Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-16 10:56:42
Müəllimlər qəbul suallarından danışdılar: “Gözləntilərimiz doğrulmadı”

Xəbər verdiyimiz kimi, 13 mayda Dövlət İmtahan Mərkəzi 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılıb. İmtahandan sonra bəzi abituriyentlər bir sıra fənlər üzrə sualların çətinliyi ilə bağlı narazılıq ediblər.

AzEdu.az məsələni dəqiqləşdirmək üçün coğrafiya müəllimləri ilə əlaqə saxlayıb. Qeyd edək ki, coğrafiya II imtahan qrupu üzrə əsas fənlərdən sayılır:

Coğrafiya fənnini tədris edən, bu sahədə bir çox tələbə və olimpiada qalibləri yetişdirən Tural Topçuyev qəbul sualları barəsində bunları deyib:

“Coğrafiyada heç bir mübahisəli suallar yox idi. Bütün suallar normal standartlara uyğun gəlirdi. Sadəcə, suallar gözləntilərimizi doğrultmadı, çünki sınaqlarda düşən suallara uyğun deyildi. Sadəcə, bir sual var idi ki, indiyə qədər heç bir testdə o cür düşməyib. Lakin onu da mübahisəli saymaq olmaz, çünki o nümunələr indiyə qədər testə düşməsə də, kitabda o haqda məlumatlar çoxdur. Əsasən isə həmişəki kimi riyazi hissələrdə çətinlik çəkiblər. Ümumi göstəricini isə orta qiymətləndirirəm”.

Digər coğrafiya müəllimi Elşən Zeynalov isə abituriyentlərin ən çox çətinlik çəkdiyi suallardan bəhs edib:

“Mübahisəli sual yox idi, konkret suallar salmışdılar, hamısı normal səviyyədə. Abituriyentlər əsasən duzluluq məsələlərində və türk dünyasına aid olan suallarda çətinlik çəkiblər. Bir çox hazırlaşan şagirdlər hazırlaşdıqları repetitor yanında türk dünyası coğrafiyasına hələ çatmayıblar. Məsələ də texniki mövzu olduğundan məntiqi tuta bilməyən şagirdlər çox olub. Nəticədə əksəriyyət səhv cavablayıb.
Əslində, o məsələ də çox çətin deyil. Riyazi biliyi yaxşı olan şagirdlər həll ediblər, ancaq zəif olanlar çətinlik çəkiblər”.