Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-30 12:11:00
Dünya alimləri AMEA-nın I vitse-prezidenti ilə buna görə hesablaşırlar – İbrahim Quliyevin portreti

AMEA-nın Reyasət Heyətinin ilin son yekunlarına həsr olunan iclasında Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti vəzifəsi təsis edilib. Birinci vitse-prezident  Sosial və İctimai elmlər, Təbiət və Dəqiq elmlər olmaqla iki istiqamətdə təsis edilib.

Neft və Qaz İnstitutunun direktoru,  geologiya-mineralogiya üzrə elmlər doktoru İbrahim Quliyev ANEA-nın Təbiət və Dəqiq elmlər bölməsinin birinci vitse-prezidenti seçilib.

AzEdu.az İbrahim Quliyevin elm və təhsil yolunu təqdim edir.

İbrahim Quliyev 23 may 1947-ci ildə Qırğızıstanın Bazar-Kurqan kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini bitirib.

Elmə həsr olunan həyat

Əmək fəaliyyətinə 1970-ci ildə başlayan İbrahim Quliyev AMEA-nın Geologiya İnstitutunda böyük laborant, mühəndis, kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləyib. O, Geologiya İnstitutunda elmi işlər üzrə direktor müavini, həmçinin AMEA-nın vitse-prezidenti vəzifələrində çalışıb.

İbrahim Quliyev 1978-ci ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1989-cu ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini, 1999-cu ildə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

Gərgin əmək fəaliyyəti

İbrahim Quliyev təbii qazların geologiyası və geokimyası, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində tanınan alimlərdəndir. Onun rəhbərliyi və iştirakı ilə qırışıq zonaların qaz rejiminin öyrənilməsi üçün orijinal tədqiqatlar aparılmış və karbon tərkibli qazın çıxma həcmi kəmiyyətcə dəyərləndirilərək atmosferin aşağı qatlarında paylanması öyrənib. O, AMEA Geologiya və Almaniyanın Təbii Resurslar institutlarından olan həmkarları ilə birlikdə dünyada ilk dəfə Azərbaycan palçıq vulkanlarından qazın çıxmasının monitorinqinin elmi-texnoloji prinsipləri şərh etmiş və uzunmüddətli monitorinq aparılmasını təşkil etmişdir. Bu tədqiqatların nəticəsində yer qazlarının həcmində kosmik və geoloji faktorlardan asılı olan periodik dəyişmələrin olduğu göstərilib. Bu elmi tədqiqatlar “greenhouse effecti” mexanizminin öyrənilməsində əsas rol oynayır. İbrahim Quliyev həmkarları ilə birlikdə palçıq vulkanlarının püskürmə məhsullarının, süxurların, neftin, qazın və suyun izotop-geokimyəvi tərkibinin öyrənilməsi üçün ilk dəfə olaraq klassik tədqiqatlar aparmış, palçıq vulkanizminin ən güclü və böyük paroksizmlərin müfəssəl surətdə şərh edilən püskürmə kataloqunu tərtib edib. Bu tədqiqatlar çöküntü süxurlarının spontan (öz-özünə əmələ gələn) həyəcanlanması və sıxlıq azalmasının modelini vermiş və seysmik məlumatlar əsasında Cənubi Xəzər hövzəsində böyük dərinlikdə sıxlıq azalma zonasının olduğunu göstərib.

Mövcud məlumatların nəzəri tədqiqatı əsasında palçıq vulkanının beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edilən orijinal fiziki-kimyəvi modeli hazırlanıb. Xəzər dənizində subdəniz palçıq vulkanlarının, palçıq vulkanı qaz-hidratlarının tapılması və geoloji-geokimyəvi öyrənilməsinin dünya prioriteti İ.S.Quliyevə və onun AMEA Geologiya və VNİİ Okeanologiya (Rusiya) institutlarından olan həmkarlarına məxsusdur.

Quliyevin önəmli praktik əhəmiyyəti olan tədqiqatlarından biri də Cənubi Xəzər hövzəsi timsalında sürətlə çökən hövzələrin karbohidrogen sistemlərinin öyrənilməsidir. Sürətlə çökmə şərti daxilində karbohidrogenlərin əmələgəlmə, miqrasiya və yığılma surətlərinin və miqyasını öyrənmək üçün orijinal tədqiqatlar aparılmış; hövzə modelləməsi, geokimyəvi və izotop tədqiqatları əsasında Cənubi-Xəzər hövzəsində karbohidrogenlərin əmələgəlmə və toplanmasının limit dərinlikləri və geniş dərinlik intervalı (16–18 km qədər) müəyyənləşdirilib.

Bu tədqiqatlar Azərbaycanda karbohidrogen yataqları axtarışının effektivliyinin artırılmasına və quruda və dənizdə yeni neft-qaz yataqlarının tapılmasına köməklik edib. Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neftqazlılığının öyrənilməsi üzrə silsilə işlərə görə (bir qrup alimlərlə) 2010-cu ildə müstəqil Azərbaycan Respublikasının ilk Dövlət mükafatı laureatı adına layiq görülüb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları