Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-29 09:24:00
“Məkansız və zamansız Nəsimi” və “Risalə”

AMEA Milli Azərbaycan  Ədəbiyyatı Muzeyində “Risalə” elmi  araşdırmalar jurnalının növbəti nömrələrinin təqdimat mərasimi keçirilib.

Tədbir çərçivəsində, həmçinin muzeyin direktoru, akademik Rafael Hüseynovun “Məkansız və zamansız Nəsimi” kitabı da ictimaiyyətə təqdim edilib.

R.Hüseynov 2019-cu ilin ölkəmizin tarixində bir sıra əlamətdar hadisələrlə yadda qaldığını söyləyib.

Bu ilin Azərbaycanda “Nəsimi ili” elan olunduğunu xatırladan akademik  dahi mütəfəkkirin 650 illik yubileyi ilə bağlı ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlərin keçirildiyini, şairin zəngin irsi, fəlsəfi poeziyası, ustad sənətkarlığı haqqında dəyərli əsərlərin nəşr olunduğunu bildirib.

R.Hüseynov qeyd edib ki, Ədəbiyyat Muzeyi də “Nəsimi ili”nə öz töhfələrini verib. Belə ki, bir çox jurnal və elmi nəşrlərdə muzeyin əməkdaşlarının dahi mütəfəkkir Nəsimi ilə bağlı məqalələri dərc edilib. Bu məqalələr təkcə Azərbaycan, türk, rus, ingilis, ispan dillərində deyil, həmçinin müxtəlif dillərdə nəşr olunub. Eyni zamanda, muzey tərəfindən Nəsimiyə həsr olunan təqvim, plakat buraxılıb.

Alim vurğulayıb ki, Nəsimi taleyini və dühasını dünya ictimaiyyətinə çatdıran belə qiymətli əsərlərindən biri də “Məkansız və zamansız Nəsimi” kitabıdır. O qeyd edib ki, dörd dildə - Azərbaycan, rus, ingilis və türk dillərində çap olunan bu nəşr təkcə ölkə miqyasında deyil, dünya elmi hüdudlarında artmaqda olan nəsimişünaslığa əvəzsiz töhfədir.

Ədəbiyyat Muzeyinin “Risalə” elmi araşdırmalar jurnalının çapdan çıxan yeni nömrələri barədə də məlumat verən R.Hüseynov bildirib ki, Azərbaycan, eləcə də Yaxın və Orta Şərq xalqları ədəbiyyatının müxtəlif mövzu və məsələlərinə dair tədqiqatların yer aldığı jurnalda muzey əməkdaşlarının, gənc alim, tədqiqatçıların ən müxtəlif elmi mövzulara dair əsərləri elmi ictimaiyyətə təqdim olunur. Məqalə müəllifləri arasında elmlər doktorları, fəlsəfə doktorları, dissertasiya müdafiəsinə hazırlaşan gənc tədqiqatçılar var.

Akademik R.Hüseynov humanitar elmlərin tədqiqi üzrə dəyərli mənbələrdən hesab olunan “Risalə” jurnalının artıq beynəlxalq standart seriya nömrəsi ilə çap olunduğunu və Amerikanın “EBSCO” beynəlxalq elektron məlumat bazasına daxil edildiyini deyib.