DİM birinci mərhələ ilə bağlı (məntiq, informatika və xarici dil) vəsaitlər buraxıb. Amma maraqlı tərəfi budur ki, məntiqlə bağlı vəsait buraxılsa da, qəbul imtahanında kitabçaya uyğun test tapşırıqlarından istifadə olunmur. Daha çətin, daha fərqli test tapşırıqları verilir. Magistraturanın ikinci pilləsi ilə bağlı, yəni ixtisaslar üzrə test materialları hazırlanmayıb. Magistr jurnalının ikinci sayında ümumi proqramlar haqqında məlumat verilir və vəsaitlər göstərilir. Bu bilirsiniz nəyə bənzəyir? Universitetdə mühazirə yazdıran müəllim əslində bir kitabdan oxuya biləcəyin mövzu üçün beş-altı kitab yazdırır. DİM-in jurnalında bir proqram üçün 15-20 ədəbiyyat yazılsa da, suallar 1-2 kitabdan salınır”.

Təhsil eksperti bildirib ki, ən əsas problem magistraturanın birinci mərhələsinin düzgün keçirilməməsidir:

"Bu pillədə məntiq, informatika və xarici dil üzrə imtahan keçirilsə də, onların heç biri universitetdə dərs kimi tədris olunmur. Bu o deməkdir ki, DİM tələbələri repetitor yanına, hazırlıq kurslarına yönləndirir. Əlbəttə ki, bu da ödənişli xidmətdir. Bəli, universitetlərdə məntiq dərsi keçirilir. Amma bir semestr və ümumi dünyagörüşü səviyyəsində tədris olunur. Magistratura imtahanındakı isə riyazi məntiqdir. Bu eynilə informatika fənninə də aiddir. Testlərə proqramçı səviyyəsində informatika sualları salırlar. Texniki, dəqiq sahələr üzrə imtahan verənlər onu yaxşı cavablandıra bilirlər. Lakin humanitar sahə üzrə imtahan verənlər əziyyət çəkirlər. Gələcəkdə bu şəxslərin təhsil fəaliyyətində məntiq və informatikanın proqramçı, akademik səviyyədə öyrənilməsi fayda verməyəcəksə, birinci mərhələdə o fənlər olmamalıdır. Magistr gələcəyin elm adamıdır. Onu yalnız ixtisası və xarici dil üzrə yoxlamaq lazımdır. Məntiq onun nəyinə lazımdır?! Biz istəyirik ki, kimsə bakalavrı bitirib magistratura pilləsinə ixtisası üzrə mükəmməl kadr olaraq qəbul olunsun. Universitetlərdə kadr hazırlamaq üçün əziyyət çəkmək istəmirlər. Əslində onlar universitetdə öyrənilməli məlumatları universitetə qəbul olana qədər bilmiş olurlar. Universitetin tarix fakültəsinə qəbul olanlardan müəllim qədər tarixi bilmək tələb olunur. Bu, düzgün deyil”.