Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-24 15:03:00
Qəbul qaydalarında dəyişiklik, nazirdən vacib mesajlar – Həftənin təhsil icmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Ötən həftə Nazirlər Kabinetinin rezidenturaya qəbul qaydalarında dəyişiklik etməsi ilə yadda qaldı

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişiklik Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən edilib.

 Ötən həftədə həm də növbəti ildən doktoranturaya qəbulun yeni əsasla həyata keçirilməsi məsələsinə də toxunuldu.

 "Növbəti ildən doktoranturaya qəbul yeni əsasla həyata keçiriləcək".

Bunu Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, əsas dəyişiklik beynəlxalq səviyyədə qəbul olunmuş imtahanların və yaxud da mərkəzləşmiş formada xarici dil imtahanının nəticəsinin ilkin mərhələdə nəzərə alınmasıdır: "Hesab edirik ki, XXI əsrdə ciddi doktorantura təhsilindən danışırıqsa, mütləq şəkildə gənc tədqiqatçıların beynəlxalq, qlobal dillərdən hansısa birini peşəkar formada bilməsi vacib və zəruri şərt kimi ortaya qoyulmalıdır. Bu, artıq zamanı yetişmiş qərar idi. Düşünürəm ki, bu qərarın da müsbət nəticələrini yaxın illərdə qəbul olunmuş tələbələr vasitəsilə görəcəyik".

Ötən həftə həm də Məleykə Abbaszadənin peşəkar kadr çatışmazlığından gileylənməsi ilə də yadda qaldı

Situasiya tipli tapşırıqların yoxlanılması üçün peşəkar kadr çatışmazlığı var.

Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin "Yeni imtahan modeli:islahatlar, nəticələr və gözləntilər" mövzulu hesabat tədbirində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib.

Bildirilib ki, humanitar istiqamətli ixtisas qruplarında abituriyentlər, adətən, mətn tipli tapşırıqları cavablamaqdan imtina edirlər

  İlham Əliyev institut direktorunu təltif etdi

Prezident İlham Əliyev Vaqif Fərzəliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Vaqif Məcid oğlu Fərzəliyev “Şərəf” ordeni ilə təltif edilib.

18 məktəb direktorunun əmək müqaviləsi ləğv edilib

“Bu il 18 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib”.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib. Onun sözlərinə görə, 26 nəfər isə direktor vəzifəsinə işə qəbul olunub:

“BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2019-cu il ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul edilib. 13 direktorun iş yeri dəyişdirilib. 111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb”.

Ərazisi bələdiyyə tərəfidən satılan universitet

Ötən günlərdə Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Lənkəran şəhərinə iki günlük səfər edib. Səfər çərçivəsində Şura üzvləri  Təhsil şöbəsinin işçiləri, Lənkəran Dövlət Universiteti və məktəb kollektivi ilə görüşlər keçirilib.

Səfər təəssüratları və nəticələr barədə  AzEdu.az-a danışan İctima Şuranın məsul katibi İlqar Orucov bu səfəri “Fəaliyyət Planı”-na daxil olan işlərin davamı olaraq qeyd edib.O, bildirib  ki, səfər Lənkəranda bütövlükdə təhsil mövqeyini öyrənmək, onu qiymətləndirmək,təhsil ictimaiyyətini narahat edən məsələləri gündəmə gətirmək və nəhayət baş verən problemləri Təhsil Nazirliyinə çatdırmaq məqsədi daşıyırdı.

İ.Orucov yerli məmurların təhsil ocağına, LDU-ya olan münasibətini təəssüflə vurğulayıb.

“ Bir məqamı təəssüflə qeyd etmək istəyirəm. LDU-nun 3 saylı tədris korpusunun yerləşdiyi ərazi bələdiyyə tərəfindən satılıb və iş hazırda məhkəmədədir.  Xaricdə məmurlar universitetlərə dəstək olduğu halda, bizim yerli məmurlarımızın tələbələrin praktika keçdiyi universitet ərazisinə göz dikməsi çox təəssüfedici haldır. Bələdiyyə təsisatları mövcud olan ölkələrdə bələdiyyələr universitetə, məktəbə və bütövlükdə təhsilə dəstək verdikləri halda, təəssüf ki, bizim bələdiyyələr universitetlərin ərazilərini satmaqla məşğuldurlar. Digər təssüfləndirici hal isə universitetin ərazisini alan şəxsin Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini olmasıdır. Cənub regionunun ali təhsil müəsissəsinə, təhsil ocağına  belə mənfi münasibəti çox təəssüf doğurur. Biz universitetimizi qorumaq məqsədilə bu məsələni İctimai Şuranın iclasında qaldıracağıq və bununla  bağlı Təhsil Nazirliyinə də müraciət edəcəyik. Biz zaman-zaman təhsil müəsissələrinin ərazilərinin satılması, işbazlar tərəfindən zəbt olunması, təyinatdan kənar işlərin, tikintilərin salınması  bir ənənəyə çevrilməsinin şahidi olmuşuq. İctimai Şura olaraq  bu məsələnin axırına qədər gedəcəyik və universitetin xeyrinə həll olunmasına çalışacağıq”-deyə İ. Orucov əlavə edib.

Həftənin təhsil informasiyaları

“Bu il Bakıda 25 832 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub”

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib. Onun sözlərinə görə, BŞTİ-nin tabeliyindəki 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. O bildirib ki, həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında 25 832 uşaq məşğələlərə cəlb olunub.

 Təhsil naziri Şəkidə məktəb açılışında iştirak edib

Dekabrın 19-da Şəki şəhəri 11 nömrəli tam orta məktəbin yeni inşa olunan binasının açılış mərasimi keçirilib.

Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova iştirak edib.

Təhsil naziri Oğuz rayonu Padar kənd tam orta məktəbində yaradılan şəraitlə tanış olub

Dekabrın 19-da Təhsil naziri Ceyhun Bayramov Oğuz rayonu Padar kənd tam orta məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq olub.

 Əvvəlcə Təhsil naziri Ceyhun Bayramov və Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Fənn müsabiqəsinin qalibləri mükafatlandırıldı

Dekabrın 17-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb -liseydə V Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov, Təhsil İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, Təhsil Nazirliyi yanında İctimai Şuranin üzvləri və digər qonaqlar iştirak ediblər.

Günel Yaşarqızı
Müəllifin digər yazıları